Əşrəf Tağıyev: “Golden Saxophone”un finalını Şuşada keçirmək istəyirəm
Musiqi yalnız səhnədə səslənən sənət deyil, həm də xalqlar və ölkələr arasında körpü yaradan güclü mədəniyyət vasitəsidir. Xaricdə yaşayan azərbaycanlı yaradıcı insanların fəaliyyəti isə bu körpü üzərindən Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin və milli dəyərlərinin daha geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycanın həqiqətlərinin və uğurlarının dünya ictimaiyyətinə çatdırılmasında diasporumuzun fəaliyyəti də yeni mərhələyə qədəm qoyub. Xaricdə yaşayan nüfuzlu diaspor nümayəndələrimizin, xüsusilə yaradıcılıq sahəsində fəaliyyət göstərən soydaşlarımızın Azərbaycanı təbliğ etməsi bu prosesin mühüm istiqamətlərindən biridir.
“Zəfər diasporu” layihəsi çərçivəsində bu prosesi davam etdirərək, müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən nüfuzlu diaspor nümayəndələrimizlə silsilə müsahibələr təqdim edirik.
Növbəti müsahibəmiz Azərbaycan–İrlandiya mədəni əlaqələrinin inkişafına töhfə verən, musiqi və yaradıcılıq fəaliyyəti ilə ölkəmizi İrlandiyada təbliğ edən Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyasının sədri, “Ashraf & Anna Music School”un təsisçisi və direktoru, “Golden Saxophone” Beynəlxalq Müsabiqəsinin prezidenti, Azərbaycanın İrlandiyadakı mədəniyyət xadimi Əşrəf Tağıyevdir. Müsahibədə onun yaradıcılıq fəaliyyəti, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması, diaspor fəaliyyətinin əhəmiyyəti və Azərbaycan–İrlandiya mədəni əlaqələrinin gələcək perspektivləri barədə söhbət etdik.

- Siz musiqiçi kimi başladığınız fəaliyyətinizi bu gün Azərbaycan–İrlandiya mədəni əlaqələrinin inkişafına yönəlmiş geniş layihələrə çevirmisiniz. Bu dəyişimin arxasında hansı şəxsi hekayə və motivasiya dayanır?
- Musiqi həyatımda çox erkən, təxminən 5–6 yaşlarımdan başlayıb. Atam musiqiçi idi və uşaqlığım musiqi mühitində keçib. Evdə ritm alətləri və piano ilə maraqlanır, musiqiyə böyük həvəs göstərirdim. Sonralar bu maraq peşəkar fəaliyyətə, pedaqoji işə və beynəlxalq musiqi layihələrinə çevrildi. Musiqi mənə müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq imkanı verdi. Zaman keçdikcə daha aydın başa düşdüm ki, musiqi yalnız sənət deyil, xalqlar arasında dialoq yaradan universal bir vasitədir. İrlandiyaya gəldikdən sonra illər ərzində topladığım bu təcrübəni daha geniş bir istiqamətə yönəltmək qərarına gəldim. Məqsədim yalnız musiqi fəaliyyəti ilə məşğul olmaq deyil, Azərbaycan mədəniyyətini İrlandiyada və daha geniş Avropa məkanında tanıtmaq, iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına öz töhfəmi verməkdir.
- İrlandiyada Azərbaycanı təmsil etmək sizin üçün nə deməkdir? Sizcə, Azərbaycan haqqında yerli auditoriyanın təsəvvürünü genişləndirmək üçün nə etmək lazımdır?
