İrəvan Bakı haqqında nələri etiraf etdi?..
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində son dövrdə müşahidə olunan proseslər sülh gündəliyinin tədricən praktiki müstəviyə keçdiyini göstərir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycanın sülh istiqamətində real addımlar atdığını bildirməsi də bu prosesin İrəvanda müəyyən səviyyədə etiraf edildiyini göstərir. Qriqoryan Azərbaycanın yalnız sülh niyyətini bəyan etməklə kifayətlənmədiyini, bunun üçün praktiki addımlar atdığını vurğulayıb və tərəflərin açıq qalan məsələlərin həlli üçün yeni mexanizmlərin tətbiqi barədə razılığa gəldiyini açıqlayıb.
Bu fonda Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların icrasının sürətlənməsi, qarşılıqlı ticarət əlaqələrinin ilkin mərhələsinin başlaması və dəmir yolu bağlantılarının qismən bərpası iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm amillər kimi qiymətləndirilir. 8 avqust 2025-ci ildə sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanmasından sonra tərəflərin sənədin yekun imzalanmasını gözləmədən müəyyən razılaşmaların icrasına başlaması regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşdırır.
Digər tərəfdən, münasibətlərin normallaşması yalnız iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə məhdudlaşmır. İctimai etimad mühitinin formalaşdırılması, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və tərəflər arasında uzun müddətdir açıq qalan məsələlərin həlli də sülh prosesinin mühüm istiqamətlərindəndir. Qarşılıqlı ticarətin genişlənməsi və praktiki təmasların artması isə bu məsələlərin həlli üçün yeni etimad mühitinin yaranmasına şərait yarada bilər.
Bəs Azərbaycan və Ermənistan arasında sülh sazişi tam imzalanmadan razılaşmaların icrasına başlanılması hansı nəticələrə gətirib çıxara bilər? Qarşılıqlı ticarət və nəqliyyat əlaqələrinin genişlənməsi iki ölkə arasında etimadın möhkəmlənməsinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında hazırkı mərhələ əldə edilmiş razılaşmaların icrasına başlanılması ilə xarakterizə olunur:
“8 avqust 2025-ci ildə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanmasından sonra əldə edilmiş razılaşmaların yalnız sənəd imzalandıqdan sonra icra edilməsinə başlanılması ehtimal edilə bilərdi. Ancaq biz görürük ki, iki ölkə sənəd qarşılıqlı şəkildə imzalanmamışdan əvvəl əldə edilmiş razılaşmaların icrası prosesinə başlayıb. Bu da heç şübhəsiz ki, Azərbaycanın təşəbbüsüdür. Azərbaycanın regional, geostrateji və geoiqtisadi vəziyyəti obyektiv qiymətləndirərək Ermənistanda seçkilərdən əvvəl atdığı addımların nəticəsidir. 7 iyun seçkilərindən əvvəl artıq Azərbaycan birtərəfli qaydada dəmir yolu əlaqələrinin qismən bərpa olunması ilə bağlı qərar qəbul etmişdi. Azərbaycandan Azərbaycan üzərindən Ermənistana yüklər daşınırdı. Daha sonra isə Azərbaycana aid yüklərin Ermənistana daşınmasının şahidi olduq. Bu, əslində, ticarət əlaqələrinin bərpası demək idi. Ona görə də hazırda bu prosesin bir qədər daha dinamika qazandığını müşahidə edirik. Bişkekdə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Alen Simonyanın Azərbaycana gələcəyi ilə bağlı fikirlər səsləndirildi. Bundan sonra Ermənistan mallarının Azərbaycana daxil olması ilə bağlı yenə Ermənistan tərəfindən məlumat yayıldı. Bu isə artıq qarşılıqlı ticarət əlaqələrinin ilkin addımlarının atıldığını deməyə əsas verir. Əvvəlcə bu proses birtərəfli qaydada Azərbaycan tərəfindən həyata keçirilirdisə, artıq Ermənistandan da müəyyən qrup yüklərin Azərbaycana daxil olması qarşılıqlı ticarət kimi qiymətləndirilə bilər”.

Deputat qeyd edib ki, qarşılıqlı ticarət əlaqələrinin inkişafı sülh və etimad mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu, əlbəttə ki, sülh üçün və etimad üçün olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, Bişkekdə Azərbaycan və Ermənistan arasında ictimai etimad mühitinin formalaşdırılması məsələsi də iki ölkənin qarşısında duran növbəti addım kimi qiymətləndirilmişdi.
Bakı ilə İrəvan arasında itkin düşmüş şəxslərlə bağlı məsələ də həmişə danışıqların predmetlərindən biri olub. Azərbaycan öz mövqeyini daim Ermənistanın diqqətinə çatdırıb və itkinlərin taleyi ilə bağlı informasiyanın Azərbaycana təqdim edilməsini tələb edib. Ancaq çox təəssüf ki, biz hələ də bu barədə Ermənistandan arzu olunan nəticələri əldə edə bilməmişik. Mənə elə gəlir ki, bu məsələdə yeni mexanizmin yaradılması imkanları məhduddur. Nəticə etibarilə söhbət əsas etibarilə 1991–1994-cü illərdə baş verən hadisələrdən gedir. Qarabağ müharibəsinin ilkin mərhələsində daha çox itkinimiz, taleyindən xəbər olmayan vətəndaşlarımız var. Ona görə də burada zaman amilini də nəzərə almaq lazımdır. Bütün hallarda Azərbaycan hər bir vətəndaşı haqqında dəqiq informasiya əldə etməyi qarşısına məqsəd qoyub”.
H.Babaoğlu bəzi şəxslərlə bağlı “məhbus” ifadəsinin işlədilməsinin doğru olmadığını da vurğulayıb:
“Əgər Azərbaycanda olan şəxslərdən söhbət gedirsə, burada ‘məhbus’ ifadəsini işlətmək düzgün deyil. Bunlar məhbus deyil, məhkum edilmiş terrorçulardır. Ona görə də bu məsələdə terminologiyaya diqqət yetirmək lazımdır”.
Nuray Mehtiyeva
19:15 03.09.2026
Oxunuş sayı: 82