Rusiya ermənilərdən həm hərbi əməliyyatlarda, həm də müxtəlif təxribatlarda istifadə edə bilər - AÇIQLAMA

Son günlər Ermənistanda yaranan sosial problemlərlə əlaqədar olaraq muzdlu şəkildə Rusiya ordusunda xidmət edən, Ukrayna müharibəsinə qoşulan ermənilərin sayı artıb. Maraqldır ki, bu hal daha çox Qarabağdan könüllü şəkildə Ermənistana gedən ermənilər arasında vüsət alıb. Yaranan vəziyyət hazırkı Ermənistan hakimiyyəti üçün heç də xoş bir hal deyil.
Maraqlıdır Ermənistanda yaranmış bu vəziyyət hakimiyyət üçün hansı problemlər yarada bilər? Qarabağdan olan ermənilərin Rusiyaya üz tutaraq muzdlu hərbi dəstələrə qoşulması faktı Ermənistanın daxili sabitliyinə və təhlükəsizliyunə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı ermənilərin tarixən döyüşkənlik və hərbi əhval-ruhiyyə ilə seçilməyən bir xalq olduğunu qeyd edib: “Ermənilərin iddia etdiyi kimi, onların kütləvi şəkildə Rusiya ordusuna qoşulduqlarına inanmaq çətindir. Ən yaxşı halda, müəyyən qisim – macəra axtaranlar, maddi maraq naminə həyatını riskə atan şəxslər bu prosesdə iştirak edə bilərlər. Ümumən isə ermənilər tarixən döyüşkənlik və hərbi əhval-ruhiyyə ilə seçilməyiblər.
Əgər bu gün doğrudan da müəyyən sayda ermənilər Rusiya ordusunda xidmət edirlərsə, bu, artıq onların Rusiya vətəndaşlığı çərçivəsində baş verir. Onlar etnik mənsubiyyətinə görə erməni, amma hüquqi statusuna görə Rusiya vətəndaşıdırlar. Bu isə gələcəkdə Ermənistan üçün müxtəlif təhlükələr doğura bilər. Çünki həmin şəxslər xüsusi xidmət orqanlarının nəzarətinə düşə, təxribat qruplarında istifadə oluna bilərlər.
Bütün bunlar Rusiyanın regionda öz təsirini qorumaq və bərpa etmək cəhdlərinin bir hissəsi kimi dəyərləndirilə bilər. Bu, həm də Ermənistan hakimiyyətinə qarşı təzyiq vasitəsinə çevrilir: “Siz əhalinizi, Qarabağdan köçən erməniləri belə saxlaya bilmirsiniz, onlar bizim tərəfimizə üz tuturlar”. Əslində isə bu insanlar üçün Ermənistan nə “vətən”, nə də sabit məkan ola bilib. Rusiyanın xüsusi xidmət orqanları onlardan həm hərbi əməliyyatlarda, həm də müxtəlif təxribatlarda istifadə edə bilər”.
Partiya sədri həmçinin Azərbaycanın bu prosesləri diqqətlə izləməli, regionda baş verənlərin mahiyyətini dəqiq qiymətləndirməli olduğunu bildirib.
“Azərbaycan isə bu prosesləri diqqətlə izləməli, regionda baş verənlərin mahiyyətini dəqiq qiymətləndirməlidir. Çünki Rusiyanın belə addımları normal qonşuluq münasibətlərinə uyğun deyil, əksinə, bölgədə sabitliyi pozmaq, sülh prosesinə mane olmaq və Ermənistanda siyasi təsir imkanlarını saxlamaq məqsədi daşıyır.
Buna baxmayaraq, Azərbaycanın mövqeyi kifayət qədər güclüdür. İstənilən təxribat cəhdinin qarşısını almaq gücünə malikdir. Nəticə etibarilə, belə addımlar Rusiyanın özünə qarşı çevriləcək, bumeranq effekti yaradacaq.
Regionun reallığı artıq dəyişib: Azərbaycan lider dövlətdir, Ermənistan isə məhz Azərbaycanın cızdığı yol xəritəsi ilə hərəkət etməyə məcburdur. Bu reallığı Rusiya da anlamalı, sülh və əməkdaşlıq naminə Azərbaycanla düzgün münasibətlər qurmalıdır”.
Elmir Heydərli
16:51 05.09.2025
Oxunuş sayı: 2186