Türkiyədə anti-Azərbaycan təbliğatının aparılması, iki ölkə arasında...- Araşdırmaçı
Azərbaycan və Türkiyə arasında möhkəm tarixi, siyasi və mədəni bağlar iki qardaş ölkənin diaspor siyasətində də sıx və sistemli əməkdaşlıq etməsi üçün geniş imkanlar yaradır. Dövlət başçılarının strateji tərəfdaşlıq münasibətləri, son illərdə reallaşdırılan ortaq layihələr, imzalanmış Anlaşma Memorandumu və xüsusilə Şuşa Bəyannaməsində əksini tapan müddəalar diaspor qurumları qarşısında yeni çağırışlar formalaşdırır. Bu sənədlər türkdilli dövlətlərin diaspor potensialının birləşdirilməsi, vahid informasiya strategiyasının qurulması və beynəlxalq müstəvidə koordinasiyalı fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu çərçivədə, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında keçirilən görüşlər iki ölkənin diaspor siyasətində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan vacib addımlar kimi qiymətləndirilir. Söhbət təkcə təcrübə mübadiləsindən deyil, eyni zamanda Azərbaycan və Türkiyənin dünya ictimaiyyətinə çatdırdığı həqiqətlərin daha səmərəli müdafiəsini təmin edən yeni bir mərhələnin başlanmasından gedir.

Mövzu barədə Crossmedia.az-a Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk bildirib ki, iki qardaş ölkə arasında əlaqələr elə bir səviyyəyə yüksəlib ki, bu gün diaspor fəaliyyətini ayrıca bir xətt kimi dəyərləndirmək düzgün deyil:
"‘Bir millət, iki dövlət" konsepsiyasının əsasında qan bağlılığı, tarixi, strateji-siyasi və mədəni əlaqələrin ən yüksək səviyyədə qurulması dayanır. Bir məqamı unutmamalıyıq: qardaş Türkiyə bizim öz vətənimizdir. Vətəndə isə klassik mənada diaspor fəaliyyəti olmur. Lakin yüz minlərlə Azərbaycan türkünün Türkiyədə yaşadığını nəzərə alaraq, onların təşkilatlanması, iki ölkə arasında münasibətlərin inkişafına xidmət edən təşəbbüsləri həm alqışlanmalı, həm də dəstəklənməlidir. Sevindirici hal odur ki, bu istiqamətdə ciddi addımlar atılır”.
Ekspertin sözlərinə görə, zaman-zaman Türkiyədə anti-Azərbaycan təbliğatının aparılması, iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışan qüvvələrin fəaliyyəti də müşahidə edilir:
"Bu cəhdlər on illərlə formalaşmış etimad mühitini zəiflətməyə hesablanıb. Həm mediada, həm sosial şəbəkələrdə əsassız məlumatların tirajlandığını görürük. Bunun qarşısını yalnız birgə şəkildə ala bilərik".
E.Eltürk hesab edir ki, xaricdə Azərbaycan–Türk birgə diaspor fəaliyyətinin gücləndirilməsi və koordinasiyasının artırılması strateji hədəflərdən biri olmalıdır:
"Xaricdə milyonlarla türk yaşayır və güclü icma formalaşdırmaq imkanımız var. Bu, lobbi fəaliyyətinin effektivliyini artırar, ölkələrimizə qarşı yönəlmiş antitəbliğat addımlarının qarşısını almağa kömək edər. Bunun üçün kifayət qədər baza mövcuddur, yetər ki, mövcud imkanlar düzgün dəyərləndirilsin. Bu proses həm də iki ölkənin beynəlxalq aləmdə dostlarının sayının artmasına gətirib çıxara bilər".
Mehriban Yariyeva
11:17 01.12.2025
Oxunuş sayı: 3959