Diaspora dair Birgə Fəaliyyət Planı qəbul olunub
Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin 7-ci iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, Macarıstanın Baş Nazirinin Ofisinin Xaricdə Yaşayan Macar Birlikləri üzrə Dövlət Katibi Lörinc Nacsanın moderatorluğu ilə keçirilən iclasda Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubançıbek Omuraliyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbərinin müavini Murat Kazancı, Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya nazirinin müavini Bakyt Darmankul uulu, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kahraman Sarıyev və Qazaxıstan Respublikasının “Otandastar Fondu”nun prezidenti Daniyar Kadırov iştirak ediblər.
Görüşdə TDT-yə üzv ölkələrin xaricdəki icmalarının hazırkı vəziyyəti və əməkdaşlıq imkanları geniş müzakirə olunub, koordinasiyanın gücləndirilməsi, ortaq hədəflər kimi vacib məqamlar diqqət mərkəzində saxlanılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında TDT-nin türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə Naxçıvan Sazişinə əsasən yaradılmasından danışıb, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin son dövrlərdə daha da intensivləşdiyini vurğulayıb. Sədr bildirib ki, TDT çərçivəsində qəbul edilən Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına uyğun olaraq həyata keçirilən ikitərəfli və çoxtərəfli görüşlər, müxtəlif proqramlar, forumlar və təşəbbüslər ölkələr arasındakı əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə mühüm töhfə verir.
TDT-yə üzv dövlətlərin təmsilçiləri təcrübələrini bölüşüb, əməkdaşlıq imkanları, xaricdəki icmaların yayılma arealı və ölkələrimizi təmsil potensiallarına diqqət çəkib, bundan sonrakı fəaliyyətin də ortaq strategiyalar əsasında həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan və TDT çərçivəsində əməkdaşlığın nəticələrini əks etdirən videoxülasə nümayiş olunub.
Aparılan çoxistiqamətli fikir mübadiləsi və səmərəli müzakirələrin nəticəsi kimi 2026-cı il üçün “Diaspor üzrə Birgə Fəaliyyət Planı” qəbul edilib.
18:40 02.12.2025
Oxunuş sayı: 581