Paşinyan: Cənubi Qafqaz mühüm tranzit mərkəzinə çevriləcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan, Azərbaycan və ABŞ-nin iştirak etdiyi TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin artıq praktiki icra mərhələsinə qədəm qoyduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Paşinyan bildirib ki, ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısa səfəri Ermənistanın daxili siyasi gündəmində mühüm rezonans doğurub.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Ermənistanın beynəlxalq arenadakı mövqeyini gücləndirəcək. Baş nazir qeyd edib ki, Ağ Ev administrasiyası Cənubi Qafqazı Şərqlə Qərbi birləşdirən mühüm enerji və nəqliyyat tranzit dəhlizi kimi qiymətləndirir.
Paşinyan həmçinin Ermənistanın Şirak, Lori və Tavuş vilayətlərindən keçən nəqliyyat marşrutlarının əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, yaxın perspektivdə həm şimal, həm də cənub istiqamətlərində dəmir yolu əlaqələrinin açılması planlaşdırılır.
“Biz İcevan-Hrazdan və Vanadzor-Gümrü marşrutlarını birləşdirərək ən qısa dəmir yolu xəttini yaradacağıq”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, beynəlxalq investorlar Şirak, Lori və Tavuşdan keçəcək yeni ödənişli avtomobil yolunun inşası ilə bağlı təkliflər irəli sürüblər.
18:14 31.05.2026
Oxunuş sayı: 47