Qazaxıstan Prezidenti parlamentin birpalatalı sistemə keçidini təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə parlament islahatının keçirilməsini təklif edib. Onun sözlərinə görə, bu islahat mövcud iki palatalı parlament sistemindən birpalatalı quruluşa keçidi nəzərdə tutur. Prezident bildirib ki, məsələ ictimaiyyətdə, ekspert dairələrində və parlamentin özündə geniş müzakirə olunmalıdır. Tokayevin fikrincə, bu sahədə tələskən qərarların qəbul edilməsi yolverilməzdir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tokayev belə bir müzakirənin ən azı bir il davam edəcəyini vurğulayıb. Onun açıqlamasına əsasən, 2027-ci ildə ölkədə referendum keçirilməsi planlaşdırılır. Referendumun nəticələrinə uyğun olaraq Konstitusiyaya dəyişiklik ediləcək. Əgər islahat təsdiqlənsə, yeni parlament deputatları yalnız partiya siyahıları əsasında seçiləcək.
Hazırda Qazaxıstanda qarışıq seçki sistemi mövcuddur. Belə ki, Məclis deputatlarının bir hissəsi partiya siyahıları ilə, digər hissəsi isə birmandatlı dairələr üzrə seçilir. Senat isə həm seçki yolu ilə, həm də prezidentin təyin etdiyi üzvlərlə formalaşdırılır. Tokayevin təklif etdiyi dəyişikliklər ölkənin siyasi idarəçilik sistemində mühüm dönüş nöqtəsi hesab olunur.
19:45 08.09.2025
Oxunuş sayı: 890