Kobaхidze: Bu, Avropa yox, sovet yanaşmasıdır

Gürcüstanın Baş naziri İrakli Kobaхidze bildirib ki, dəfələrlə Avropa İttifaqı rəhbərliyinə bütün mübahisəli məsələləri müzakirə etməyi təklif edib, lakin buna cavab ala bilməyib. Onun sözlərinə görə, Avropa İttifaqının təzyiq siyasəti Avropa prinsiplərinə yox, sovet təcrübəsinə bənzəyir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İrakli Kobaхidze hazırda belə Brüsselə getməyə və bütün ziddiyyətli məsələləri açıq müzakirə etməyə hazır olduğunu deyib:
“Əgər bizə təzyiq göstərilirsə, bu, tamamilə yanlış yanaşmadır. Qoy tələblərini əsaslandırsınlar, izah etsinlər. Amma əgər bizimlə dialoqdan imtina edilirsə, bu, Avropa deyil, sovet yanaşmasıdır,” – deyə baş nazir vurğulayıb.
O əlavə edib ki, avqustun 31-dək Gürcüstan rəhbərliyi Avropa bürokratiyası ilə əməkdaşlığa və irəli sürülən tələblər ətrafında müzakirəyə hazır olub. Onun sözlərinə görə, tərəflər arasında razılaşdırıla biləcək məsələlər mövcud idi, lakin iki əsas şərt – LGBT təbliğatının qadağanı ilə bağlı qanunun və “xarici agentlər” haqqında qanunun ləğvi – Gürcüstan üçün qəbuledilməzdir.
Baş nazirin sözlərinə görə, Avropa bürokratiyası hazırda öz əsas prinsiplərindən uzaqlaşıb:
“Təəssüf ki, bu gün Avropa bürokratiyası Avropa dəyərlərindən uzaqlaşıb, çünki xarici qüvvələrin təsiri ilə idarə olunur. Bu isə bütövlükdə Avropanın vəziyyətinə mənfi təsir göstərir,” – deyə Kobaхidze qeyd edib.
09:28 02.09.2025
Oxunuş sayı: 868