Ukrayna: Rusiya Trampın sülh təşəbbüslərinə məhəl qoymur

Ukraynanın xarici işlər naziri Andrey Sıbiga bəyan edib ki, Rusiya Ukraynaya qarşı başladığı müharibəni dayandırmaq niyyətində deyil və ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinə məhəl qoymur.
Crossmedia.az xəbər verir ki ,nazir bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.
Sıbiganın sözlərinə görə, son yarım il ərzində Tramp müharibənin dayandırılması üçün çox vaxt və səy sərf edib. Lakin onun təşəbbüslərinə cavab olaraq Rusiya xarici işlər naziri Sergey Lavrovdan yalnız “köhnə ültimatumların yeni forması” gəlib.
Sıbiga həmçinin Lavrovun bəyanatından bir hissəni diqqətə çatdırıb. Lavrov bildirib ki, davamlı sülhün əldə olunması üçün “yeni ərazi reallıqları” beynəlxalq hüquqi müstəvidə tanınmalı və rəsmiləşdirilməlidir. Bu “reallıqlara” Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Konstitusiyasına daxil edilməsi daxildir.
“Rusiya öz aqressiv məqsədlərini dəyişməyib və konstruktiv danışıqlara hazır olduğuna dair heç bir əlamət göstərmir. Əksinə, onun irəli sürdüyü ültimatumlar getdikcə daha da cəfəng xarakter alır”, – deyə Ukraynanın xarici işlər naziri vurğulayıb.
20:33 03.09.2025
Oxunuş sayı: 1004