- İrlandiyada Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Hesab edirəm ki, bir ölkənin beynəlxalq imici yalnız rəsmi tədbirlər və təqdimatlarla deyil, insanlar arasında yaranan münasibətlər və həmin ölkəni təmsil edən şəxslərin fəaliyyəti ilə formalaşır. Mənim üçün mühüm prinsip budur: hər bir insan öz ölkəsinin canlı təqdimatıdır. Xaricdə yaşayan azərbaycanlı özünü elə bir şəxsiyyət kimi formalaşdırmalıdır ki, onun davranışı, fəaliyyəti, qazandığı nüfuz və həyata keçirdiyi layihələr mənsub olduğu ölkə haqqında müsbət təsəvvür yaratsın. İnsan cəmiyyətdə fərqlənən, faydalı və hörmət qazanan fəaliyyət ortaya qoyduqda təbii olaraq yerli insanların marağı yaranır: “Bu insan kimdir, haradandır, nə ilə məşğuldur?” Bu maraq Azərbaycanı tanıtmaq üçün ən təbii başlanğıc nöqtəsinə çevrilir. Məncə, biz Azərbaycan haqqında yalnız danışmamalı, öz fəaliyyətimizlə Azərbaycanı göstərməliyik. Mən də fəaliyyətimi bu prinsip üzərində qurmağa çalışıram. Musiqi, təhsil, mədəniyyət və beynəlxalq layihələr vasitəsilə elə bir fəaliyyət mühiti yaratmaq istəyirəm ki, insanlar əvvəlcə görülən işə maraq göstərsin, daha sonra onun arxasında Azərbaycan olduğunu tanısınlar. Bu istiqamətdə fəaliyyətimizin İrlandiya mediasının diqqətini cəlb etməsi də mühüm nəticədir. Fəaliyyətimiz haqqında hazırlanmış televiziya filmi sentyabrın 25-də İrlandiyanın RTÉ One kanalında yayımlanacaq. Mən bunu şəxsi fəaliyyətimizin təqdimatından daha çox, Azərbaycan mədəniyyətinin daha geniş İrlandiya auditoriyasına çatdırılması üçün bir imkan kimi qiymətləndirirəm. Mənim üçün əsas məqsəd Azərbaycanı yalnız tədbirlərdə təqdim etmək deyil, Azərbaycan adını insanların yaddaşında konkret insanlarla, onların fəaliyyəti və yaratdığı dəyərlə əlaqələndirməkdir.
- Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyasının davamlı mədəni əməkdaşlıq platformasına çevrilməsini istəyirsiniz. İlk mərhələdə hansı konkret layihələri həyata keçirməyi planlaşdırırsınız?
- Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyasını yalnız tədbirlər keçirən qurum kimi deyil, iki ölkə arasında mədəniyyət, təhsil, incəsənət və yaradıcı əməkdaşlığın davamlı platforması kimi formalaşdırmaq istəyirik. Məqsədimiz ayrı-ayrı tədbirlər deyil, yeni əlaqələr və layihələr yaradan uzunmüddətli əməkdaşlıq sistemi qurmaqdır. Fəaliyyətimizi musiqi ilə yanaşı, kino, teatr, vizual incəsənət, ədəbiyyat, mədəni irs və yaradıcı sənayelər istiqamətində genişləndirmək istəyirik. Azərbaycan və İrlandiya sənətçilərinin qarşılıqlı səfərləri, birgə konsert və sərgilər, film nümayişləri, yaradıcı forumlar, ustad dərsləri, tələbə və müəllim mübadilələri, gənclər və istedadların dəstəklənməsi bu platformanın əsas istiqamətləri ola bilər. Eyni zamanda, İrlandiyanın universitetləri, mədəniyyət və incəsənət qurumları ilə davamlı tərəfdaşlıqlar yaradaraq Azərbaycan mədəniyyətini ölkənin müxtəlif şəhərlərində daha geniş auditoriyaya çatdırmaq, İrlandiya mədəniyyətinin də Azərbaycanda təqdim olunmasına şərait yaratmaq istəyirik. Bu çərçivədə həyat yoldaşım Anna Stepanovanın beynəlxalq konsert fəaliyyətinin bərpası da mühüm layihələrimizdən biridir. Anna Selmer Paris, BG France və Silverstein Works kimi beynəlxalq brendlərin artistidir. Üç-dörd illik fasilədən sonra onun beynəlxalq konsert fəaliyyətini bərpa edirik. İlk mərhələdə Qalvey şəhərində simfonik orkestrin müşayiəti ilə konsert, həmçinin Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert layihəsi nəzərdə tutulur. Bu məsələlər cənab Fuad Muradovla görüşlərimizdə də müzakirə olunub. Bundan əlavə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı yaradıcı insanların əlaqələndirilməsi və beynəlxalq layihələrdə bir araya gətirilməsi də Assosiasiyanın gələcək fəaliyyət istiqamətlərindən biri ola bilər. Mən Assosiasiyanı Azərbaycanla İrlandiya arasında yalnız mədəniyyətin təqdim edildiyi deyil, insanların, ideyaların, biliklərin və yaradıcılıq imkanlarının qarşılıqlı hərəkət etdiyi bir mədəni körpü kimi görürəm. Əsas məqsədimiz bir tədbir keçirmək deyil, bu gün qurulan əlaqələrin sabah daha böyük layihələrə çevrilməsidir.
