Nazirlik: Aqrar sektorda süni intellektin tətbiqi genişlənib

Azərbaycanda aqrar sahədə süni intellektin tətbiqi genişlənib.
Crossmedia.az xəbər verir ki, bunu "Aqroparkların inkişafında yeni mərhələ" mövzusunda keçirilən tədbirdə "Aqrar sahədə süni intellektin tətbiqi imkanları" mövzusunda təqdimat edən aqrar sahədə süni intellekt layihəsinin rəhbəri Surxay Novruzov bildirib.
Hazırda nazirliyin bu istiqamətdə həyata keçirdiyi layihələr
barədə iştirakçıları məlumatlandıran S.Novruzov qeyd edib ki, üzərində iş gedən
layihələr əkinçilik, bağçılıq, toxumçuluq üzrə ixtisaslaşmış fermerlərə bölgələr
üzrə torpağa uyğun düzgün bitki seçimi aparmağa, regionlar üzrə bitki xəstəlikləri
üzrə risk səviyyələrini müəyyənləşdirməyə və bitki sağlamlığına düzgün nəzarət
etməyə bütün bunlara uyğun olaraq əkinləri planlaşdırmağa imkan verəcək.
Təqdimatlardan sonra aqroparkların fəaliyyətində meydana
çıxan çətinliklər, onların həlli yolları, iri istehsal müəssisələrinin fəaliyyətinin
stimullaşdırılması və digər mövzularla bağlı müzakirələr aparılıb. Müzakirələrdə
çıxış edən aqroparkların təmsilçiləri rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının
istehsalı, emalı, qablaşdırılması və ixracı ilə bağlı vəziyyət barədə geniş məlumat
verib, mövcud potensialın daha səmərəli dəyərləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Aqropark nümayəndələri, həmçinin, suvarma suyu təminatı, meliorativ tədbirlər,
enerji təminatı və ekoloji məsələlərlə bağlı çətinliklərinin olduğunu və
problemlərin həlli istiqamətdə dövlət dəstəyinə ehtiyac olduğunu bildiriblər.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, səsləndirilən
təkliflər qeydə alınıb, təklif və müraciətlərin
araşdırılması ilə bağlı müvafiq qurumlarla görüşlər planlaşdırılıb.
İştirakçılar Nazirlik ilə aqroparklar arasında səmərəli əməkdaşlığın davam
etdirilməsi üçün bu cür müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini
vurğulayıblar.
17:55 28.08.2025
Oxunuş sayı: 795