Rumıniyaya Rusiya dronunun düşdüyü təsdiqlənib
Rumıniya prezidenti Nicuşor Dan Qalaç şəhərində yaşayış evinə düşən pilotsuz uçuş aparatının qalıqlarının Rusiya istehsalı olan “Geran-2” dronuna məxsus olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, prezidentin sözlərinə görə, bu nəticə aparılan texniki ekspertiza zamanı təsdiqlənib.
Qeyd edək ki , araşdırma zamanı qalıqlar üzərində “SEPAH-2” yazısı aşkarlanıb, həmçinin tapılan hissələrin daha əvvəl Rumıniya ərazisində müəyyən edilmiş digər Rusiya dronlarının detalları ilə uyğunluq təşkil etdiyi müəyyən edilib.
Nicuşor Dan bildirib ki, hadisə nəticəsində mülki şəxslər xəsarət alıb və yaşayış evinə maddi ziyan dəyib. O, insidentə görə məsuliyyətin Rusiyanın üzrinə düşdüyünü vurğulayıb.
Rumıniya lideri əlavə edib ki, hadisə ilə bağlı aparılan araşdırmanın nəticələri və toplanmış materiallar NATO və Avropa İttifaqına təqdim olunacaq.
Nigar Xəlilli
21:57 31.05.2026
Oxunuş sayı: 54