- “Ashraf & Anna Music School”da Azərbaycan mədəniyyətinə də xüsusi yer verirsiniz. İrlandiyalı bir uşaq Azərbaycan musiqisini ilk dəfə sizin məktəbdə eşidirsə, onun yaddaşında Azərbaycan haqqında hansı təsəvvürün qalmasını istəyərdiniz?
- “Ashraf & Anna Music School” mənim üçün yalnız musiqi məktəbi deyil. Biz burada uşaqların musiqi qabiliyyəti ilə yanaşı, dünyagörüşünün, davranış mədəniyyətinin və məsuliyyət hissinin formalaşmasına da diqqət yetiririk. Azərbaycanın ailə və tərbiyə ənənələri — böyüyə hörmət, ailəyə bağlılıq, nəzakət və məsuliyyət — milli kimliyimizin mühüm hissəsidir. İstəyirik ki, başqa millətlərdən olan uşaqlar da bu dəyərləri Azərbaycan mədəniyyətinin bir hissəsi kimi tanısınlar. Əgər bir uşaq bizim məktəbdən Azərbaycan musiqisi ilə yanaşı, Azərbaycan haqqında xoş və səmimi təəssüratla ayrılırsa, mən bunu mədəni diplomatiyanın ən gözəl nəticələrindən biri hesab edirəm.
- “Golden Saxophone” beynəlxalq müsabiqəsini Bakıya gətirmək və final mərhələsini Şuşada, Cıdır düzündə keçirmək ideyanız var. Bu layihədən gözləntiniz nədir?
- “Golden Saxophone”un artıq müəyyən beynəlxalq tarixə və ənənəyə malik bir layihə olduğunu xüsusi qeyd etmək istəyirəm. Bu müsabiqəni həyat yoldaşım Anna Stepanova ilə birlikdə 2013-cü ildə təsis etmişik. İlk müsabiqə Odessada keçirilib, növbəti mərhələlərdən biri də yenidən Odessada, daha sonra isə 2017-ci ildə Kiyevdə Ukrayna Milli Musiqi Akademiyasında təşkil olunub. Həmin müsabiqənin qala konserti isə Ukrayna Milli Filarmoniyasında keçirilib. Bu illər ərzində “Golden Saxophone” müxtəlif ölkələrdən gənc və peşəkar musiqiçiləri bir araya gətirən beynəlxalq platformaya çevrilib. Müsabiqənin münsiflər heyətində dünya səviyyəsində tanınan sənətçilərin iştirakı da onun peşəkar nüfuzunu göstərən əsas amillərdən biridir. Arno Bornkamp, Alain Crepin, Piet Swerts, Nikita Zimin və digər tanınmış musiqiçilərin layihə ilə müxtəlif illərdə əməkdaşlığı müsabiqənin beynəlxalq musiqi mühitində qazandığı mövqeyi göstərir. Eyni zamanda, müxtəlif illərdə dünyanın ən azı 15 ölkəsindən tanınmış musiqiçilərin, müəllimlərin və gənc ifaçıların bu layihəyə cəlb olunması “Golden Saxophone”un coğrafiyasının nə qədər geniş olduğunu nümayiş etdirir. İndi isə qarşıda duran əsas məqsədimiz bu təcrübəni Azərbaycana gətirmək və müsabiqəni daha böyük beynəlxalq səviyyəyə yüksəltməkdir. Bakının müasir musiqi infrastrukturu və beynəlxalq tədbirlər keçirmək imkanları “Golden Saxophone” üçün çox geniş perspektivlər açır. Burada dünyanın müxtəlif ölkələrindən iştirakçıların, professorların, tanınmış musiqiçilərin və onların ailələrinin bir araya gəlməsi, müsabiqə ilə yanaşı konsertlərin, ustad dərslərinin, yaradıcılıq görüşlərinin və müxtəlif mədəni proqramların