Rahim Sadıqbəyli: Azərbaycanla İsveç arasında mədəni körpü yaratmaq istəyirəm
Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında istedadlı sənət adamlarının rolu danılmazdır. Vətən müharibəsində əldə olunan tarixi qələbə Azərbaycanın dünyaya çatdırdığı mesajların coğrafiyasını da genişləndirib. Bu mərhələdə xaricdə yaşayan soydaşlarımızın, xüsusilə ictimai və yaradıcı sahələrdə tanınan diaspor nümayəndələrinin fəaliyyəti ölkəmizin tarixinin, mədəniyyətinin və qazandığı uğurların beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verir. Azərbaycanı yaşadıqları ölkələrdə layiqincə təmsil edən, milli dəyərlərimizi yaradıcılıqları vasitəsilə tanıdan soydaşlarımızın həyat və fəaliyyətini diqqətə çatdırmaq məqsədilə “Zəfər diasporu” layihəsi çərçivəsində müsahibələr silsiləsini davam etdiririk. Layihənin növbəti buraxılışlarında müxtəlif ölkələrdə yaşayan nüfuzlu azərbaycanlılarla onların fəaliyyəti, yaradıcılığı və Azərbaycanın dünyada tanıdılması istiqamətində gördükləri işlər barədə söhbətləşirik. Redaksiyamızın bugünki qonağı İsveçdə yaşayan azərbaycanlı rejissor, ssenarist, aktyor, jurnalist Rahim Sadıqbəylidir.
- Siz müstəqil Azərbaycanda kino və televiziyanın formalaşdığı bir dövrdən keçmisiniz, sonra isə İsveç media mühitində fəaliyyət göstərmisiniz. Bu iki fərqli sistem sizə insanı və cəmiyyəti göstərmək baxımından hansı iki tamamilə fərqli dərsi öyrədib?
- Bizim nəsli sovet uşaqları adlandırırlar. 90-cı illərin əvvəələrində nəhəng bir imperiya çökdü. İncəsənətin digər növləri kimi kino da sovetin bizə qoyduğu sistemin sənəti idi. Televiziyada əyləncə olsa da əslində böyük bir təbliğat maşını idi. Təsadüfü deyil ki, mənfur qırmızı ordu 1990-cı il 20 yanvarında Azərbaycana təcavüz etdiyində ilk gördükləri terror və təxribat televiziyanın enerji blokunun partladılması oldu. Bütün müsahibələrimdə hər zaman qeyd edirəm ki, içi mən qarışıq Azərbaycanfilm kinostudiyasının fədakar kollektivinin insiativi ələ alaraq hadisələrin xronikasını lentə almasaydı o vaxtkı dünya və bu günkü nəsil 20 yanvar hadisələrindən bixəbər olardı. Sizin də qeyd etdiyiniz kimi bizim nəsil mütəqil Azərbaycanda kino və televiziyanın formalaşdığı bir dövrdən keçdi. İsveçə köçəndə qarşıma bir məqsəd qoydum. Nəyin bahasına olursa olsun əziyyət olsa belə yaşadığım ölkənin rəsmi dilini öyrənib yalnız televiziya və kino sahəsində işləyəcəyəm. Allaha şükürlər olsun ki, zehin açıqlığı ilə tezliklə İsveç dilini öyrəndim və əvvəl yaşadığım şəhər bələdiyyələrinin nəzdində web tv-lərdə işlədim daha sonra paytaxt Stockholma köçərək İsveçin Dövlət İctimai kanalı SVT-də sujetlər prodüsseri daha sonra iki layihədə proddüsser olaraq çalışdım. Elə ordaca biri qısa metrajlı olmaqla iki bədii filmin və bir serialın prodüsseri kimi çalışdım. Gələk sizin sualınıza. Əgər bu iki tamailə fərqli sistemin televiziya və kino sahəsinə baxarsan, həm kinoda və ən əsas da həm