Kabusa çevrilən tüstüdən zəhərlənmə halları: İlkin tibbi yardım necə olmalıdır?

Avqustun 25-də Bakının Nərimanov rayonunda yerləşən beşmərtəbəli yataqxanada yanğın baş verib. Hadisə nəticəsində üç nəfər tüstüdən zəhərlənib və onlara təcili tibbi yardım briqadası tərəfindən yerində yardım göstərilib. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə şəhərdəki köhnə yataqxana və yaşayış binalarının təhlükəsizlik vəziyyətini bir daha gündəmə gətirir. Belə halların qarşısını almaq üçün həm yanğın təhlükəsizliyi qaydalarına nəzarət gücləndirilməli, həm də sakinlərdə maarifləndirmə tədbirləri artırılmalıdır.
Belə hallar əvvəllər də olub. Oxşar fəlakətlərin və tüstüdən zəhərlənmə hallarının tez- tez təkrarlanması bir məsələni gündəmə gətirir: belə hallarda ilkin tibbi müdaxilə nə olmalıdır?
Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az saytına açıqlama verib.
Həkim, ilk tibbi yadım zamanı insanları ərazidən uzaqlaşdırıb onları oksigenlə təmin etməyin vacibliyini bildirib:
“Ümumiyyətlə, tüstü ilk növbədə hipoksiya yaradır. Əlbəttə ki, burada tüstünün tərkibi də önəmlidir. Kimyəvi mənşəli yanğınlardan əmələ gələn tüstülər, yəni müxtəlif mənşəli tüstülər və s. növləri var. Bəzi tüstülər toksik məhsullardan ibarət olur və onlar orqanizm üçün çox təhlükəlidir. Həmçinin tüstü dəm qazı da ola bilər və bu da orqanizm üçün çox təhlükəlidir. Tüstünün özü karbon qazı ilə zəngin olduğuna görə və oksigen də demək olar ki, mövcud olmadığından bu, boğulma yaradır. Tüstüdən boğulma halları olduğu zaman ölümün səbəbi kimi tüstünün hansı formasının olduğu araşdırılır. Amma istənilən halda yanğın baş verən ərazidə insanları qapalı məkanlardan çıxartmaq lazımdır. Sonra isə ilk tibbi yardım tətbiq olunmalıdır. Eyni zamanda yanğın məhsulları ilə təmasda olmamağa çalışmaq vacibdir. Ən əsas ilkin tibbi yardım isə yanğın zamanı hadisə baş verən mövqedən, qapalı ərazidən insanları uzaqlaşdırmaq və zərərçəkənlərə oksigen verməkdir”.
Nicat Rüstəmzadə
16:26 26.08.2025
Oxunuş sayı: 1365