keçirilməsi mümkündür. Mənim üçün layihənin ən mühüm tərəflərindən biri də onun yalnız müsabiqə olaraq qalmamasıdır. İstəyirəm ki, “Golden Saxophone” Azərbaycana gələn xarici musiqiçilər üçün ölkəmizin musiqi mədəniyyəti, tarixi və zəngin irsi ilə tanışlıq imkanı yaratsın. Eyni zamanda, iştirakçılar və onların ailələri Azərbaycanın şəhərlərini, mədəniyyət məkanlarını və tarixi abidələrini görsünlər. Beləliklə, musiqi burada mədəniyyət və turizmlə təbii şəkildə birləşə bilər. Final mərhələsinin Şuşada, xüsusilə Cıdır düzündə keçirilməsi isə layihəyə tamamilə başqa məna verə bilər. Şuşa Azərbaycanın musiqi və mədəniyyət tarixində xüsusi yeri olan şəhərdir. Ona görə də dünyanın müxtəlif ölkələrindən gəlmiş gənc musiqiçilərin və tanınmış sənətçilərin müsabiqənin finalında məhz Şuşada bir araya gəlməsi həm sənət, həm də Azərbaycan mədəniyyətinin beynəlxalq təqdimatı baxımından çox böyük əhəmiyyət daşıya bilər. Mən istəyirəm ki, “Golden Saxophone” Azərbaycanda keçirilən növbəti bir müsabiqə deyil, Azərbaycanın beynəlxalq musiqi xəritəsində özünəməxsus yeri olan böyük bir mədəni platformaya çevrilsin. Burada məqsəd yalnız qalibləri müəyyənləşdirmək deyil; müxtəlif ölkələrin musiqiçilərini Azərbaycanda bir araya gətirmək, yeni yaradıcı əlaqələr yaratmaq, Azərbaycan musiqisini dünyaya tanıtmaq və Azərbaycanın mədəni imkanlarını beynəlxalq auditoriyaya göstərməkdir. Əgər bu model uğurla qurularsa, “Golden Saxophone” musiqi müsabiqəsindən daha böyük məna daşıyaraq Azərbaycanı musiqi, mədəniyyət, tarix və yaradıcı əməkdaşlığın beynəlxalq məkanlarından birinə çevirən layihələrdən biri ola bilər.
- Siz “Golden Saxophone”u daha böyük, hətta bir növ “Olimpiya modeli”nə yaxın beynəlxalq musiqi platformasına çevirmək istəyirsiniz. Bunun qarşısında əsas maneələr nələrdir?
- “Olimpiya modeli” deyərkən mən ilk növbədə miqyası deyil, davamlılığı və beynəlxalq ənənəyə çevrilməyi nəzərdə tuturam. Arzum budur ki, “Golden Saxophone” hər dörd ildən bir Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq müsabiqəyə çevrilsin. Bunun üçün layihənin şəxsi təşəbbüs səviyyəsindən çıxaraq institusional əsaslara malik olması, peşəkar beynəlxalq komandanın, dövlət və özəl sektor tərəfdaşlığının, sponsorluq və sabit maliyyə mexanizmlərinin formalaşdırılması vacibdir. Belçikanın Dinan şəhərində keçirilən Adolphe Sax müsabiqəsi göstərir ki, düzgün qurulmuş və davamlı beynəlxalq musiqi layihəsi bir şəhərin dünya miqyasında tanınmasına ciddi təsir göstərə bilər. Mən inanıram ki, Azərbaycanın bunun üçün daha böyük potensialı var. Ölkəmizin zəngin musiqi ənənələri, mədəni irsi, qonaqpərvərliyi və Şərqlə Qərbin qovşağında yerləşməsi belə bir layihəni daha böyük beynəlxalq səviyyəyə çıxarmağa imkan verir.