televiziyada müqayisə olunmaz dərəcədə azadlıq var. İsveç 3 Oskar mükafatçısı, 7 Kann festivalı, Berlin eləcə də digər Avropa və Dünya festivallarında bir neçə dəfə ən ali mükafatlar alan teatr və kino rejissoru, prodüsseri və dramaturqu İngmar Berqmanın vətənidir. İsveçdən öyrənəcəyimiz çox şeylər var deyə bilərəm. Fəxr edirəm ki, İngmar Bergmanın ən yaxşı və istedadlı tələbəsi Gorran Sarringlə də iş birliyimiz oldu. Niyə İngmar Berqmanın adını çəkdim? Çünki onun mükafat almış filmləri belə İsveçdə tamaşaçı toplaya bilmir. Amma buna baxmayaraq o bütün filmlərini dövlət qurumu olan Svenska Film institutunun dəstəyi ilə çəkib. Svenska Film instituten kino istehsalına pul ayıranda heç bir yaradıcı şəxslərə müdaxilə etmir. Yetər ki, sənədlər düzgün olsun. Təşkil olunan münsiflər heyəti və ya seçim komitəsi bu və ya digər ssenariyə qarşı subyektiv fikirlər deyə bilər. Ona görə də bu ənənələrdən uzaq olurlar. Çəkilən filmlərin isə keyfiyyətsiz olması imkanı yoxdur. Çünki həm rejissorlar və həm də kino istehsalında işləyən digər əməkdaşlar öz işlərinə çox ciddi münasibət göstərirlər. İsveçin çox böyük kino akademiyası və televiziya tədris müəssisələri var. Mən ümüd edirəm ki, nə vaxtsa bizdə də belə professional tədris sistemi yaranar. Çünki həm kino və həm də televiziya spesifik sahədir. Uzun oldu cavab deyəsən. Bağışlayın.
- 2003-cü ildə “Bəyaz həyat”ı çəkdiniz və həmin layihə Azərbaycanda tele-serial janrının ilk nümunələrindən biri oldu. Bu gün geriyə baxanda həmin serialda dəyişməsini istədiyiniz nə isə varmı, yoxsa o film öz dövrünün tam portretidir?
- ”Bəyaz həyat” serialı mənim yaradıçılığımın şah əsəridir desəm yanılmaraq. O dövrdə belə film çəkmək çox böyük cəsarət tələb edirdi. Bildiyiniz kimi bu film Vüqar Ercanın ”Məhəbbət təcrübəsi” adlı romanı əsasında çəkilib. Düzü romanı oxuyandaməndə qəribə bir hiss yarandı. Yenidən oxudum və özüm üçün qeydlər apardım. O zaman mən ATV-nin yaradıcılıq işləri üzrə vitse prezidenti və baş rejissoru idim. Sonra müəlliflə görüşdüm və serial çəkmək istədiyimi dedim ona. Çox mübahisələr oldu bizim aramızda. Bu da təbiidir. Nəhayət serialı çəkib başa vurdum. Sponsor Nahit Kabakçı dedi ki, serialı mən Spase kanalına verəcəyəm. Əvvəl tərəddüd etdim. Amma Spase-nin o dövrdəki sədri Etibar Babayevlə görüşəndən sonra ən düzgün seçim olduğu qənaətinə gəldim. Və… bu serial elə bir səs-küy qaldırdı ki, özümüz də gözləmədiyimiz nəticəni aldıq. Amma o serialdan sonra mən Azərbaycandan gedəsi oldum. Dəyişərdimmi? Xeyr. Amma baxmayaraq ki, filmin bir qısa versiyası Krımda televiziya filmləri festivalında mükafat alıb, biz yenə də filmin ikinci qısa versiyasını hazırlamışıq. Üç çəkiliş günümüz var daha sonra müasir günümüzlə əlavə olaraq iki saatlıq film kimi ”Bəyaz həyat” inşallah ekranlara yenə də gələcək. İnşallah bu filmi Azərbaycanın qüdrətli sənətkarı Rasim Balayevin əziz xatirəsinə həsr edəcəyik.
