Litva xarici hərbi bazalara qoyulan Konstitusiya qadağasını aradan qaldırır
Litva parlamenti ölkə ərazisində kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsini qadağan edən Konstitusiyanın 137-ci maddəsinin ləğvi ilə bağlı təşəbbüsü irəli aparır.
Crossmedia.az xəbər verir ki, “Lietuvos Respublikos Seimas” bu barədə məlumat yayıb.
Sentyabrın 9-da Seymin Hüquq və Hüquq-mühafizə Komitəsi 137-ci maddənin Konstitusiyadan çıxarılmasını nəzərdə tutan layihəni dəstəkləyib. Hazırkı maddəyə əsasən, Litva ərazisində kütləvi qırğın silahlarının və xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsi qadağandır.
Layihənin əsaslandırılmasında bildirilir ki, Litvanın təhlükəsizlik mühiti və NATO-nun kollektiv müdafiə sistemi ölkənin Konstitusiyasının qəbulundan sonra əhəmiyyətli dərəcədə dəyişib. Təşəbbüsün müəllifləri hesab edirlər ki, maddənin ləğvi Litvanın NATO-nun çəkindirmə imkanlarında daha geniş iştirakına hüquqi şərait yarada bilər.
İyulda təqdim edilən təşəbbüs Seymdə ilkin baxışdan keçirilib. Konstitusiya dəyişikliyinin qüvvəyə minməsi üçün layihə üzrə ən azı üç ay fasilə ilə iki səsvermə keçirilməli və hər dəfə 141 deputatdan ən azı 94-nün dəstəyi alınmalıdır.
Müxalifətdə olan “Nemuno Aušra” partiyası isə təşəbbüsün referendum yolu ilə həll edilməsini tələb edir və parlamentin addımını tələsik hesab edir.
21:20 18.09.2026
Oxunuş sayı: 48