Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş sərgilər təqdim olunub
Milli Kitabxanada “12 noyabr - Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1996-cı il fevral ayının 6-da Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edilib.
Crossmedia.az xəbər verir ki, bu tarixi gün münasibətilə Milli Kitabxanada “12 noyabr - Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Virtual sərgidə Konstitusiya Günü haqqında rəsmi sənədlər, Azərbaycan
Respublikasının Konstitusiyası, fotolar, mövzu ilə bağlı dövri mətbuat məqalələri, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə Azərbaycan Respublikasının Konstitusiyası, Konstitusiya hüququ, tarixi, Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti, “Konstitusiya və Suverenlik İli” haqqında və s. mövzu ilə bağlı Azərbaycan və xarici dillərdə ədəbiyyatlar
nümayiş olunur.
11:17 12.11.2025
Oxunuş sayı: 1035