Dövlət Baxçalı: Ciyərlərimiz yanır

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı meşə yanğınları ilə mübarizədə şəhid olanlarla bağlı başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib: “Meşə yanğınları ilə amansız mübarizə davam edərkən sanki ciyərlərimiz yanır. Vətənimizin müxtəlif bölgələrində baş verən yanğınlara dərhal və qətiyyətlə müdaxilə edilir. Dövlətin aidiyyəti qurumları, könüllü yardım təşkilatları, axtarış-xilasetmə qrupları səfərbərlik ruhu ilə yanğınların yayılmasının qarşısını almaq və sonradan söndürmək məqsədilə gecəni gündüzə qatırlar. Lakin geniş və intensiv alovla mübarizə iqlim və ətraf mühitin təsirləri səbəbindən çətin keçir. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, yaşıllığımızı, meşələrimizi və meşə həyatını qorumaq üçün qəhrəmancasına səylər göstərən vətən övladlarının acı xəbərləri hər kəsi və hamımızı kədərləndirir. Əskişəhərin Seyitqazi rayonundakı meşəlik ərazidə baş verən yanğında 5-i meşə işçisi, 5-i AKUT könüllüsü olmaqla təəssüf ki, 10 övladımız şəhid olub. Meşələrimizi müdafiə edərkən şəhid olan qəhrəman övladlarımıza Uca Allahdan rəhmət diləyir, hörmətli ailələrinə və əziz millətimizə səbir və başsağlığı arzulayıram. Hal-hazırda müalicə altında olan övladlarımıza da şəfa diləyirəm”,- deyə paylaşımda bildirilir.
Nəzrin Salmanova
13:52 26.07.2025
Oxunuş sayı: 1091