Rusiya-Ukrayna münaqişəsində ərazi mübadiləsi: Sülhə doğru ağır addım?

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib ki, Rusiya və ABŞ prezidentlərinin görüşü ərəfəsində texniki qruplar Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün ərazilərin mübadiləsi imkanlarını müzakirə edirlər. O, həmçinin Ukraynanın NATO-ya üzvlüyü məsələsinə toxunaraq, bunun üçün bütün alyans üzvlərinin yekdil dəstəyinin vacib olduğunu vurğulayıb.
Məsələ ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlama verib. O bildirib ki, bununla bağlı Rusiya–Ukrayna ərazi mübadiləsi məsələsində təəccüblü heç nə yoxdur: “Prinsip etibarilə bu mövzu çoxdan müzakirə olunub. Biz bunu Rusiya dövlət rəhbərlərindən də eşitmişik. Xarici İşlər Nazirliyi də dəfələrlə bununla bağlı öz fikirlərini bildirib. Mən deyərdim ki, bu gün Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılmasına və yaxud sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələ məhz budur. Əlbəttə, Ukrayna tərəfi buna məcbur olaraq getməli olacaq.
Bu gün Ukraynada yaranmış vəziyyət Rusiya tərəfindən ona başqa seçim imkanı qoymur. Çünki Ukraynanı dəstəkləyən koalisiyanın yardımı nəticəsində biz Rusiyanı nəinki öz sərhədlərinə qaytarmağı, yaxud işğal olunmuş ərazilərin azad edilməsini görə bildik, əksinə, Rusiyanın getdikcə sürətlə irəliləyərək Ukraynanın ərazilərinin işğalını genişləndirdiyinin şahidi olduq. Belə şəraitdə demək olar ki, son zamanlar bu barədə çoxlu məlumatlar yayılır. Ukrayna ordusu Rusiyanın qarşısında tab gətirə bilmir və bunun nəticəsində Rusiya tərəfi öz işğalını genişləndirir.
Hazırda nə koalisiya, nə Ukraynanın özü, nə də Ukrayna ilə birlikdə koalisiyada yer alan qüvvələr Rusiyanı dayandırmaq gücündə deyil. Son zamanlar ABŞ Prezidenti Donald Tramp da siyasətini məhz Ukrayna ilə Rusiyanı barışdırmaq, yaxud sülh müqaviləsi bağlayaraq bu münaqişəyə son qoymaq istiqamətinə yönəldib. Bu mövzuda böyük işlər aparılır, danışıqlar gedir. Lakin danışıqların bu gün Rusiyanın qoyduğu tələb və şərtlərə uyğun aparılmasını istisna etmirəm. Çünki təmas xəttində uğurla irəliləyən tərəf Rusiya olduğu üçün, təbii ki, bu məsələdə Ukraynaya ağır şərtlər təqdim edir.
Ümumiyyətlə, ərazi məsələsində belə bir deyim var: əgər torpaq uğrunda qan tökülübsə, o, yalnız qanla geri alına bilər. Azərbaycanın 30 il işğal altında olan torpaqlarını qan tökərək azad etməsi bunun bariz nümunəsidir. Bu gün Ukrayna isə bu məqsədə nail olmaqdan çox uzaqdır. Digər tərəfdən, Azərbaycan Ermənistanın irəliləməsini dayandırmaqla yanaşı, bəzi istiqamətlərdə hərb tarixinə qızıl hərflərlə yazılan əməliyyatlarla 30 kilometr irəliləyərək uğurlu əks-hücum həyata keçirdi, 22 yaşayış məntəqəsini, o cümlədən Horadiz qəsəbəsini qısa müddətdə azad etdi. Artıq irəliləyə bilməyən düşmən atəşkəs rejimini qəbul etməyə məcbur oldu. Buna səbəb Azərbaycan Ordusunun uğurlu müdafiə və əks-hücum əməliyyatları idi”.
