"Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən dövlətlər anlayır ki..." - Parlamentari
Cənubi Qafqazda sülh və sabitlik istiqamətində atılan addımlar son dövrlərdə intensiv xarakter alıb. Xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürət qazanması regionun gələcəyi üçün mühüm perspektivlər vəd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çin səfərindən qayıdarkən verdiyi açıqlamalar da göstərir ki, Zəngəzur dəhlizi məsələsində tərəflər arasında ciddi fikir ayrılığı yoxdur və proses sülhün bərqərar olunması istiqamətində irəliləyir. Ərdoğanın həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Baş naziri Nikol Paşinyanla görüşlərində müşahidə etdiyi oxşar mövqelər regionda yeni siyasi reallıqların formalaşdığını təsdiqləyir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Türkiyə prezidentinin sözləri əslində Azərbaycanın haqq işinə beynəlxalq dəstəyi nümayiş etdirir: “Türkiyənin prezidenti, Azərbaycanın dostu və qardaşı Rəcəb Tayyib Ərdoğan Çində olarkən Şanxay Əməkdaşlıq Təşkilatının iclasında qeyd etdi ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan arasında heç bir fikir ayrılığı yoxdur. Bu, təbii ki, bizi istəyən bir dövlətin bəyanatıdır, istəyidir, arzusudur. Hamıya məlumdur ki, Azərbaycan öz maraqlarını birmənalı şəkildə təmin edib. Qarabağ Azərbaycana qayıdıb, erməni işğalçıları darmadağın edilib və havadarlarının arzuları ürəklərində qalıb”.
Deputat qeyd edib ki, tarixi proseslər Azərbaycanın mövqeyinin haqlı olduğunu bir daha ortaya qoyur: “1923-cü ildə Azərbaycanın razılığı olmadan ölkəmizin daxilində muxtar qurum yaradıldı. O qurum hər zaman separatçılıqla məşğul oldu və Azərbaycan üçün dərd qaynağına çevrildi. 2023-cü ilin antiterror əməliyyatı ilə isə bu qurum ləğv edildi. Digər tərəfdən, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi Sovet Rusiyasının "xidməti" idi. Bununla Azərbaycan torpaqları ilə Naxçıvan arasındakı quru sərhəd kəsildi. Bu gün isə həmin dəhlizin açılması zəruridir”.
A. İsgəndərov hesab edir ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın deyil, bütövlükdə regionun və beynəlxalq ticarətin maraqlarına cavab verir: “Bu dəhlizin açılması təkcə Naxçıvanla Azərbaycanın birləşdirilməsi deyil, həm də Qərblə Şərqi, Avropa ilə Mərkəzi Asiyanı birləşdirir. Hər kəs bilir ki, harada ticarət varsa, orada inkişaf var. Ermənilər də iqtisadi baxımdan bunu anlayırlar. Artıq bu gün qərəzli mövqe aradan qalxıb və hər iki tərəf də dəhlizin açılmasında maraqlıdır. Zəngəzur dəhlizinin reallaşması Azərbaycan üçün vacibdir. Bu yol həm dəmir, həm avtomobil nəqliyyatını birləşdirir, eyni zamanda beynəlxalq ticarət arteriyasına çevrilir. Mane olmaq istəyən dövlətlər də anlayır ki, artıq paraflanmış sazişə mane olmaq olmaz. Bölgə dövlətləri də bu yolda maraqlıdır. Azərbaycan müharibədən sonra irəli sürdüyü bütün tələbləri sazişdə təsbit etdirib”.
Mehriban Yariyeva
15:00 03.09.2025
Oxunuş sayı: 6206