Bataqlıqdan doğulan şəhər: 1500 ildir suyun üzərində yaşayan Venesiyanın heyrətamiz hekayəsi
Dünyada elə şəhərlər var ki, onların mövcudluğu belə insanı təəccübləndirir. İtaliyanın şimal-şərqində yerləşən Venesiya məhz belə şəhərlərdən biridir. Hər il milyonlarla turistin ziyarət etdiyi bu şəhər nəinki memarlıq gözəlliyi, həm də yaranma tarixi ilə insanları valeh edir. Çünki Venesiya adi şəhərlər kimi möhkəm torpaq üzərində deyil, suyun və bataqlığın ortasında yaradılıb.
Bu gün yüzlərlə tarixi bina, saray, kilsə və muzeyin yerləşdiyi şəhərin təməlləri minlərlə taxta dirək üzərində dayanır. Ən maraqlısı isə odur ki, həmin dirəklərin əksəriyyəti təxminən 1500 il əvvəl basdırılıb və hələ də öz funksiyasını yerinə yetirir.
Venesiya necə yarandı?
Venesiyanın yaranması Qərbi Roma imperiyasının süqutundan sonrakı qarışıq dövrə təsadüf edir. V və VI əsrlərdə Avropa ərazisində baş verən siyasi çaxnaşmalar, müharibələr və barbar tayfalarının hücumları İtaliyanın şimal hissəsində yaşayan əhalinin həyatını təhlükə altına qoymuşdu.
Hunlar, qotlar və daha sonra lombardlar bölgəyə hücum etdikcə insanlar özlərini təhlükəsiz hiss etmirdilər. Buna görə də bir çox ailələr Adriatik dənizinin sahilində yerləşən bataqlıq laqunlarına üz tutmağa başladılar.

İlk baxışda bu ərazilər yaşamaq üçün tamamilə yararsız görünürdü. Hər tərəf palçıq, bataqlıq və dayaz sulardan ibarət idi. Lakin məhz bu xüsusiyyətlər onları işğalçılar üçün əlçatmaz edirdi. Ağır silahlı qoşunlar və süvarilər bataqlıq ərazilərdə hərəkət edə bilmədikləri üçün insanlar burada özlərini daha təhlükəsiz hiss edirdilər.
Əvvəlcə sadəcə müvəqqəti sığınacaq kimi nəzərdə tutulan yaşayış məntəqələri zaman keçdikcə daimi evlərə çevrildi. Beləliklə, dünyanın ən məşhur şəhərlərindən birinin təməli qoyuldu.
Bataqlığın üzərində şəhər tikmək mümkündürmü?
Demək ki, mümkün imiş. Venesiyanın qarşısında duran ən böyük problem torpaq idi. Şəhərin yerləşdiyi ərazidə möhkəm qaya təbəqəsi yox idi. Ərazi əsasən palçıq və qumdan ibarət idi. Belə bir yerdə iri tikililər inşa etmək mümkünsüz görünürdü. Lakin venesiyalılar dövrünün ən maraqlı mühəndislik həllərindən birini tapdılar.
Onlar minlərlə ağac dirəyini bataqlıq torpağa basdırmağa başladılar. Bu dirəklər əsasən qızılağac, palıd, şam və digər möhkəm ağaclardan hazırlanırdı. Ağaclar xüsusi üsullarla daşınaraq laqunun dibinə qədər çaxılırdı.
Bəzi tarixi tikililərin altında yüz minlərlə taxta dirəyin olduğu bildirilir. Məsələn, məşhur Santa Maria della Salute kilsəsinin tikintisində bir milyondan çox taxta dirəkdən istifadə edildiyi qeyd olunur.

Bu gün bir çox insanı düşündürən sual budur: "Taxta necə olur ki, 1500 il çürümür?"
Məlumatlara əsasən, demək olar ki, taxta normal şəraitdə oksigen və mikroorqanizmlərin təsiri nəticəsində çürüyür. Lakin Venesiyada dirəklər tamamilə suyun altında qaldığı üçün oksigenlə təmas minimum səviyyədə olub. Bu isə çürümə prosesini dayandırıb.
Üstəlik, əsrlər boyu suyun tərkibindəki minerallar ağacların daxilinə nüfuz edərək onları demək olar ki, daş qədər sərt vəziyyətə gətirib.
İlk yaşayış məntəqələri yarandıqdan sonra əhali sürətlə artmağa başladı. İnsanlar adalar arasında hərəkət etmək üçün qayıqlardan istifadə edirdilər.
Zaman keçdikcə təbii su yolları genişləndirildi və dərinləşdirildi. Nəticədə Venesiyanın məşhur kanal sistemi formalaşdı.
Qeyd edim ki, bu gün şəhərdə 170-dən çox kanal mövcuddur. Kanalların üzərində 400-dən artıq körpü yerləşir. Ən məşhur kanal isə Böyük Kanal hesab olunur.
Təxminən 4 kilometr uzunluğunda olan Böyük Kanal şəhərin əsas nəqliyyat arteriyasıdır. Burada hər gün yüzlərlə qayıq, su avtobusu və qondola hərəkət edir.
Venesiyanın kənd təsərrüfatı üçün yararlı torpaqları yox idi. Şəhərin yaşaması üçün yeganə yol ticarət idi. Əlverişli coğrafi mövqeyi sayəsində Venesiya qısa müddətdə Aralıq dənizinin ən mühüm ticarət mərkəzlərindən birinə çevrildi.
Şəhərin tacirləri Bizans, Ərəb dünyası, Şimali Afrika və Asiya ilə geniş ticarət əlaqələri qurdular. İpək, ədviyyat, qızıl, gümüş və qiymətli daşlar Venesiya limanlarına gətirilir, daha sonra Avropanın müxtəlif ölkələrinə göndərilirdi.
XI-XV əsrlər arasında Venesiya faktiki olaraq müstəqil dəniz dövləti kimi fəaliyyət göstərirdi. Şəhərin öz ordusu, donanması və diplomatik nümayəndəlikləri vardı.
Ticarətə gəldikdə isə, bu şəhərə böyük sərvət qazandırdı. Bu sərvət özünü memarlıqda, incəsənətdə və mədəniyyətdə göstərməyə başladı. Şəhərdə möhtəşəm saraylar, kilsələr və ictimai binalar tikildi. Venesiya İntibah dövründə Avropanın ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrildi.
Burada rəssamlıq, musiqi, heykəltəraşlıq və kitab çapı sürətlə inkişaf edirdi. Titian, Tintoretto və Veronese kimi məşhur rəssamlar Venesiya məktəbinin nümayəndələri kimi dünya incəsənət tarixində iz qoydular. Şəhər həm də şüşə istehsalı ilə məşhur idi. Murano adasında hazırlanan şüşə məmulatları Avropanın ən qiymətli məhsullarından hesab olunurdu.
Bu gün də "Murano şüşəsi" dünyada keyfiyyət və sənətkarlıq simvolu sayılır.

