Bloqçular jurnalistləri əvəz edir? - media ekspertlərindən maraqlı reaksiya
Sosial media və video platformalarının xəbər istehlakında rolunun artması bloqerlər və müstəqil kontent yaradıcılarını media mühitinin mühüm iştirakçılarına çevirib. Reuters Institute-un 2026-cı il Digital News Reportuna görə, dünya üzrə respondentlərin 27 faizi həftə ərzində xəbərləri xəbər yönümlü yaradıcı və influencerlərdən əldə edir. Eyni zamanda, sosial media və video şəbəkələri ilk dəfə qlobal miqyasda xəbərə çıxışın ən geniş istifadə olunan mənbəyinə çevrilib.
Lakin bu tendensiya bloqerlərin peşəkar jurnalistləri tam əvəz etdiyi anlamına gəlmir. Araşdırmaya əsasən, insanların böyük əksəriyyəti kontent yaradıcılarından aldığı xəbərləri ənənəvi media ilə paralel izləyir, yalnız 3 faiz bütün xəbər ehtiyaclarının xəbər yönümlü yaradıcılar tərəfindən qarşılandığını bildirir. Bu mənzərə jurnalistika ilə bloqçuluq arasındakı fərqləri, xüsusilə informasiya yoxlanışı, mənbə məsuliyyəti və peşəkar etik standartların rolunu yenidən gündəmə gətirir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı Crossmedia.az-a bloggerlərin jurnalistikanın yerini tuta bilməyəcəyini bildirib.
“Bloggerlər jurnalist ola bilməz və jurnalistikanın yerini tuta bilməz. Amma jurnalist blogger ola bilər. Yəni jurnalistikanın bir fəaliyyət növü kimi istifadə oluna bilər. Bu, bir platforma kimi istifadə oluna bilər”, - deyə Elçin Şıxlı qeyd edib.
O, bloggerlərin informasiya məkanındakı rolunun bəzən yanlış qiymətləndirildiyini vurğulayıb: “Hansı blogger xəbər, yaxud informasiya verir? Onlar çox nadir hallarda hansısa xəbər verə bilərlər. Bloggerlərin çoxu da TikTok platformasındadır. TikTok platformasında xəbər axtarsanız, tapa bilməzsiniz. Sadəcə olaraq bloggerlərin baxışları çoxdur. Onların göstərdikləri şeylərə insanlar əyləncə olduğu üçün daha çox baxırlar”.
Elçin Şıxlı yüksək baxış sayının həmin şəxsin cəmiyyətin fikrini formalaşdırdığı anlamına gəlmədiyini bildirib. Onun sözlərinə görə, peşəkar jurnalistikanın əsas xüsusiyyətlərindən olan araşdırma və analitikanı bloggerlər tam şəkildə əvəz edə bilməz.
“Buna görə də belə bir yanlış təəssürat yaranır ki, kimə çox baxırlarsa, kimin baxışları çoxdursa, o, cəmiyyətin fikrini formalaşdıran adamdır. Bu belə deyil, yanlışdır. Çünki peşəkar jurnalistikanı, peşəkar araşdırmanı, onun analitikasını blogger heç vaxt verə bilmir”, - deyə Azərbaycan Jurnalistlər Birliyinin sədri vurğulayıb.
Professor Qulu Məhərrəmli bloggerlərin informasiya məkanındakı rolunun əsassız şəkildə şişirdildiyini bildirib. Onun sözlərinə görə, bloggerlik yalnız cəmiyyəti düşündürən məsələlərə münasibət bildirildiyi və ictimaiyyətin məlumatlandırıldığı halda jurnalistika ilə yaxınlaşır:
“Öz müşahidələrimə, belə araşdırma və təhlillərimə istinadən bu qərara gəlirəm ki, bizdə bloggerlərin rolu əsassız dərəcədə şişirdilir. Əlbəttə, bizdə yaxşı bloggerlər var, səviyyəli, bəlli bir mediasiyada ölkənin informasiya platformasını təmsil edə biləcək səviyyədə bir neçə intellektual səviyyəli bloggerlərimiz var. Amma ümumiyyətlə götürəndə bloggerlik o halda jurnalistika ilə yaxınlaşır ki, o, cəmiyyəti düşündürən, ictimai hadisələrə münasibət bildirən və yaxud bunlar barədə məlumatlar verən insandır. Gündəlik hadisələrə həm reaksiya verir, həm də onların fonunda cəmiyyəti məlumatlandırır. Belə bloggerlərimiz çox azdır”, - deyə professor bildirib.

O, bloggerlərin həddindən artıq önə çıxarılmasının doğru olmadığını vurğulayıb: “İndi dəbə salmaq, bloggerləri şişirtmək, yəni bunları dağ başına qoymaq tamamilə yersizdir. Əgər varsa da, bu üstünlük çox keçicidir, yəni çox qısa müddətdə bunlar keçəcək. Əgər bir az obrazlı desək, təsəvvür edin ki, biz jurnalistikanı ümumi axan çaya bənzətmiş olsaq, bloggerlər bunlardan ayrılan və yaxud bu çaya qoşulan kiçik qollardır”.
Professor qeyd edib ki, əyləncə xarakterli kontentlə jurnalistikanı eyniləşdirmək olmaz: “Bloggerlər cəmiyyəti düşündürən məsələlərdən yazır, danışır və onunla məşğul olurlarsa, o zaman jurnalistika sayıla bilir. Yox, əgər bunlar müəyyən əyləncə üstündə qurulubsa, biri rəqs edir, biri şəkil çəkir, o birisi yemək bişirir və sair, bunların geniş mənada jurnalistikaya, məlumatlandırmaya heç bir aidiyyəti yoxdur”.
O əlavə edib ki, internet və multimedia imkanlarının genişlənməsi informasiya məkanını dəyişsə də, bloggerlər jurnalistikanı əvəz edə bilməz: “Bəli, internet imkanlar verir, transformasiya çox şeyləri gətirdi, o cümlədən qloballaşan informasiya məkanı yaratdı. Artıq hər şey multimedianın, konvergensiyanın üzərindədir. Amma bunlarla yanaşı, biz bloggerləri jurnalistikanın əvəzedicisi kimi qəbul edə bilmərik. Bu, nə elmi cəhətdən, nə reallıqda, nə də real əsaslara görə belə qəbul olunmur”.
Nigar Xəlilli
19:15 18.09.2026
Oxunuş sayı: 46