Türkiyədə siyasi "zəlzələ": Hadisələrin inkişafı...

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şəhər sədri vəzifəsindən uzaqlaşdırılaraq yerinə qəyyum təyin olunub. Partiyanın binası polis tərəfindən barrikadaya alınıb. CHP Gənclik Qolu etiraz aksiyasına çağırış edib, İstanbul Valiliyi isə bir neçə rayonda nümayiş və yürüşləri qadağan edib. Buna baxmayaraq, etirazçılar polis sədlərini aşaraq binaya daxil olublar.
Bu hadisə Türkiyədə siyasi gərginliyin daha da artdığını göstərir. Qəyyum təyinatı demokratiya və siyasi azadlıqlar mövzusunda ciddi suallar doğurur, həm də küçələrdə qarşıdurma riskini artırır. Etirazların miqyası hakimiyyətlə müxalifət arasında qarşıdakı dönəmdə daha sərt qarşıdurmaların ola biləcəyini göstərir.
Baş verənlər barədə Ədalət Partiyasının sədri, politoloq Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib.
O, Türkiyədə iqtidar-müxalifət münasibətlərinin daima bizim cəmiyyətin diqqət mərkəzində olduğunu bildirib:
“Türkiyədə demokratik ənənələr ölkənin iqtisadi və siyasi inkişafının əsasında dayanır. Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik dəyərlərin mənimsənilməsində Türkiyənin təcrübəsinə istinadlar çoxluq təşkil etmişdir. Türkiyə bizim üçün bir nümunə modeli kimi götürülürdü. Azərbaycanda siyasi münasibətlərin formalaşması prosesində də Türkiyə nümunəsi xeyli təsirli olub. Buna görə də Türkiyədə iqtidar-müxalifət münasibətləri daimi olaraq bizim cəmiyyətin diqqət mərkəzindədir. Təbii ki, biz baş verənləri diqqətlə izləyirik. Hazırda CHP-nin İstanbul şəhər təşkilatının sədrinin vəzifəsindən uzaqlaşdırılması ciddi hadisədir. Bu məsələnin belə geniş rezonans yaratması başa düşüləndir. Lakin bu, Türkiyənin daxili siyasi işidir. Ona görə də bizim hələ kifayət qədər aydınlaşmamış bu hadisəyə münasibət bildirməyimiz doğru olmazdı. Hadisələrin inkişafı prosesində əsl həqiqətlər üzə çıxacaq”.
Nicat Rüstəmzadə
14:47 08.09.2025
Oxunuş sayı: 1581