- Azərbaycandan İsveçə köçəndə qarşınızda sadəcə yeni ölkə deyil, tamamilə fərqli bir media və həyat fəlsəfəsi açıldı. Köç etdiyiniz ilk illərdə “kaş bunu Azərbaycanda da görəydik” dediyiniz ən ciddi media təcrübəsi nə olub?
- Dəfələrlə olub, əlbəttə. Əslində bu suala yuxarıda bir az da olsa cavab verdim. Amma daha geniş götürsək elə ilk dəfə 1994-cü ildə Almaniyaya ARD və SDF kanallarına və daha sonralar ABŞ-nin ABC və NBC kanallarına və Londonda BBC-kanalına təcrübəyə getdiyimdə ürəyimdən keçən ilk arzu bu olub “kaş bunu Azərbaycanda da görəydik”. Amma bu arzumun bir qismini Azərbaycanda da həyata keçirə bildim. ATV- kanalında ilk işə başladığım dövrdə beş oxşar və dörd fərqlı tv layihələri həyata keçirdim. ”Sirli Avrasiya”, ”Sheyker” ,”Russkie zvezdı” , ”ATV maqazin”, ”106 Haus”, ”İzzət shouv”, ”Rəhim Rəhimli shov” və s. bunlar mənim layihələrimdir. İsveç tv-da da bir neçə layihənin həmmüəllifi oldum. Və indi halhazırda arxivimdə sırf Azərbaycana və Diasporaya yönəlik iki talk shov bir relity shov var. İnşallah nə vaxtsa həyata keçər.
- Siz həm sənədli, həm bədii filmlər çəkir, həm də kriminal romanlar və ssenarilər yazırsınız. Rejissor üçün real həyat daha güclü ssenaristdir, yoxsa bəzən reallıqdan uzaqlaşmaq daha maraqlı hekayə yaratmağa imkan verir?
- Əla sual verdiniz və bu suala görə sizə xüsusi təşəkkür edirəm. Tək rejissor üçün deyil roman və ssenari yazan hər kəs üçün əsas mativasiya həyatın özü və reallıqda baş verən hadisələrdir. Amma təbii ki, ona bir qədər yaradıcılıq və fantaziya qatanda bu artıq bədii tərəfi gücləndirir və əsəri daha oxunaqlı edir. Məhşurlar bu barədə belə deyirlər: Stendal: "Roman, böyük bir yol boyu gəzdirilən güzgüdür." Albert Kamyu: "Roman, insanın öz taleyini özünün formalaşdırdığı bir nostalgiyadır." Virciniya Vulf: "Roman – hər tərəfə dağılmış həyat qırıntılarına bir nizam vermək cəhdidir." Fodor Dostoyevski: "Yaxşı bir roman yazmaq üçün insanı bütün ziddiyyətləri, qaranlıqları və işıqlı tərəfləri ilə tanımaq lazımdır."
Mən ümumiyyətlə kriminal və detektiv əsərləri çox sevirəm. Kitabxanamda əsasən Fyodr Dostayevski, Çingiz Abdullayev, Aqata Kristi, isveçli Hennig Mankell, Mario Puzo və bu kimi müəlliflərin kitabları daha çox yer alır. Ən çox da sevdiyim ”Xaç atası” kriminal romanının müəllifi Mario Puzodur. Kinosu da var bilirsiniz. Onun demək olar ki, bütün əsərlərini oxumuşam. Hətta Siciliyaya getməyi və ordakı kəndləri gəzməyi də düşünürəm. Konkret sualınıza cavab. Bütün hekayələr həyatdan götürülür. Yaza bilən qələm sahibi üçün ən böyük istinad mənbəsi həyatın özüdür.
- İsveçdə yaşayan azərbaycanlıların həyatını müşahidə edən bir rejissor kimi, Azərbaycan cəmiyyətinin ölkədən kənarda yaşayan insanlarında ən çox dəyişən xüsusiyyətinin nə olduğunu düşünürsünüz: dünyagörüşü, milli kimlik, ailə münasibətləri, yoxsa azadlıq anlayışı?
