Bakıda Xəzər və Mərkəzi Asiyada təmiz enerjinin gələcəyi müzakirə olunacaq

Dekabrın 3-4-də Bakıda ilk dəfə "Go Net Zero Energy - Xəzər və Mərkəzi Asiya" sammiti keçiriləcək.
Crossmedia.az
xəbər verir ki, tədbirin mövzusu "Regionun təmiz enerji inkişafı
potensialının açılması" olacaq. Sammit dayanıqlı energetika və enerji
keçidi sahəsində aparıcı oyunçular üçün dialoq platforması rolunu oynayacaq.
Sammitin
əsas mövzuları təmiz enerji sahəsində tənzimləmə və infrastrukturun inkişafı,
investisiyaların cəlb edilməsi, bərpa olunan enerji mənbələrinin (BOEM) enerji
sistemlərinə inteqrasiyası, enerji keçidi üçün innovativ texnologiyaların tətbiqi,
"yaşıl hidrogen" istehsalının perspektivləridir.
Azərbaycan
2027-ci ilə qədər enerji sektorunu üçdə bir "yaşıl" etmək hədəfi
qoyub. Özbəkistan və Qazaxıstan da bu sahədə qanunvericilik təşəbbüslərini irəli
sürür və elektrik şəbəkələrini modernləşdirirlər. Bu baxımdan, sammitdə xüsusilə
tənzimləyici islahatlara, vergi stimullarına və sərhədlərarası infrastrukturun
inkişafına diqqət yetiriləcək.
Praktiki
nümunələr sırasında Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə
verilməsi, Xəzərdə dəniz külək parklarının qurulması layihələri yer alır.
BOEM-lərin enerji sistemlərinə sürətlə inteqrasiyası fonunda enerji saxlama
texnologiyaları, rəqəmsal həllər və hibrid modellər enerji balansının
qorunmasında əsas müzakirə mövzularından olacaq.
Sammitdə
xüsusi diqqət "yaşıl hidrogen"ə yönələcək. Bu sahə region üçün
strateji əhəmiyyət daşısa da, eyni zamanda çətinliklərlə üzləşir - su
ehtiyatlarının məhdudluğu, duzsuzlaşdırma texnologiyalarına ehtiyac, yüksək
istehsal xərcləri və iri infrastruktur tələb olunur. Forumda bu istiqamətin
ixrac potensialı və Avropa İttifaqının marağı ayrıca müzakirə ediləcək.
Qeyd
edək ki, Sumqayıtda "yaşıl hidrogen" istehsalının başlanması
planlaşdırılır. Milli planlara əsasən,
2027-ci ilə qədər Azərbaycanda ümumi gücü 2 QVt olan səkkiz sənaye günəş və külək
elektrik stansiyası inşa ediləcək. Layihələrin maliyyələşdirilməsi üçün 2,7
milyard ABŞ dolları həcmində yerli və xarici investisiya cəlb olunacaq.
Bu
stansiyalar hər il 5,3 milyard kVt/saat "yaşıl enerji" istehsal etməyə
imkan verəcək, bərpa olunan enerji mənbələrinin payı enerji sistemində 32,6 %-ə
çatacaq, 1,2 milyard kubmetr qaz qənaət olunacaq və istixana qazı emissiyaları
2,5 milyon ton azaldılacaq. Azərbaycanın
2030-cu ilə qədər məqsədi isə BOEM üzrə quraşdırılmış gücü 6 QVt-a
çatdırmaqdır. Bunun 4 QVt-ının ixracı planlaşdırılır.
19:17 28.08.2025
Oxunuş sayı: 747