- Siz Azərbaycan bəstəkarlarının İrlandiyada musiqi təhsili və imtahan repertuarına daxil edilməsini, RIAM ilə Bakı Musiqi Akademiyası arasında əlaqələrin genişləndirilməsini istəyirsiniz. Bu istiqamətdə hansı nəticəni gözləyirsiniz?
- Bu istiqamətdə artıq konkret addımlar atılır. Bu yaxınlarda Bakıda Bakı Musiqi Akademiyasında keçirilən görüş zamanı RIAM ilə Akademiya arasında əməkdaşlıq memorandumu məsələsi müzakirə olunub və memorandum artıq hazırlanıb. Növbəti məqsədlərimizdən biri Azərbaycan bəstəkarlarının, o cümlədən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın əsərlərinin RIAM-ın imtahan proqramında yer almasına nail olmaqdır. Bununla yanaşı, gənc Azərbaycan bəstəkarlarının əsərləri üçün müsabiqə keçirilməsi, seçilən əsərin həm mükafatlandırılması, həm də RIAM proqramına daxil edilməsi ideyası üzərində işləyirik. Mən istəyirəm ki, Azərbaycan musiqisi İrlandiyada yalnız dinlənilməsin, həm də öyrənilsin və peşəkar musiqi təhsilinin bir hissəsinə çevrilsin. Bu, mədəni əlaqələrin daha davamlı və gələcəyə hesablanmış formasıdır.
- Siz müasir dövrdə diasporun rolunu necə görürsünüz? Mədəni diplomatiyanın uzunmüddətli nəticə verməsi üçün hansı yanaşma vacibdir?
- Müasir diasporun əsas vəzifələrindən biri Azərbaycanın milli maraqlarını, dəyərlərini və mədəniyyətini yaşadığımız ölkələrin ictimai, elmi, iqtisadi və mədəni həyatında layiqincə təmsil etməkdir. Burada hər bir azərbaycanlının rolu var. Həkim, alim, müəllim, sahibkar, mühəndis və ya sənətçi — hər kəs öz sahəsində Azərbaycan haqqında müsbət və obyektiv təsəvvürün formalaşmasına töhfə verə bilər. Mən mədəniyyəti bu prosesin ən güclü birləşdirici vasitələrindən biri hesab edirəm. Ayrı-ayrı təşəbbüslər bir-birini tamamladıqda və diaspora nümayəndələri öz təcrübə və imkanlarını birləşdirdikdə daha böyük nəticələr əldə etmək mümkündür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurlar və həyata keçirilən layihələr bizim üçün mühüm istiqamət və örnəkdir. Biz də öz fəaliyyətimizlə bu uğurların dünyada daha geniş tanıdılmasına töhfə verməyə çalışırıq.
- Dövlət dəstəyi sizin fəaliyyətiniz üçün nə dərəcədə vacibdir və belə layihələrin uzunmüddətli maliyyə və institusional dayanıqlığını necə təmin etmək olar?
- Azərbaycanın milli maraqlarına və mədəniyyətimizin beynəlxalq səviyyədə təbliğinə xidmət edən böyük layihələrin həyata keçirilməsində dövlət dəstəyi mühüm əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin diaspor təşkilatlarına və xaricdə Azərbaycanı layiqincə təmsil edən həmvətənlərimizə göstərdiyi diqqət və qayğı bizim üçün böyük stimul və məsuliyyətdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun fəaliyyətimizə göstərdiyi diqqət, etimad və dəstəyi də xüsusi qeyd etmək istəyirəm. Eyni zamanda, uzunmüddətli layihələrin yalnız bir mənbədən asılı olmaması vacibdir. Dövlət dəstəyi ilə yanaşı, özəl sektor, sponsorlar, beynəlxalq fondlar, təhsil və mədəniyyət qurumları və yerli tərəfdaşlarla əməkdaşlıq davamlı model yarada bilər. Məqsədimiz ayrı-ayrı layihələri həyata keçirməkdən daha çox, onları uzun illər yaşada biləcək peşəkar və institusional sistem formalaşdırmaqdır.
