"Bu günkü Rusiya Federasiyasından danışa bilməyəcəkdik" -Ekspert

ABŞ Prezidenti Donald Tramp oktyabrda Cənubi Koreyanın Kyoncu şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edə bilər. Sammit çərçivəsində onun Çin Sədri Si Cinpin və ehtimal ki, Şimali Koreya lideri Kim Çen Inla görüşü də gündəmdədir.
Bu sammit Tramp üçün Asiya-Sakit okean regionunda həm siyasi, həm də iqtisadi təsirini gücləndirmək imkanı yaradır. Əgər Si Cinpin və Kim Çen Inla görüş reallaşsa, bu, regional təhlükəsizlik və ABŞ-Çin münasibətlərinə mühüm təsir göstərə bilər.
Mövzu ilə bağlı hərbi- siyasi ekspert Həşim Səhrablı Crossmedia.az-a açıqlama verib.
H.Səhrablı Çinin artıq ABŞ ilə başa-baş rəqabət apardığını bildirib: “Əslində, bu görüşlərin baş tutması hələ ki bir ehtimaldır. Amma bu ehtimalın reallaşacağı təqdirdə, yəni Trampın Cinpinlə, Kim Çen Inla görüşəcəyi halda belə, Sakit Okean siyasətinə təsiri gün keçdikcə azalan xəttlə davam etməkdədir və asan-asan da dəyişəcək görünmür. İkinci Dünya Müharibəsindən sonra ABŞ istər Yaponiyaya vurduğu zərbə ilə, istərsə də Çin və Cənubi Koreyanı qurtarması sifəti ilə həmin ölkələr üzərində dominantlıq qurması reallığı ilə Sakit Okean hövzəsində həlledici siyasi dövlətə çevrilmişdi. Rusiyanın da buraya təsir imkanları əgər Stalin dövründə və ondan sonraki bir neçə onillik ərzində var idisə, SSRİ daxilində xalqların mübarizəsinin qızışması və müstəqillik addımlarının artması, daha sonra isə Sovet İmperiyasının çökməsi ilə rusların da artıq burada təsirləri azalmağa başladı. 90-cı illər rus siyasəti ABŞ-dəb gələn çağırışları nəzərə alaraq hərəkət edirdi, hətta bir növ oradan asılı idilər. Çünki əgər ABŞ bugünkü Rusiya tərkibindəki digər federasiyalara da müəyyən mənada dəstək versə idi və onlarda da müstəqillik hərəkətlərini alovlandırsaydı, bəlkə də, bu gün biz Rusiya Federasiyasından danışa bilməyəcəkdik. Bu mənada həmin illər ABŞ Soyuq Müharibə dövründə, Birinci Dünya Müharibəsinin bitməsindən sonra və xüsusən 90-cı illərdə əgər bu regionlarda hegemon idisə, indi Çinin bütün sahələrdə ABŞ ilə rəqabət gücünü formalaşdırması və sürətlə inkişafa davam etməsi indi bu reallıqları dəyişdirir. Tiencin Sammitində də biz gördük ki, Çin tamamilə öz başına və özü liderlik etməklə digər Asiya ölkələrini öz ətrafına toplayaraq qərb hegemoniyasına qarşı yeni bir güc mərkəzi, mübarizə mərkəzi ortaya qoymaqdadır. Kim haqlıdır, kim haqsızdır, bu məsələnin başqa bir tərəfidir. Onsuz da Çin də, ABŞ də imperial xislətli dövlətlərdir. Yəni bunların birinə haqlı, birinə haqsız deməyimiz özü də çox doğru olmaz. Yəni iki şəhərin mübarizəsində bir şəhərin qələbəsini görəcəyik".
Onun sözlərinə görə, ABŞ nöqteyi-nəzərindən ümidverici nəsə gözləmək mümkün deyil: "Çünki onun təsirləri hər keçən gün azalır. Əgər bir vaxtlar regiondakı ABŞ müttəfiqləri, Yaponiya, Cənubi Koreya və digər dövlətlər güclü iqtisadiyyatları, inkişaf etmiş sənayeləri ilə ön planda idilərsə, bu gün Çin onların hamısını geridə qoyur. Hətta Çin artıq ABŞ ilə də başa-baş rəqabət aparır və bu tendensiyaya davam edərsə, elə ABŞ-ı da yaxın gələcəkdə geri qoya bilər. Belə olan halda artıq rəsmi Vaşinqton zaman-zaman həm çox yeni tərzdə dünyanın formalaşması ilə razılaşmalı olacaq, həm də Sakit Okean hövzəsində Çinin yaratdığı yeni reallıqları tanıyacaq. Bunun qarşısını ala bilməsi üçün bu gün ABŞ-nin əlində sadəcə bir təsir rıçağı qalıb, o da hərbi gücdür. Bu gün hər nə qədər ki, Çin ABŞ-ı hərbi cəhətdən də geridə qoymur və ya onunla da başa-baş rəqabətə hazır deyil, o müddət ərzində ABŞ ya birbaşa müdaxilə ilə, ya proksi qüvvələrin, dövlətlərin əlləri ilə onlara – Çinə zərbə vuracaq, ya da ki, bu çoxqütblü dünyanın formalaşması reallığında Çinin inkişafının qarşısını başqa heç nə ilə ala bilməz. Burada Rusiya, BRICS, Braziliyanın Şərq dövlətlərinə yönəlməsi, Hindistanın ABŞ-dən üz döndərməsi faktoru var. Ona görə də, ya biz yaxın gələcəkdə ABŞ-ın qurtarması üçün Vaşinqtonun qanlı hərbi əməliyyatlar təşkil etməsini görəcəyik, ya da ki, yeni dünya düzəni formalaşanda Çin ABŞ-dən daha güclü olmasa da, ən azından bu iki süper güc bir-biri ilə bərabər səviyyədə dünya siyasətinin əsas aktyorları olacaqlar”.
Nicat Rüstəmzadə
14:38 08.09.2025
Oxunuş sayı: 1147