Daşkənddə “Mərkəzi Asiya: Ümumi mənəvi-maarifçilik irsi - ümumi gələcək” adlı Beynəlxalq konqres keçirilir
Daşkənddə yeni tikilən İslam Sivilizasiyaları Mərkəzində “Mərkəzi Asiya:Ümumi mənəvi- maarifçilik irsi-ümumi gələcək” adlı Beynəlxalq konqres öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edir.
Azərbaycan nümayəndə heyətinin tərkibində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Tarix və Antropologiya İnstitutunun direktoru Kərim Şükürov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Fərhad Quliyev, Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov, Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Mübariz Göyüşlü, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, İçərişəhər Arxeologiya və Etnoqrafiya Muzeyinin direktoru Azadə Hüseynova və digər şəxslər var.
Konqresdən əvvəl iştirakçılar İslam Sivilizasiyaları Mərkəzinin eksponatları ilə tanış olublar.
Konqresin əvvəlində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tədbir iştirakçılarına təbriki oxunub.
İslam Sivilizasiyaları Mərkəzinin sədri Firdavs Abduxalikov Özbəkistanın Mərkəzi Asiya ölkələri və Azərbaycan ilə dostluq və qardaşlıq münasibətləri haqqında söhbət açıb, Azərbaycanın böyük şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli ədəbi irsinin Özbəkistanda çox sevildiyini diqqətə çatdırıb.
Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, bildirib ki, İslam Sivilizasiyaları Mərkəzi bu ölkələr arasında dostluğun və qardaşlığın daha da dərinləşməsinə kömək edəcək.
Sonra Türkmənistan və Tacikistanın mədəniyyət nazirləri Amangeldi Şamiradov və Matlubaxon Amanzoda, Qırğızıstan Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev və Qazaxıstan İncəsənət Universitetinin rektoru Qalım Axmedyarov çıxış edərək əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Adil Kərimli öz çıxışında bildirib ki, qlobal miqyasda əsas platformamız olan “Bakı Prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildən müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviq edir. “Bakı Prosesi” çərçivəsində iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşları BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO, BMT Turizm və digər beynəlxalq təşkilatlardır. 2024-cü ildə baş tutmuş VI Forumda Mərkəzi Asiya ölkələri fəal təmsil olundu. Əminliklə bildirirəm ki, 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan növbəti VII Mədəniyyətlərarası Dialoq Forumu bu gün başlanan Konqresin nəticələrini və regional çağırışları qlobal miqyasda müzakirə etmək üçün mühüm imkan yaradacaq. Forumda Mərkəzi Asiya ölkələrinin fəal iştirakı bizim üçün böyük əhəmiyyət daşıyır.
Akademik İsa Həbibbəyli öz çıxışında deyib ki, Özbəkistanın və Azərbaycanın mənəvi irsini, mədəniyətini yaradan böyük şəxsiyyətlər ölkələrimiz arasında böyük körpü olub və belə hesab edirəm ki, Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi böyük şairlər Azərbaycanla Mərkəzi Asiya arasında ədəbiyyat, mədəniyyət, mənəviyyat körpüsü yaradıblar. Türk dilində ilk dəfə “Xəmsə” yaradan, böyük Nazami Gəncəvini özünə müəllim hesab edən Mir Əlişir Nəvai Azərbaycanla Özbəkistan arasında möhkəm və etibarlı dostluq və qardaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayıb.
Milli muzeylərlə bağlı bölmə iclaslarında İçərişəhər Arxeologiya və Etnoqrafiya Muzeyinin direktoru Azadə Hüseynova, milli kitabxanaların işi ilə əlaqədar sessiyada M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Şükürov, Rəssamlıq və incəsənət üzrə bölmə iclasında Azərbaycan Rəssamlar İttifaqı sədrinin müavini Ağəli İbrahimov, Mərkəzi Asiya və Azərbaycan Yazıçılar İttifaqları ilə bağlı keçirilən iclasda Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Gənclər siyasəti üzrə bölmə iclasında Gənclər və İdman Nazirliyinin əməkdaşı Nigar Əzimova çıxış ediblər.
Konqres öz işini davam etdirir. (Xalq qəzeti)











22:10 13.11.2025
Oxunuş sayı: 1777