Torpaqla təmas allergiyanızı aradan qaldıra bilər
Təbiətlə təmasın insan sağlamlığına təsiri ilə bağlı araşdırmalar torpaq və bitkilərdəki mikroorqanizmlərin dəri mikrobiomunun müxtəlifliyinə müsbət təsir göstərdiyi məlum olub. Finlandiyada aparılan eksperimentdə torpaq, torf və mamırla cəmi 20 saniyə təmasdan sonra insanların dərisində mikroorqanizmlərin sayı və müxtəlifliyi artıb.
Tədqiqatçılar daha zəngin dəri mikrobiomunun immun sisteminin dəstəklənməsinə və bəzi zərərli bakteriyaların qarşısının alınmasına kömək edə biləcəyini bildirirlər. Bu nəticələr uşaqların təbiətdə, torpaq və bitkilərlə təmasda vaxt keçirməsinin sağlamlıq baxımından mümkün faydalarını da gündəmə gətirir.
Terapevt Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında uşaqların torpaq, bitki, xüsusilə mamır və digər bitkilərlə təmasının orqanizm üçün faydalı ola biləcəyini bildirib: “Ümumiyyətlə, uşaq yaşlarında uşaqların torpaqla, bitkilərlə, xüsusilə mamır və digər bitkilərlə təmasda olması, dərisinin təmasda olması uşaq orqanizmi üçün çox faydalıdır. Son tədqiqatlarda allergiyalı uşaqları, xüsusilə bitki tozcuğuna həssas olan uşaqları doğulan kimi gülçülük və bitkiçilik sahələrində gəzdirməklə həmin uşaqların orqanizmində tolerantlıq yaradırlar. Bu, gələcəkdə allergik fonun orqanizmə öyrəşdirilməsi baxımından ağır allergik reaksiyaların qarşısını almağa kömək edə bilər”.
Onun sözlərinə görə, torpaq, torf və mamırla təmasdan sonra mikroorqanizmlərin sayının və müxtəlifliyinin artması müşahidə oluna bilər: “Təbii ki, zədələnmiş dəri ilə torpağın təması nəticəsində müxtəlif infeksiyalar, parazitlər insan orqanizminə daxil ola və fəsad törədə bilər. Söhbət zədələnməmiş, tam dəri ilə təmasda yaranan mühitdən gedirsə, bəli, bu, insan orqanizmində, uşaqlarda və böyüklərdə immunitet sisteminin həqiqətən möhkəmlənməsinə gətirib çıxara bilər”.
Terapevt qeyd edib ki, torpaq və bitkilərlə təmas zamanı dərinin vəziyyəti nəzərə alınmalıdır: “Zədələnmiş dəri ilə torpağın təması zamanı müxtəlif infeksiyaların və parazitlərin orqanizmə daxil olması mümkündür. Lakin sağlam dəri ilə təmas uşaqlar və böyüklər üçün immunitet sisteminin möhkəmlənməsinə fayda verə bilər”.
Nigar Xəlilli
11:30 14.09.2026
Oxunuş sayı: 50