İspaniyada miqrantların köçürülməsi gərginliyə səbəb oldu
İspaniyanın Şimali Afrikadakı Seuta ərazisində çimərliklərdə məskunlaşan 3 mindən çox miqrant liman ərazisində yaradılan müvəqqəti düşərgəyə köçürülür.
Crossmedia.az xəbər verir ki, “EFE” bu barədə məlumat yayıb. Sentyabrın 18-də başlayan əməliyyata 170-dən çox polis əməkdaşı, o cümlədən pilotsuz uçuş aparatları üzrə mütəxəssislər cəlb olunub. Miqrantların düşərgəyə qruplar şəklində buraxılması zamanı izdiham yaranıb və bəzi şəxslər polis kordonunu yararaq əraziyə daxil olmağa çalışıblar.
Gərginlik zamanı polisin havaya atəş açdığı bildirilib. Vəziyyət qısa müddətdə nəzarətə götürülüb və köçürülmə prosesi davam etdirilib.
Liman ərazisindəki yeni müvəqqəti düşərgə təxminən 1 700 nəfər üçün nəzərdə tutulub. İspaniya hökumətinin məlumatına görə, Seutada hazırda 9-10 min miqrant qala bilər və mövcud düşərgənin tutumu onların hamısını yerləşdirməyə kifayət etmir.
Əməliyyatın məqsədi miqrantları çimərliklərdəki qeyri-müəyyən yaşayış şəraitindən çıxararaq onların müəyyənləşdirilməsi və inzibati statuslarının fərdi qaydada qiymətləndirilməsi üçün xüsusi məntəqələrdə yerləşdirməkdir.
18:49 18.09.2026
Oxunuş sayı: 45