Venesiyanın süqutunun səbəbləri
Heç bir imperiya əbədi olmur. Hər bir varolmuşun ömrü də bir yerə qədərdir. XV əsrin sonlarında Avropa dənizçiləri yeni okean marşrutları kəşf etməyə başladılar. Hindistana və Asiyaya Afrikanın ətrafından keçən yolların açılması Venesiyanın ticarətdəki üstünlüyünü zəiflətdi.
Bununla yanaşı, Osmanlı imperiyasının Aralıq dənizində güclənməsi də şəhərin iqtisadi maraqlarına təsir göstərdi. Ticarət gəlirlərinin azalması nəticəsində Venesiya əvvəlki qüdrətini tədricən itirməyə başladı. 1797-ci ildə isə şəhər Napoleon Bonapartın qoşunları tərəfindən işğal edildi və min ildən çox mövcud olmuş Venesiya Respublikası tarixə qovuşdu.
Bu gün isə Venesiya artıq ticarət imperiyası deyil. Şəhərin əsas gəlir mənbəyi turizmdir. Hər il 20 milyondan çox insan Venesiyanı ziyarət edir. Turistlər şəhərin dar küçələrini gəzir, qondola turlarına qatılır, tarixi meydanları və muzeyləri ziyarət edirlər. Lakin turist axınının həddindən artıq çox olması da yeni problemlər yaradıb. Yerli sakinlərin sayı ildən-ilə azalır. Bir çox evlər turistlər üçün kirayə mənzillərə çevrilib.
Nəticədə Venesiya getdikcə daha çox turist şəhərinə çevrilir.
Şəhərin qarşısındakı ən böyük təhlükə
Hazırda Venesiyanın gələcəyi ilə bağlı əsas narahatlıq iqlim dəyişiklikləridir. Dəniz səviyyəsinin yüksəlməsi şəhəri ciddi təhlükə ilə üz-üzə qoyub. Bildirmək lazımdır ki, son yüz ildə Venesiya bir neçə santimetr çökməklə yanaşı, dəniz səviyyəsinin yüksəlməsindən də təsirlənib. Bu iki proses birlikdə şəhərdə daşqınların sayını artırır. Xüsusilə qış aylarında baş verən "Acqua Alta" adlanan yüksək su hadisələri şəhərin küçələrini və meydanlarını mütəmadi olaraq su altında qoyur. 2019-cu ildə qeydə alınan daşqın son onilliklərin ən dağıdıcı hadisələrindən biri hesab edilir.
MOSE layihəsi şəhəri xilas edə biləcəkmi?
Venesiyanı qorumaq üçün İtaliya hökuməti illərlə davam edən nəhəng layihə həyata keçirib. MOSE adlanan sistem dənizlə laqun arasında yerləşən hərəkətli baryerlərdən ibarətdir. Su səviyyəsi yüksələndə baryerlər qaldırılır və şəhərə daxil olan dəniz suyunun qarşısı alınır. Layihə milyardlarla avroya başa gəlsə də, son illərdə bir sıra daşqınların qarşısının alınmasında mühüm rol oynayıb.
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə sürətlənərsə, gələcəkdə daha geniş tədbirlərə ehtiyac yaranacaq.
Tarix boyu insanlar təbiətə uyğunlaşaraq yaşamağın yollarını axtarıblar. Venesiya bunun ən möhtəşəm nümunələrindən biridir. Bataqlıq üzərində qurulan, minlərlə taxta dirək üzərində yüksələn və əsrlər boyu dünyanın ən güclü ticarət mərkəzlərindən birinə çevrilən bu şəhər insan zəhmətinin, mühəndislik bacarığının və iradəsinin simvoludur. Lakin paradoks ondadır ki, Venesiyanı yaradan su bu gün onun mövcudluğunu təhdid edir. Əgər iqlim dəyişiklikləri və dəniz səviyyəsinin yüksəlməsi davam edərsə, gələcək nəsillər bu möhtəşəm şəhəri qorumaq üçün daha böyük mübarizə aparmalı olacaqlar.
1500 il əvvəl bataqlıqdan doğulan Venesiya bu gün də insanlığı heyrətləndirməyə davam edir və dünyanın ən unikal şəhərlərindən biri olaraq tarixdə xüsusi yer tutur.
Fatimə Məmmədova
18:15 01.06.2026
Oxunuş sayı: 57