Ruben Vardanyanın məhkəməsi davam etdirilib



Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 2-də davam etdirilib.
Crossmedia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər
Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə
keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün
seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk
dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş
şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs Ayaz Nəzərovun hüququ varisi – anası Sima
Tanrıverdiyeva dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən
bildirib ki, oğlu düşmənin təxribatı nəticəsində Kəlbəcərdə həlak olub.
Zərərçəkmiş şəxs Qərib Qasımovun hüququ varisi – atası
Şahbaz Qasımov ifadəsində oğlunun Ermənistan ordusunun qalıqları və qanunsuz
erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Xocavənddə həlak
olduğunu bildirib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin
suallarını cavablandıran zərərçəkmiş şəxs Rəvan Cəfərovun hüququ varisi Məhəmmədəli
Cəfərov ifadəsində oğlunun Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində
həlak olduğunu deyib.
Zərərçəkmiş şəxs Mirzə Ağayev ifadəsində bildirib ki, düşmənin
açdığı atəş nəticəsində Xocavənddə yaralanıb.
Digər zərərçəkən Zakir Mirzəyev ifadəsində qeyd edib ki, Ermənistan
ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan əl
qumbarasının partlaması nəticəsində Xocavənddə, Qırmızı Bazar istiqamətində xəsarət
alıb.
Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkən
Asim Musayev qeyd edib ki, Kəlbəcərin Söyüdlü yaylağında mal-qara otararkən
düşmən tərəfindən 30-dan çox top mərmisi atılıb, nəticədə o və yanında olan şəxslər
yaralanıb, 350-dən çox heyvan isə tələf olub.
Zərərçəkən Atamalı Məlikov ifadəsində bildirib ki, düşmən tərəfindən
Xankəndi ərazisində artilleriya atəşinə məruz qalıb, qarın boşluğundan və kürəyindən
yaralanıb. Yaralarına görə 6 dəfə əməliyyat olunub.
Zərərçəkən Namiq Həşimov qeyd edib ki, içərisində olduğu təcili
tibbi yardım maşını üzərində tanınma işarəsi olsa da, Ağdam istiqamətində Ermənistan
ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə
tutulub, nəticədə özü və daha 5 nəfər yaralanıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkən Mədət Sabirzadə
ifadəsində deyib ki, düşmənin Xocalıda törətdiyi təxribat zamanı açılan atəş nəticəsində
yaralanıb, yanında olan 5 nəfər isə həlak olub.
Zərərçəkən Təhrun Əsgərov ifadəsində vurğulayıb ki, Ağdərə
istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri
tərəfindən açılan atəş nəticəsində kəllə-beyin travması alıb.
Turan Balaşzadə ifadəsində qeyd edib ki, qardaşı Röyal
Balaşzadə düşmən tərəfindən Kəlbəcər rayonu istiqamətində snayper silahı ilə
vurulub və o, həlak olub.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında
zərərçəkən Sadiq Məmmədəli bildirib ki, Kəlbəcər istiqamətində düşmənin açdığı
artilleriya atəşi nəticəsində ayağından yaralanıb.
Zərərçəkən Əziz Əzizov ifadəsində deyib ki, o, Xocavənddə
Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən
minaatandan açılan atəş nəticəsində kəllə-beyin travması alıb.
Zərərçəkən Bəhlul Ağayev vurğulayıb ki, Xocavənddə düşmən tərəfindən
açılan atəş nəticəsində sol qolundan yaralanıb, bir nəfər isə həlak olub.
Fuad Qurbanlı düşmən tərəfindən açılan atəş nəticəsində Ağdərə
istiqamətində yaralandığını, sağ ayağının dizdən aşağı hissəsinin amputasiya
olunduğunu, Xəyal Məsimov və Nurlan Rəfizadə minaatandan açılan atəş nəticəsində
yaralandıqlarını bildiriblər.
Zərərçəkən Ürfan Məmmədov ifadəsində Xocavəndə düşmənin
açdığı artilleriya atəşi nəticəsində çoxsaylı qəlpə yarası və kəllə-beyin
travması aldığını, 3 yoldaşının həlak olduğunu söyləyib.
Pərvin Allahverdiyev Xocavəndində düşmənin snayperdən
açdığını atəş nəticəsində qolundan yaralandığını, Elsevər Axundov Ağdərədə düşmən
tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində
qolundan, ayağından yaralandığını, kəllə-beyin travması aldığını diqqətə
çatdırıblar.
Zərərçəkən Nemət Bağırov Daşkəsən rayonunun ərazisində düşmən
tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində Xəyal Süleymanovun
və Cavidan Bədəlovun həlak olduqlarını, özünün isə yaralandığını deyib.
Həsən Məhiyəddinli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi
ərazisində düşmənin onun içərisində olduğu maşını atəşə tutması nəticəsində
yaralandığını söyləyib.
Radim Qaraxanov bildirib ki, Ağdam rayonunda Ermənistan
ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş
nəticəsində xəsarətlər alıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını
cavablandıran zərərçəkən Hacı Bağırov deyib ki, Ağdərə rayonu ərazisində düşmən
tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində o, Nəsimi
Hacıyev və Vüsal İbrahimov xəsarət alıblar.
Tural Əzimov və Məhəmməd Bağıyev düşmən tərəfindən açılan atəş
nəticəsində Ağdam rayonunda, Həzrət İsmayılov isə Ağdərədə yaralandıqlarını
söyləyiblər.
Zərərçəkən Qoşqar Şərbətov ifadəsində qeyd edib ki, Xocavənd
rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən
açılan atəş nəticəsində yaralanmış şəxsləri təxliyə edən zaman düşmənin üzərində
fərqləndirici nişan olan təcili tibbi yardım avtomobilinə atdığı mərmi nəticəsində
xəsarət alıb.
Digər zərərçəkənlər - Nurəli Şıxaliyev, Rasif Məhərrəmov, Məzahir
Əliyev, Amin Məmmədov, Cavid Şirvanov, Müslüm Əliyev, Şahin Səfərov, Ümid
İbrahimli, Şəhriyar İsgəndərov, Eldəniz Dadaşov, Əmrah Həsənov, Vüsal Abbaslı,
Şirin Həşimov, Kənan Sofiyev, Əmir Nəbiyev, Cəmaləddin Mikayıllı və Kənan
Mustafayev ifadələrində düşmənin təxribatı nəticəsində xəsarətlər aldıqlarını
bildiriblər.
Sonra zərərçəkən Amid Quliyevin elan edilib. Bildirilib ki,
düşmənin Xocalı rayonunun Fərrux kəndində, meşəlikdən açdığı atəş nəticəsində hər
iki ayağının dizdən aşağı hissəsindən güllə xəsarətləri alıb.
Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi
ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110
(insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə
qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11,
116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını
pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam
öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11,
29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq),
214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə),
218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ
keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və
ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
20:58 02.09.2025
Oxunuş sayı: 780