- Hərəsində fərqlidir və fərdidir. Bu dövrdə rast gəldiyim bütün insanlarda dediyiniz xüsusiyyətlər var. Məsələn bir yarı ateist olan ailənin üzvü İsveçə gəlib namazqılan olur. Və yaxud uşaqlar dərk etmədən radikal dini cərəyanlara qoşulurlar. Əlbəttə çoxunda dünyagörüşü də dəyişir. Amma ümumiyyətlə götürəndə hamıda bir Vətən həsrəti bir nisgillik var. Mən həm də Diaspora fəalıyam və bacardığım qədər orda bayram keçirən diaspora fəalları vətəndaşlarımıza kömək edirəm. İnanın ki, bayram tədbirləri qurtarır amma heç kəs evə getmək istəmirlər. Dəfələrlə bunun şahidi olmuşam. Başqa bir misal: Bildiyiniz kimi küçədə aksiya keçirmək üçün polisə ərizə ilə qabaqcadan müraciət etmək lazım olur. Çox nadir hallarda bu müraciətlərə mənfi cavab verilir. Müraciətlər də icazə almaq üçün deyil əsasən təxribatın olmaması üçün polisin aksiya yerindən xəbərdar olması vacibdir. 2020-ci il noyabrın 10-u Şuşa işğaldan azad olunan gün biz aksiya üçün müraciət etdik. Müraciətimizə cavab 3 gündən sonra olmalıydı. Həmvətənlərimizdən bir neçəsi maşınlarına bayraq taxıb küçəyə çıxdılar. Bunu eşidən digər güneyli-quzeyli Azərbaycanlılar da aksiyaya qoşuldular. Sonra Türkiyədən, İrakdan, Çindən, Pakistandan olan dostlar da bizim aksiyaya qoşuldular. İnanın cəmi bir saatın içində böyük bir maşın karvanı üzrəngli Azərbaycan bayraqları ilə küçələrdən şütüməyə başladı. Daha sonra televiziya qülləsinin yanındakı ərazidə toplaşdıq. Səs gücləndirici ilə musiqi qorub rəqslər etdik. Polis gəldi dedim təşkilatçı mənəm. Bir söz demədi amma xahiş etdi ki, yarım saata dağılışın. Biz də ”Azərbaycanlı olaraq” bir saatdan sonra meydanı boşaltdıq.
- “Stockholm şəbəkəsi” kimi kriminal mövzulu əsərlərin müəllifisiniz. Sizi kriminal aləmin özü daha çox maraqlandırır, yoxsa cinayətin arxasında dayanan insan psixologiyası və cəmiyyətin yaratdığı səbəblər?
- ”Stockholm şəbəkəsi” mənim 4-cü romanımdır. İlk əsərim ”Bir ümiddir yaşamaq” Türkiyədən bəs edir. Bu da kriminal romandır və əsərin qəhramanı Azərbaycanlı iş adamıdır. İkinci romanım ”Ömrün qış fəsli” adlanır. Bu bir oğlu şəhid olan və digər oğlu İsveçdə yaşayan və 20 il əvvəl həyatdan getmiş xanımının ruhu ilə yaşayan hərbi həkimin hekayəsidir. Hal-hazırda bu əsər ssenari kimi yazılıb və gələn il inşallah film kimi çəkməyi nəzərdə tuturam. Üçüncü əsərim ”Məxfi əməliyyat” adlanır. Bu isə tam fərqli, adam oğurluğu, orqan ticarəti ilə məşğul olan Beynəlxalq səviyyəlli böyük bir bandanın ifşa edilməsi hekayəsidir. Banda başçılarının arxasında isə Dövlət çevrilişi etmək istəyən Dövlətin ən yüksək kürsülərində oturan keçmiş məmurlardır. Bu çox bahalı bir layihədir. Amma bunun da film həlli var. ”Stockholm şəbəkəsi” romanımın əsas qəhramanları isveçli arxeoloq Karin, azərbaycanlı jurnalist Elvin olsalar da burda da mühacirlər, narkotika ticarəti, dini radikalizm, bir sıra ölkələrin əsasən də Rusiya FSB-sinin agentlik və təxribatçılıq şəbəkə nümayəndələrinin İsveçdə olan dini, etnik qurupların radikallaşması üçün hər cür cinayətə əl atmaları romanda bir xətt olaraq keçir. Bütün romanlarımda həm kriminal aləmin özü, həm cinayətin arxasında dayanan insan psixologiyası və əlbəttə ki, cəmiyyətin yaratdığı səbəblər hamısı mənim maraq dairəmdədir. Əgər sadaladığınız komponentlərin biri olmasa məncə roman bayağı və sönük olar. ”Stockholm şəbəkəsi” romanı həm Azərbaycan və həm də İsveç dillərində yazılıb. Yəni mən romanı həm də isveç dilində yazmışam. İsveç variantının adı ” Förening” yəni drnək-ictimai təşkilatdır. Romanda kriminal hekayədən başqa həm İsveç icimaiyyətinə Azərbaycan haqqında və həm də Azərbaycan ictimaiyyətinə İsveç haqqında tarixi faktlara söykənən məlumatlar var.
