Ərdoğan: “Dostlarımız və müttəfiqlərimiz bizi mal-mülk sahibi etdilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesində əldə olunan uğurlar və ölkənin artan ixrac potensialı ilə bağlı açıqlamalar verib. Prezident bildirib ki, keçmişdə qarşılaşdıqları çətinliklər və embarqolar sayəsində Türkiyə bu sahədə böyük inkişaf yolu keçib: “Pis qonşu adamı mal-mülk sahibi edərmiş. Dostlarımız və müttəfiqlərimiz bizi mal-mülk etdilər. Hər embarqo bizim üçün yeni qapılar açdı və biz içəri girə bildik”.
Crossmedia.az bildirir ki, Prezident Ərdoğan Türkiyənin artıq bütün ehtiyaclarını öz resursları ilə qarşıladığını və müdafiə sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb: “Biz öz resurslarımızla bu sahədə mühüm irəliləyiş əldə etmişik. Bu fonda biz humanitar və proaktiv siyasət yürüdərkən müdafiə və təhlükəsizlik sərmayələrimizi sürətləndirdik”. O əlavə edib ki, müdafiə sənayesində yerli istehsal səviyyəsi 80 faizi ötüb və bu sahədəki dövriyyə 20 milyard dolları keçib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin silahlı pilotsuz uçuş aparatları (PUA) konsepsiyası beynəlxalq səviyyədə böyük təsir doğurur və ölkə artıq dünyanın 11-ci ən böyük müdafiə məhsulları ixracatçısına çevrilib. 2024-cü ildə müdafiə və aerokosmik sahədə ixrac 29% artaraq 7,154 milyard dollara çatıb. Prezident, 2025-ci ilin iyun ayında isə ixracın əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4% artdığını qürurla qeyd edib.
Mehriban Yariyeva
17:10 22.07.2025
Oxunuş sayı: 615