Rusiyada jurnalistlərə basqı artır

Rusiyanın Yekaterinburq şəhərində (ura.ru )xəbər portalının regional redaktoru İqor Serqeyev saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı məhz onun çalışdığı sayt yayıb. Belə ki, Serqeyev vəkillərinə dindirilmək üçün İstintaq Komitəsinin regional idarəsinə aparıldığını çatdıra bilib. Hazırda onun harada olduğu bilinmir. Bildirilir ki, onun adı, Sverdlovsk vilayətinin digər jurnalisti Denis Allayarovun işi üzrə şahid qismində keçsə də, vəziyyət qeyri-müəyyəndir.
Qeyd edək ki, Denis Allayarov artıq bir aydan çoxdur ki, istintaq təcridxanasında saxlanılır. O, bölgədə baş verən cinayət hadisələri ilə bağlı məlumat toplamaqda şübhəli bilinir.
Ancaq onun barəsində başqa heç bir ciddi sübut yoxdur. Onun həbsi ərəfəsində həm redaksiyada, həm də bir neçə jurnalistin evində genişmiqyaslı axtarışlar aparılıb. Lakin bu axtarışlar zamanı Allayarovun günahını sübut edən heç bir sənəd tapılmayıb.
Bundan bir gün əvvəl isə məşhur Telegram kanalı “BAZA”nın baş redaktoru Qleb Trifonov saxlanılıb. Kanalın paylaşdığı məlumata görə, hüquq-mühafizə orqanları onun evinə zorla giriblər və ondan telefonunun parolunu tələb ediblər.
Hadisə şahidlərindən biri, Trifonovun qonşusu bildirib ki, səhər saat 9 radələrində pilləkən meydançasından dəhşətli səslər eşidib: “Qapıya baxanda formadakı adamların qışqıra-qışqıra qapını sındıraraq içəri girdiyini gördüm. Sonra bir nəfəri yerə yıxdılar. Mən qapımı azca araladım, bir neçə qonşu da çıxmışdı. O anda içəridəki kişi – Qleb – qışqırdı ki, bizə hücum ediblər, zəng edin polisə. Bunu bir neçə dəfə təkrar etdi. Sonra həmin adamlar qapını bağladılar
və mən daha heç nə görmədim”.
Trifonovun vəkili Aleksey Mixalçik jurnalistlə görüşə yalnız 14 saatdan sonra buraxılıb.
Dindirmə isə gecə saat 03:00-da başa çatıb, halbuki Rusiya qanunvericiliyi gecə saatlarında dindirilməni qadağan edir.
Vəkilin sözlərinə görə, Trifonov barəsində rüşvət alma maddəsi ilə (CM-nin 291.4-cü maddəsi) cinayət işi başlanıb. Amma istintaq hələ də onun polis əməkdaşlarına rüşvət verdiyini sübut edən heç bir fakta malik deyil. Sadəcə olaraq, müxtəlif bölgələrdə polisə guya pul verildiyi iddia olunur.
Fatimə Məmmədova
14:00 23.07.2025
Oxunuş sayı: 1156