- Sizin yaradıcılığınızda Azərbaycanla İsveç arasında görünməz bir körpü var. Heç düşünmüsünüzmü ki, bir gün yalnız Azərbaycan-İsveç münasibətlərini deyil, bu iki cəmiyyətin insanlarını bir-birinə tanıdan böyük bir sənədli film çəkəsiniz? Filminiz nədən başlayardı?
- Hər halda Qobustandan, Şəkinin Kiş kəndindən, Qəbələnin Niç kəndindən və Nobel qardaşlarından. Amma indi elmi əsər yazmağı düşünürəm. Çünki ”Skandinavia-Azərbaycan əlaqələri” haqqında hərtərəfli və samballı bir əsər yoxdur. Gələn il inşallah bu sahədə müdafiə etmək fikrindəyəm. Bu barədə çoxlu ədəbiyyat da əldə etmişəm və araşdırmalarım davam edir.
- 50 ildən artıq həyat təcrübənizə və kino-televiziya sahəsində keçdiyiniz yola baxanda, gənc Rahim Sadıqbəyliyə bu gün yalnız bir cümlə demək imkanınız olsaydı, ona nə deyərdiniz?
- (gülür) Bu qədər də qocaltmayın məni xahiş edirəm. Onsuz da yaşımı eşidəndə hövllənirəm. 42 ildir bu sənətdəyəm. 23 yaşımda Vaqif Mustafayev (Mənim üçün Azərbaycanın ən məhsuldar və qeyri adi istedada malik ustad rejissor və ssenari müəllifi) məni ”İmtahan” adlı mozalana çəkmişdi. Mən Məmmədov idim sujetdə. İmtahanda bütün suallara cavab verdiyimə rəğmən müəllim haqqımı vermədi. Mənim olan qiyməti vəzifə sahibləri olan Qayıbovlara yazdı. Mənə isə əla əvəzinə kafi yazdı. Daha sonra ”Qətl günü” filmində işləyərkən Gülbəniz xanım məni Ələddin Abbasovun gəncliyi roluna çəkdi. Və bir neçə film daha…Mən xoşbəxtəm ki,gəncliyimdə Azərbaycanın qüdrətli sənətkarları korifeylərlə işləmişəm. Ruhları şad Həsənağa Turabov, Diktor Rafiq Hüseynov, Həsən Məmmədov, Fuad Poladov, Rasim Balayev, Siyavuş Aslan, Hamlet Xənizadə, Şahmar Ələkbərov, Telman Adıgözəlov, Yaşar Nuri, Hafiz Fətullayev, Gülbəniz Əzimzadə, Nazim Abbas, Tofiq Tağızadə, Rasim Ocaqov, Ramiz Novruzov, Ramiz Məlikov Allah hamısına qəni-qəni rəhmət eləsin. Allah yaşayan əfsanələrimizə də uzun ömür can sağlığı versin. ”İmtahan”dakı gənc Məmmədovun rolunu oynayan Rahimə deyirəm: ”Oğulsan! Yola davam…Bir ümiddir yaşamaq…”
20:00 18.09.2026
Oxunuş sayı: 105