İtkinlərlə bağlı Ermənistanın müvafiq addımlar atması üçün təzyiq göstərməyə davam etməliyik - Deputat

Avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd olunur. BMT tərəfindən 2010-cu ildə təsis edilən bu günün məqsədi zorla itkin düşmüş insanların taleyinə diqqət çəkmək və ictimaiyyəti maarifləndirməkdir. Təəssüf ki, bu problem müharibələr, terror hadisələri və insan hüquqlarının pozulduğu rejimlər nəticəsində qlobal miqyasda aktual olaraq qalır.
Azərbaycan uzun illər Ermənistanın işğal siyasətinə məruz qaldığı üçün minlərlə vətəndaşı itkin düşmüşdür. İşğal dövründə mülki vətəndaşlar girov götürülmüş, onlara qarşı sərt işgəncələr tətbiq edilmiş və bir çox hallarda onların taleyi haqqında heç bir məlumat verilməmişdir. Bu faciələr nəticəsində itkin düşənlərin ailələri uzun illərdir gözləmə və iztirab içindədir.
Bu gün təkcə itkin düşənlərin deyil, onların illərlə iztirab çəkən ailələrinin də ağrı-acısını xatırladır. Azərbaycan üçün isə bu tarix xüsusilə həssasdır, çünki minlərlə soydaşımızın taleyi hələ də naməlum olaraq qalır. Bu məsələ beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində saxlanmalı və ədalətin bərpası üçün davamlı addımlar atılmalıdır.
Mövzu ilə bağlı millət vəkili Azər Badamov Crossmedia.az-a açıqlama verib.
Deputat, bu günün itkinlərə həsr olunmasını beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək məqsədi daşıdığını bildirib:
“30 avqust 2010-cu ildə BMT tərəfindən Beynəlxalq İtkinlər Günü kimi elan olunmuşdur. Bu günün itkinlərə həsr olunması beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək məqsədi daşıyır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, dünyada 2022-ci ildə 250 mindən çox itkin şəxs var. İtkinlər müharibələr, terrorlar, siyasi proseslər nəticəsində yoxa çıxmış və barəsində məlumat olmayan şəxslərdir. Azərbaycan da dünyada ən çox itkinlə qarşılaşmış ölkələrdəndir. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasəti nəticəsində 4100-ə qədər şəxs itkin düşmüşdür. Uzun illərdir ki, həmin şəxslərin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycan itkin və girovlarla bağlı Dövlət Komitəsini yaratmış və bu məsələni beynəlxalq təşkilatlar qarşısında mütəmadi qaldırır. O cümlədən, Ermənistandan itkin və girovlar haqda məlumatların verilməsi tələb edilir. Təəssüf ki, Ermənistan uzun illər itkinlərlə bağlı Azərbaycana hər hansı məlumat verməmişdir.
Amma 2020-ci ilin noyabrında torpaqlarımız işğaldan azad olunandan sonra kütləvi məzarlıqların aşkar edilməsi, orada aşkarlanmış şəxslərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təhvil verilərək dəfn edilməsi prosesi davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və tikinti işləri zamanı belə məzarlıqlar aşkar olunur və bu günə kimi 200-dən çox itkin şəxs müəyyən edilərək öz doğmalarına təhvil verilmiş və dəfn olunmuşdur. Hazırda isə 3800-ə yaxın itkin şəxsimiz var və onların axtarışı davam etdirilir. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüququn tələblərini pozaraq itkin düşmüş şəxslərin basdırıldığı kütləvi məzarlıqlar və girov saxlanılan şəxslər haqqında məlumat vermir.
Biz bu məsələni beynəlxalq ictimaiyyətin gündəliyində saxlamalı və Ermənistanın müvafiq addımlar atması üçün təzyiq göstərilməsini tələb etməkdə davam etməliyik. Təəssüf ki, hələ də beynəlxalq ictimaiyyətin azərbaycanlı itkinlərlə bağlı Ermənistana hər hansı bir təzyiqinin şahidi olmamışıq. Bu isə beynəlxalq humanitar hüququn işləməməsi deməkdir.
Bütün bunlara baxmayaraq, dövlətimiz itkin və girov saxlanılan şəxslərlə bağlı araşdırmaları davam etdirir və sonuncu itkin şəxs müəyyən edilənədək bu məsələni beynəlxalq təşkilatlarda qaldıracaqdır. Məqsəd isə hər bir itkin şəxsi taparaq öz doğmalarına qovuşdurmaq və adət-ənənələrimizə uyğun olaraq torpağa tapşırmaqdır. Bu həm də on illərdir gözü yolda olan ailələr üçün bir təsəlli olur”.
Nicat Rüstəmzadə
13:03 30.08.2025
Oxunuş sayı: 6670