Cavaxetidən gələn tələb Paşinyanı çətin vəziyyətə saldı: Üzr istə!
Gürcüstanən Cavaxeti bölgəsində yaşayan ermənilərin Baş nazir Nikol Paşinyana ünvanladığı tələb ölkənin siyasi gündəmində müzakirə olunan məsələlərdən birinə çevrilib. Cavaxetidən olan fəallar Paşinyanın erməni diasporu ilə bağlı bəzi açıqlamalarına etiraz edərək, onun parlament tribunasından üzr istəməsini tələb edirlər. Onların bildirdiyinə görə, Baş nazirin səsləndirdiyi fikirlər diaspora münasibətləri baxımından narazılıq yaradıb və bu məsələyə aydınlıq gətirilməsini zəruri edib. Cavaxetidən səslənən mövqe Paşinyanın diaspora siyasəti ilə bağlı müzakirələrin genişlənməsinə və məsələnin Ermənistanın ictimai-siyasi gündəmində daha çox diqqət çəkməsinə səbəb olub.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistan Cavaxetiyada yaşayan ermənilərin məsələsinə müdaxilə etməməli, qonşu dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinməlidir:
“Cavaxetiya Ermənistan ərazisi deyil. Cavaxetiya Samtsxe-Cavaxeti bölgəsidir və Gürcüstanın ərazisidir. Orada əsasən ermənilər yaşayır. Vaxtilə Qarabağda ermənilərin azlıq təşkil etməsi kimi, bu da başqa ölkənin ərazisində yaşayan etnik qrup məsələsidir. Robert Köçəryan və Serj Sarkisyan dövründə Ermənistan Cavaxetiyada yaşayan ermənilərin işlərinə fəal şəkildə müdaxilə edirdi. Onlara kitablar, ədəbiyyat və müxtəlif təlimatlar göndərilirdi. Cavaxeti erməniləri arasında separatçı fəaliyyət göstərən “Arabian” soyadlı bir şəxs də həbs edilərək uzunmüddətli azadlıqdan məhrum edilmişdi. Faktiki olaraq, Ermənistan və erməni siyasi dairələri başlarına gələn hadisələrdən dərs çıxarmırlar. Ermənistan, ilk növbədə, başqa ölkələrin daxili işlərinə qarışmamalıdır. Uzun müddət apardıqları mübarizənin hədəfinin milli dövlət yaratmaq olduğunu bildirirdilər. Bu dövlətçiliyi Azərbaycanın tarixi torpaqlarında yaratdınız. Bəs bundan sonra nə istəyirsiniz? Niyə öz dövlətinizi inkişaf etdirmək əvəzinə Qarabağa və Samtsxe-Cavaxetiyaya müdaxilə edir, bölgədə vəziyyəti gərginləşdirirsiniz?
Nə vaxt qonşularla sabit münasibətlər quracaqsınız? Separatizmə, terrorizmə və təfriqəçiliyə dəstək vermək əvəzinə, Azərbaycanın verdiyi dərsdən nəticə çıxarmaq lazımdır. Birdəfəlik başa düşmək lazımdır ki, belə fəaliyyətlər yeni fəlakətlərə gətirib çıxara bilər.
İndi Cavaxetiyadan Ermənistanın Baş naziri Nikol Paşinyana parlament tribunasından üzr istəməsi ilə bağlı müraciətlərin səsləndirildiyi bildirilir. Burada sual yaranır: Gürcüstan vətəndaşı olan ermənilər hansı əsasla Ermənistanın Baş nazirindən belə tələb irəli sürürlər? Paşinyan nəyə görə üzr istəməlidir?”
Politoloq qeyd edib ki, məsələnin digər tərəfi Ermənistanın “IV Respublika” və “real Ermənistan” konsepsiyaları ilə bağlıdır: “Paşinyan real Ermənistanın qurulmasından danışır. Lakin ölkədə depopulyasiya prosesi gedir, əhali azalır, miqrasiya davam edir. Əgər bu proseslərə nəzarət edə bilmirsinizsə, hansı real Ermənistandan danışmaq olar?
