Yeni daimi ekspozisiya - Azərbaycan incəsənət xəzinəsi
Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılış mərasimi keçirilib. 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyi münasibətilə təqdim edilən yeni ekspozisiya minilliklər boyu yaranaraq formalaşmış zəngin mədəni irsimizi nümayiş etdirir.
Bu barədə Crossmedia.az-a Milli İncəsənət Muzeyindən məlumat verilib.
Bildirilib ki, açılış mərasimində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, muzeyin direktoru Şirin Məlikova, tarix elmləri doktoru, akademik, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Xalq rəssamı Salhab Məmmədov çıxış edərək Zəfər Günü ərəfəsində açılan bu daimi ekspozisiyanın Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi nadir sənət incilərindən ibarət olmaqla, təkcə incəsənət hadisəsi deyil, həm də milli qürurun, azadlıq və qalibiyyət ruhunun bədii təcəssümü olduğunu vurğulayıblar.
Daha sonra qonaqlar ekspozisiya ilə tanış olublar.
Ekspozisiyada Azərbaycan incəsənətinin Tunc dövründən başlayaraq XIX əsrədək keçdiyi inkişaf yolu ardıcıl və elmi əsaslarla təqdim olunur. Həmçinin Azərbaycan xalq sənətkarlığının bənzərsiz nümunələri – zərgərlik, bədii tikmə sənəti, milli geyimlər öz nəfis gözəllikləri ilə yüksək bədii zövq nümunəsi kimi diqqəti cəlb edir. Quba–Şirvan, Gəncə–Qazax, Qarabağ və Təbriz xalça qruplarına aid eksponatlar milli ruhun, bədii yaradıcılığın və estetik düşüncənin heyrətamiz təzahürləridir.
Azərbaycan incəsənətində xüsusi yer tutan, saray incəsənətinin parlaq nümunəsi olan Səfəvilər, Şərq və Qərb təsvir üslubunun mükəmməl sintezinin əldə edildiyi Qacarlar dövrünə aid keramika, bədii kaşı, Şərqin böyük ədiblərinin əsərlərinə, müxtəlif əlyazmalara çəkilmiş miniatür sənəti nümunələri, milli təsviri sənətdə dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvani, görkəmli rəssam və xəttat Mir Möhsün Nəvvabın və digər ustad sənətkarların əsərləri XVI-XIX əsrlərin dekorativ və təsviri sənətinin inciləri kimi təqdim olunmaqla milli rəssamlıq tarixinin parlaq səhifələrini əks etdirir.







00:25 06.11.2025
Oxunuş sayı: 1044