- Təsəvvür edək ki, 10 il keçib. Azərbaycan–İrlandiya münasibətlərində sizin fəaliyyətinizin hansı izini görmək istərdiniz?
- On il sonra istərdim ki, fəaliyyətimin nəticəsi yalnız keçirilmiş tədbirlərlə deyil, Azərbaycanla İrlandiya və ümumilikdə Avropa arasında formalaşmış davamlı mədəni, təhsil və yaradıcı əməkdaşlıqda özünü göstərsin. İrlandiyada azərbaycanlıların sayının çox olmaması müəyyən çətinlik yaradır. Buna görə mən bu istiqamətdə ilk addımları atan biri kimi Azərbaycanı yalnız diaspor mühiti daxilində deyil, Avropanın təhsil, musiqi, incəsənət və yaradıcılıq məkanında daha geniş şəkildə tanıtmağı vacib hesab edirəm. Bu istiqamətdə irəli sürdüyüm ideyalardan biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı yeni bir ali təhsil ocağının yaradılması layihəsidir. Bu elm və təhsil ocağının mütləq İrlandiyada olması şərt deyil; gələcəkdə başqa bir Avropa ölkəsində də reallaşa bilər. Burada əsas məsələ məkan deyil, ideyanın mahiyyətidir. Mənim üçün bu layihənin şəxsi adımla tarixə düşməsi əsas deyil. Əsas odur ki, Azərbaycanın adı ön planda olsun, Ulu Öndər Heydər Əliyevin adı elm və təhsil sahəsində yaşasın və bu adın daşıdığı böyük məsuliyyət gələcək nəsillərə ötürülsün. İnanıram ki, həmin elm ocağında təhsil alan hər bir tələbə bu adın mənasını dərk etdikcə, yalnız öz peşəkar gələcəyi üçün deyil, cəmiyyət və insanlıq qarşısında da daha böyük məsuliyyət hiss edəcək. Mənim təsəvvürümdə bu, yalnız Azərbaycanı təqdim edən bir məkan deyil. Bu, təhsil, musiqi, kino, incəsənət və digər yaradıcı sahələrdə beynəlxalq əməkdaşlıq yaradan, Azərbaycan istedadlarının və ideyalarının dünyaya çıxmasına imkan verən bir platforma olmalıdır. Belə bir institut vasitəsilə Azərbaycan həm öz mədəni və elmi potensialını təqdim edə, həm də beynəlxalq akademik və yaradıcı mühitdə yeni əlaqələr qura bilər. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri bu baxışın əsasını təşkil edir. Mən istəyirəm ki, bu gün irəli sürdüyümüz ideyalar gələcəkdə real və davamlı institusional layihələrə çevrilsin və həmin layihələr Azərbaycanın təhsilinə, mədəniyyətinə və beynəlxalq nüfuzuna xidmət etsin. Mənim üçün ən böyük nəticə öz adıma bağlı bir layihənin tarixdə qalması deyil. Əsas odur ki, Azərbaycanın adı və mədəniyyəti məndən sonra da daha geniş şəkildə yaşasın, inkişaf etsin və yeni nəsillərə xidmət etsin. Əgər fəaliyyətimizin nəticəsində Azərbaycan qazanan tərəf olacaqsa, mən bunu özüm üçün ən böyük uğur hesab edərəm.
P.S: Müsahibənin alınmasında göstərdiyi köməyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirik.
Nigar Xəlilli
11:15 14.09.2026
Oxunuş sayı: 208