Milli Musiqi Günüdür - Azərbaycanı dünyaya hansı musiqi ilə tanıdardınız?
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. Azərbaycan musiqisi əsrlər boyu xalqımızın tarixini, mədəniyyətini və milli kimliyini özündə yaşadan mühüm dəyərlərdən biri olub. Muğamdan xalq mahnılarına, klassik əsərlərdən müasir musiqiyə qədər zəngin musiqi irsimiz var.
Bəs təsəvvür edin ki, qarşınızda Azərbaycan musiqisini ilk dəfə dinləyəcək bir xarici vətəndaş dayanıb. Ona ölkəmizi və musiqimizi tanıtmaq üçün yalnız bir əsər seçmək imkanınız var. Görəsən, Bakı sakinləri hansı musiqini seçərdilər?
Biz də bu sualla şəhər sakinlərinə müraciət etdik.
Sakin Firdovsi Şahtaxtlı Crossmedia.az-a bildirib ki, o Qədir Rüstəmovun "Sarı bülbüllər" mahnısı ilə Məhəbbət Kazımovun "Laçınım" mahnısını xarici qonağa tövsiyyə edər.
Ağayusif Naeimi isə Abbas Bağırovun "Bakı" və Polad Bülbüloğlunun "Mой Азербайджан" musiqilərini xarici turistə dinlətdirəcəyini qeyd edib.
Ayan Vəlizadə isə deyib ki, Röya Ayxanın mahnıları ölkəmizdəki kimi xarici vətəndaşlar üçün də maraqlı olar.
Fəridə Aşralova isə Brilliant Dadaşovanın Norveç xoru "Skruk" və "Rast" qrupu ilə birlikdə ifa etdiyi "Sarı Gəlin" mahnısının turistlər üçün maraqlı ola biləcəyini düşünür.
Hüseyinli Nərminə qeyd edib ki, Röya Ayxanın "Həsrət Nəğməsi" və Elmira Rəhimovanın "İntizar" mahnılarını qonaqlara dinlətdirəcək.
Səidə Nurməmmədli Emin Sabitoğlunun "Aman Ayriliq" əsərini turistlərə tövsiyyə edəcəyini deyib.
Cavablar göstərdi ki, hər kəsin Azərbaycan musiqisini ifadə edən öz seçimi var. Kimisi muğamı, kimisi klassik əsərləri, kimisi isə sevdiyi xalq və müasir musiqilərdən birini xarici qonağa təqdim etmək istəyir.
Əslində, seçilən əsərlər fərqli olsa da, məqsəd eynidir: Azərbaycanı musiqi vasitəsilə tanıtmaq. Çünki bəzən bir musiqi əsəri bir ölkənin tarixini, duyğularını və mədəniyyətini uzun sözlərdən daha yaxşı ifadə edə bilir.
Milli Musiqi Günündə bir daha xatırlayırıq ki, Azərbaycan musiqisi bizim təkcə keçmişimiz deyil, dünyaya təqdim etdiyimiz mədəni sərvətimizdir.
Məhəbbət Tərlanoğlu
Fatimə Cabbarlı
20:42 18.09.2026
Oxunuş sayı: 42