"Putin Tramp dəfələrlə aldadıb və bununla göstərib ki..." - Politoloq

Son dövrlərdə transatlantik münasibətlərdə gərginlik artmaqda davam edir. Avropa liderləri ABŞ prezidenti Donald Tramp ilə aparılan son danışıqlarda Moskva ilə bağlı yeni sanksiyaların tətbiqinə ümidli olmadıqlarını açıqlayıblar. Almaniyanın “Bild” nəşrinin mənbələrinə istinadən xəbərinə görə, görüşdən sonra Avropa liderləri arasında narazılıq və məyusluq müşahidə olunub. Bu hadisə Avropa və ABŞ arasında strateji mövqelərin üst-üstə düşmədiyini, diplomatik müzakirələrin isə bəzən gözlənilən nəticəni vermədiyini göstərir.
Politoloq Elçin Xalidbəyli sözügedən iddia barədə Crossmedia.az-a açıqlama verib: “Hazırda ABŞ prezidenti Donald Tramp Ukrayna savaşının dayandırılmasını özünün əsas beynəlxalq siyasət prioriteti elan edib. Ancaq Trampın bu məsələyə yanaşma tərzi o qədər yanlışdır ki, bunu ən elementar əlamətlər üzrə belə görmək mümkündür. Çünki Tramp siyasətə və diplomatiyaya üstünlük verir. Rusiyayla anlaşmada isə anlaşılan odur ki, Tramp Rusiyanın neoimperialist dövlət olduğunu nəzərə almır və belə dövlətlərlə diplomatiya yolu ilə anlaşmaq mümkün deyil. Belə dövlətləri yalnız qlobal təzyiqlərlə məcbur etmək mümkündür, ancaq Tramp hələlik bu önəmli reallığı nəzərə almaqdan çox uzaqdadır. Hələ də ümid edir ki, Rusiya onun sülh planını qəbul edəcək və Ukrayna savaşının dayandırılması mümkün olacaq. Ancaq Tramp nəhayət nəzərə almalıdır ki, Rusiyanı qane etmək üçün yalnız Kremlin irəli sürdüyü şərtləri qərbin qəbul etməsi lazımdır. Həmin şərtlər isə yalnız Ukraynanın deyil, bütövlükdə qərb dünyasının Rusiya qarşısında kapitulyasiyası deməkdir. Ona görə Trampın Ukrayna savaşının dayandırılması məsələsində uğur qazanacağı qətiyyən inandırıcı görünmür. Tramp Rusiyaya münasibətdə yanlış siyasi kurs yürüdür və bu da kollektiv qərb daxilində parçalanmaya yol açır".
Politoloq bildirib ki, Tramp dəfələrlə Rusiyaya qarşı sanksiyalardan danışsa da, indiyə qədər hər hansı ciddi sanksiya tətbiq etməyib: "Əksinə, Putin neçə dəfə Trampı aldadıb və bununla da göstərib ki, Trampın cəhdləri iflasa uğramağa məhkumdur. Belə anlaşılır ki, bundan sonrakı mərhələdə də Tramp və Avropa İttifaqı ölkələrinin, Rusiyaya münasibətdə ortaq mövqedən çıxış etmə ehtimalı o qədər yüksək deyil. Kremldə bu reallığı anladığına görə özlərini cəzasızlıq şəraitində hiss edərək Ukraynaya qarşı daha aqressiv addımlar atmaqla bütün dünyaya meydan oxumağa davam edir".
Mehriban Yariyeva
13:39 05.09.2025
Oxunuş sayı: 1592