Ermənistanın əsas vəzifəsi daxildə antiböhran proqramı hazırlamaq, sosial-iqtisadi problemləri həll etmək və vəd etdiyi konstitusiya islahatlarını həyata keçirməkdir. Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar qanunvericilikdən və konstitusiyadan çıxarılmalıdır. Bu müddəalar qüvvədə qaldığı müddətdə sülh müqaviləsi məsələsində də ciddi maneələr yaranır. Ermənistan uzun illər xaricdə yaşayan ermənilərin, diasporun və kilsənin təsiri ilə ölkəyə kənar ideyalar gətirib. Azərbaycanda yaşayan ermənilər də vaxtilə bu cür siyasi proseslərə cəlb edilmişdilər. Qarabağdakı ermənilərin sosial-iqtisadi vəziyyətinin pis olması barədə iddialar irəli sürülürdü. Halbuki həmin bölgədə sosial və təsərrüfat infrastrukturu, kənd təsərrüfatı və məşğulluq imkanları mövcud idi. Buna baxmayaraq, insanlar “hüquqlarımız pozulur”, “Ermənistana birləşmək istəyirik” kimi çağırışlarla ayağa qaldırıldı. Bunun nəticəsi isə artıq hamımıza məlumdur. Özgənin təsiri ilə hərəkət edən cəmiyyətlər sonda ağır nəticələrlə üzləşə bilərlər.
Ermənistanda hakimiyyətin mənbəyi xalqdır. Xalq seçkilərdə öz mövqeyini ifadə edib. İndi “müharibə yox” deyən mövqedən sülhə dəstək verən mövqeyə keçid təmin edilməlidir. Bunu Nikol Paşinyan həyata keçirməlidir. Paşinyan həm antiböhran tədbirlərini görməli, həm də vəd etdiyi hüquqi islahatları həyata keçirməlidir. Azərbaycan təsadüfən “ev tapşırıqlarının yerinə yetirilməsi” məsələsini gündəmə gətirmir. Bundan sonra Ermənistan Gürcüstan, Azərbaycan, İran, Türkiyə və Rusiya ilə münasibətlərini də tənzimləməlidir. Rusiyaya münasibətdə də qeyri-müəyyənlik müşahidə olunur. Ermənistanın KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxıb-çıxmayacağı ilə bağlı aydın mövqe yoxdur. Digər tərəfdən, Avropa İttifaqına inteqrasiya məsələsi də gündəmdədir. Bu cür ziddiyyətli və yarımçıq siyasət sabitliyi möhkəmləndirmir”.
T.Abbasov vurğulayıb ki, Ermənistanda müəyyən qrupların hökumətin fəaliyyətindən narazılıq bildirməsi adi haldır: “Müəyyən qrupların hökumətin fəaliyyətindən narazılıq bildirməsi adi haldır. Lakin müxalifətin və müxtəlif siyasi qrupların əsassız iddialar, saxta məlumatlar və revanşist çağırışlarla vəziyyəti gərginləşdirməsi Ermənistan üçün yeni problemlər yarada bilər. Hesab edirəm ki, Nikol Paşinyan xalqın mandatından istifadə edərək hökumətin fəaliyyətini qətiyyətlə təmin etməlidir. Robert Köçəryan və Serj Sarkisyanın, eləcə də digər cinayət törətmiş şəxslərin Azərbaycana təhvil verilməsi məsələsinə də baxılmalıdır.
Ermənistan üçün əsas yol inteqrasiyanı, inkişafı və qonşularla münasibətləri gücləndirməkdir. Əsas məsələ budur”.
Nuray Mehtiyeva
19:30 18.09.2026
Oxunuş sayı: 46