Ekspertin fikrincə Ukraynada isə vəziyyət fərqlidir: “Çünki Rusiyanı nə Ukrayna, nə də koalisiya dayandıra biləcək gücə sahibdir. Belə olan halda, atalar sözündə deyildiyi kimi, “ziyanın yarısından qayıtmaq xeyirdir” prinsipi ilə indi Ukraynanın bu münaqişəyə son qoymaq üçün yollar axtarması təbiidir. Amma bu yollar Ukrayna üçün ağır şərtlərlə nəticələnəcək. Üstəlik, Rusiya–Ukrayna münaqişəsinə nəzər salsaq, 2022-ci ildə belə danışıqlar üçün müəyyən perspektivlərin yarandığını görmək olar.
Ancaq müəyyən səbəblərə görə Ukrayna 2022-ci ildə bu danışıqlara getmədi və razılaşma əldə olunmadı. Nəticədə son iki il ərzində Rusiyanın Ukrayna ərazilərini işğalı xeyli genişləndi. Əvvəllər işğal olunmuş ərazilərin həcmi təxminən 20 faiz idisə, indi 30 faizdən danışılır. Əgər bu proses uzansa, daha böyük ərazilərin işğalı ilə nəticələnə bilər.
Rusiya bunu bilərək, öz hərbi gücünə arxalanaraq və koalisiya daxilində Ukrayna məsələsində mövcud çatlardan faydalanaraq, həmçinin ABŞ-ın Ukraynaya dəstəklə bağlı mövqeyini nəzərə alaraq, demək olar ki, kapitulyasiya aktına bərabər şərtlər irəli sürür. Mən düşünürəm ki, bu şərtlərin qəbul edilməsi istisna deyil. Hazırda Ukraynada bu proseslər gedir.
Ukrayna dedikdə bilirik ki, o, müstəqil şəkildə qərar qəbul etmək imkanına tam sahib deyil. Bu gün Ukraynanın istər daxili, istər xarici siyasəti ona yardım edən və dəstəkləyən böyük dövlətlərin təsiri altındadır. Ərazi məsələsi NATO-da da müzakirə edilir. Bu da ona görədir ki, yalnız Rusiya ilə danışıqlara gedərək Rusiya–Ukrayna münaqişəsini dayandırmaq və Rusiyanın Ukrayna ərazilərini daha da genişləndirməsinin qarşısını almaq mümkündür. Hazırda başqa alternativ variant yoxdur. Bunu həm Ukrayna, həm koalisiya, həm də Rusiya anlayır ki, Ukraynanın mövcud vəziyyəti prinsip etibarilə Rusiyaya qarşı hər hansı ciddi addım atmaq imkanı qoymur”.
Ekspert düşünür ki, uzun müddətdir ərazi mübadiləsi ilə bağlı gedən müzakirələr məhz bununla nəticələnə bilər: “Hansı formada olacağına gəldikdə, mənə elə gəlir ki, Ukrayna məcbur olacaq buna razı olmağa və Rusiyanın qoyduğu şərtləri yerinə yetirməyə. Çünki yalnız bu yolla Ukrayna mövcud vəziyyətdən çıxış tapa və münaqişəyə son qoya bilər.
Digər tərəfdən, bütün dünya artıq Rusiya–Ukrayna münaqişəsindən yorulub, hətta ABŞ Prezidenti Tramp da. Hər iki tərəf həm Ukrayna, həm də Rusiya ciddi itkilər verir. Bütün münaqişələr kimi, bu münaqişə də sülhlə bitməlidir. Sonrakı mərhələdə məsələlərin masa arxasında həlli mümkündür. Hazırda NATO-da da bu istiqamətdə müzakirələr aparılır və konkret addımların atılması yolları axtarılır. Mən düşünürəm ki, yaxın zamanda bununla bağlı müəyyən tarixi hadisələrin şahidi ola bilərik.
Yenə də deyirəm: Ukraynanın buna razı olması bizim atalar sözündə deyildiyi kimi “ziyanın yarısından qayıtmaq xeyirdir” prinsipindən irəli gəlir. Ukrayna bu “ziyanın yarısından” qayıdaraq özünü bu faciədən və ağır nəticələrdən xilas edə bilər”.
Həmayıl
17:38 12.08.2025
Oxunuş sayı: 826