Fransada Beynəlxalq Qastronomiya günlərində Azərbaycan pavilyonu fəaliyyət göstərəcək

Sentyabrın 11-dən 14-dək Fransanın paytaxtı Paris şəhərində, Eyfel qülləsinin yaxınlığında keçiriləcək Beynəlxalq Qastronomiya günləri çərçivəsində Azərbaycan pavilyonu fəaliyyət göstərəcək.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan
Respublikasının Fransadakı Səfirliyi və "Azərbaycan Dostları"
Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Pavilyonda Azərbaycan mətbəxinin inciləri - ənənəvi yeməklərlə,
şərablarla yanaşı, milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.
Bu il tədbirdə ölkənin ən böyük turizm şirkətlərindən olan
"Gabala Hospitality Group"u qonaqları Azərbaycanın qastronomik turizm
destinasiyası olan füsunkar Qəbələ bölgəsinin kulinariya irsi ilə tanış edəcək.
Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov ziyarətçilərə bölgənin dağ ətrini
və zəngin dadlarını əks etdirən yeməkləri təqdim edəcək. Həmçinin yerli şərablar,
müxtəlif milli məhsullar iştirakçılara təqdim olunacaq.
Ziyarətçilərə "Happy Day Cake" şirniyyat evinin
hazırladığı paxlava və şəkərbura da təqdim olunacaq.
Bununla yanaşı, tədbirdə iştirakçılar Azərbaycan xalqının qədim
şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Festival 2016-cı ildən etibarən keçirilir. Bu il baş tutacaq
festivalda 60-dan çox ölkə təmsil olunacaq.
Tədbirə 40 000-dən artıq ziyarətçinin iştirakı gözlənilir.
19:20 06.09.2025
Oxunuş sayı: 840