Professor: Heydər Əliyev zamanları aşan bir dövlət qurucusu idi
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi Rüfət Quliyevdir)
Bu gün Azərbaycan xalqı öz tarixi yaddaşının ən həssas səhifələrindən birini vərəqləyir. Xalqımız müasir dövlətçiliyimizin banisi, çətin zamanların xilaskarı, millətin taleyinə qızıl hərflərlə həkk olunmuş Ulu Öndər Heydər Əliyevin anım gününü dərin ehtiramla, minnətdarlıqla yad edir. Tarix göstərir ki, xalqlar böyük sınaqlarla üzləşəndə onları irəli aparan, gələcək yolunu işıqlandıran liderlər meydana çıxır. Məhz belə bir taleyüklü dövrdə – ölkənin parçalanma, dövlətçiliyin dağılma təhlükəsi ilə üz-üzə qaldığı vaxtda Heydər Əliyevin Azərbaycan xalqının çağırışına səs verərək yenidən siyasi səhnəyə qayıdışı millətimizin xilası, müstəqilliyimizin möhkəmlənməsi üçün dönüş nöqtəsi oldu.
Onun dövlətçilik fəlsəfəsi, düşünülmüş strategiyası, xalqın gücünü dövlətin gücünə çevirən siyasəti Azərbaycanı xaosdan sabitliyə, tənəzzüldən inkişafa, ümidsizlikdən özünəinam mərhələsinə yüksəltdi. Bu gün Azərbaycan adlı güclü, söz sahibi dövlətin varlığı Heydər Əliyevin iradəsi, zəhməti və uzaqgörənliyinin canlı nəticəsidir. O, təkcə bir dövrü idarə edən siyasətçi deyil, zamanları aşan bir dövlət qurucusu, bir millətin gələcəyini yenidən formalaşdıran tarixi şəxsiyyət idi.
Heydər Əliyevin anım günü sadəcə bir tarixi gün deyil; bu, onun böyük ideyalarının, dövlətçilik irsinin, Azərbaycan sevgisinin xalq tərəfindən yenidən dərk olunduğu bir gündür. Onun qoyduğu təməl hələ də müasir inkişafın istiqamətini müəyyən edir, gələcəyə aparan strateji yol xəritəsini formalaşdırır. Azərbaycan bu gün nə qədər güclüdürsə, bu gücün mayasında Ulu Öndərin misilsiz xidmətləri, dönməz iradəsi və xalqına bağlılığı dayanır.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bəşəriyyət tarixində elə məqamlar olur ki, ölkə və xalq dərin sınaqlarla üz-üzə qaldıqda, xaos və qeyri-müəyyənlik cəmiyyəti bürüdükdə tale həmin xalqın içindən onu xilas edəcək bir şəxsiyyəti yetişdirir. Necə ki, İngiltərədə Uinston Çörçill, Fransada Şarl de Qol, ABŞ-də Franklin Ruzvelt öz xalqlarını tarixi fəlakətlərdən xilas etməyi bacarmışdılar. Azərbaycan üçün belə xilaskarlıq missiyasını yerinə yetirən şəxsiyyət isə Ulu Öndər Heydər Əliyev oldu.
1990–1993-cü illərdə ölkədə hökm sürən mənzərə göstərirdi ki, Azərbaycan həm siyasi, həm də iqtisadi xəritədən silinmək təhlükəsi ilə üz-üzədir. Daxildə vətəndaş qarşıdurmasına yaxın gərginlik, separatizm meyilləri, ölkənin parçalanmaq təhlükəsi, tənəzzülə deyil, demək olar ki, tam iflasa uğramış iqtisadiyyat, min faizdən artıq inflyasiya, zavod və fabriklərin dayanması—bütün bunlar Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. İnsanlar çörək almaq üçün saatlarla növbə gözləyir, qiymətlər isə günü-gündən yox, gün ərzində iki dəfə dəyişirdi. Dünyada Azərbaycan artıq etibarlı tərəfdaş kimi qəbul olunmurdu.
Məhz belə bir taleyüklü zamanda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi və çağırışı ilə Bakıya qayıdaraq dövlət idarəçiliyində öz müdrikliyini və böyük təcrübəsini tətbiq etməyə başladı. Bu isə son dərəcə çətin bir proses idi. 1993-cü ilin özündə, eləcə də 1994–1996-cı illərdə ölkədə yenə daxili təxribat cəhdləri, hakimiyyətə can atan təcrübəsiz və məsuliyyətsiz siyasi qüvvələrin avantüraları, ictimai-siyasi sabitliyi pozmaq səyləri davam edirdi. Lakin bütün bunların hər biri Heydər Əliyevin qətiyyətli iradəsi, dəmir məntiqi və uzaqgörən siyasəti ilə ardıcıl şəkildə aradan qaldırıldı.
Bir iqtisadçı alim kimi xüsusilə üç fundamental məqamı vurğulamaq istəyirəm. Birincisi, Ulu Öndərin təşəbbüsü ilə keçirilən torpaq islahatı—MDB məkanında ilk belə sistemli islahat idi. İkincisi, dövlət mülkiyyətinin özəlləşdirilməsi kimi cəsarətli və mühüm addım. Üçüncüsü isə "Əsrin müqaviləsi" adını almış neft kontraktı idi. Bu mərhələlər sonradan Azərbaycanın iqtisadi tərəqqisinin və müasir inkişaf modelinin əsasını təşkil etdi".
Professor, həmçinin bu gün ölkə başçısı ə İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təməlində məhz Ulu Öndərin yaratdığı möhkəm dövlətçilik sistemi və sağlam strateji kursun dayandığını qeyd edib:
"Zaman keçdikcə insanlar daha dərindən dərk edəcəklər ki, Heydər Əliyev hansı ağıla, strateji düşüncəyə və dəmir iradəyə malik idi ki, iflasın astanasında olan bir dövləti cəmi bir neçə il ərzində sabit, inkişaf edən və dünyada söz sahibi bir ölkəyə çevirməyi bacardı. Heydər Əliyevin fəaliyyəti yalnız müstəqillik dövrü ilə məhdudlaşmır. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildiyi gündən etibarən respublikada əsl sıçrayış başladı. O dövrdə 15 ittifaq respublikası arasında iqtisadi göstəricilər üzrə son yerlərdə qərarlaşan Azərbaycan qısa müddətdə sürətlə yüksəldi. 1972–1973-cü illərdə respublika artıq birinci beşlikdə idi, 1975–1976-cı illərdə isə kənd təsərrüfatı, sənaye, infrastruktur və mədəni inkişaf göstəricilərinə görə ilk üçlüyə daxil oldu. Bu, Heydər Əliyevin idarəçilik istedadının, quruculuq düşüncəsinin və dövlətçiliyə xidmət fəlsəfəsinin bariz nümunəsidir".
Elmir Heydərli
14:14 12.12.2025
Oxunuş sayı: 1452