Ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, “Gələcəyə tərəf” devizi altında Naxçıvan şəhərində baş tutan tədbirin məqsədi əmək bazarında yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını dəstəkləməkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, digər dövlət qurumlarının rəsmiləri, özəl sektorun nümayəndələri, yerli və xarici karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samir Seyidəhmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də insan kapitalının inkişafının əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edildiyini, Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə mühüm addımlar atıldığını bildirib.
O, muxtar respublikada elektron xidmətlərin genişləndirilməsi, təhsil və məşğulluq əlaqələrinin gücləndirilməsi, gənclərin innovativ layihələrə cəlb olunması, ixtisaslı kadr hazırlığı və s. sahələrdə həyata keçirilən genişmiqyaslı tədbirləri qeyd edib. Vurğulanıb ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda da muxtar respublikada yeni iqtisadi istiqamətlərin formalaşdırılması, insan kapitalının gücləndirilməsi əsas hədəflər sırasındadır. Gələcəyin peşələri artıq bu gündən formalaşır və bu baxımdan, muxtar respublikada yeni istiqamətlər üzrə hazırlıq və təcrübə proqramlarının genişləndirilməsi xüsusi önəm kəsb edir.
Vüsal Nəsirli belə bir sammitin təşkilinin ölkəmizin məşğulluq siyasətində yeni düşüncə mərhələsinin göstəricisi, insan kapitalına, eləcə də bilik və bacarıqların gələcək nəsillərə ötürülməsinə yönəlmiş strateji baxışın ifadəsi olduğunu qeyd edib.
Nazir müavini bildirib ki, Naxçıvan MR-da da hazırda yenilənən iqtisadiyyatın, innovativ yanaşmaların və gənclərin potensialının üzə çıxarılması sahəsində mühüm və ardıcıl işlər aparılır. Bu Sammitin nəticələri gələcəyin peşə ekosisteminin formalaşmasına dəyərli töhfə verəcək. Çünki burada dövlət, özəl sektor və təhsil müəssisələri gələcəyin peşə xəritəsini formalaşdırmaq üçün birgə səylər göstərəcək. Biz birlikdə gələcəyin əmək bazarını daha inklüziv, rəqabətədavamlı və insan mərkəzli edə bilərik.
Digər çıxış edənlər də Sammitin əhəmiyyətini, gələcəyin əmək bazarına hazırlıq baxımından belə tədbirlərin və vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkil olunub. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və gələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşə və bacarıqlarında gözlənilən yeniliklər, bu yeniliklərə adaptasiya yolları, gələcək əmək bazarına hazırlıq, bununla bağlı Naxçıvan MR-də qarşıda duran çağırışlar müzakirə edilib.
Növbəti Gələcəyin Peşələri Sammitinin bu ay Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.
16:32 30.10.2025
Oxunuş sayı: 1337