Venesuela Qayananı “hərbi cəbhə açmağa cəhddə” ittiham edir

Venesuela Qayananı ölkənin suverenliyinə təhdid yaratmaqda və “hərbi cəbhə açmağa cəhd göstərməkdə” günahlandırıb. Rəsmi Karakas bildirir ki, Qayana ilə sərhəddə artan gərginlik birbaşa Essekibo regionu ilə bağlıdır. Bu bölgə Qayana ərazisinin 74 faizini təşkil edir və Venesuela uzun illərdir həmin əraziyə iddia edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Venesuelanın mövqeyi son illər daha da sərtləşib. Buna səbəb Qayana sahillərində iri həcmdə neft yataqlarının aşkar olunmasıdır. Karakas hesab edir ki, bu resurslar Venesuelanın tarixi olaraq özünə məxsus ərazilərindədir və Qayananın beynəlxalq şirkətlərlə enerji müqavilələri imzalaması “qanunsuz”dur.
Ekspertlərin fikrincə, tərəflər arasında artan gərginlik regional sabitliyə təhlükə yarada bilər. Karib hövzəsində geosiyasi maraqların toqquşması həm ABŞ-nin, həm də region ölkələrinin diqqət mərkəzindədir. ABŞ və Böyük Britaniya Qayananı dəstəklədiklərini açıq şəkildə bildiriblər.
Venesuela isə bəyan edir ki, heç bir xarici təzyiq onun “tarixi hüquqlarından” imtina etməsinə səbəb olmayacaq. Regionda hərbi fəallığın artması beynəlxalq ictimaiyyəti narahat edir və tərəflərin danışıqlar yolu ilə problemi həll etməsi tələb olunur.
02:45 02.09.2025
Oxunuş sayı: 1058