Transəfqan Dəmir Yolu beş ilə inşa ediləcək – Üç ölkə razılığa gəldi

Transəfqan dəmir yolunun tikintisi təxminən beş il davam edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev məlumat verib. Yeni dəmir yolu Özbəkistan, Əfqanıstan və Pakistanı birləşdirəcək.
Onun sözlərinə görə, layihə artıq fəal hazırlıq mərhələsinə keçib. Belə ki, iyulun 17-də üç ölkə – Özbəkistan, Əfqanıstan və Pakistan – Tirmiz–Naybabad–Maidanşəhr–Loqar–Xarlaci marşrutu üzrə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üçün hökumətlərarası saziş imzalayıblar.
Çoriyev qeyd edib ki, TİƏ-yə keçid layihənin inkişafında mühüm mərhələdir. Bu, marşrutların qiymətləndirilməsi, geoloji tədqiqatların aparılması və iqtisadi səmərəliliyin hesablanmasına imkan verir. İlkin mərhələdə dəmir yolunun ildə 3 milyon tonadək yük daşıyacağı, 2040-cı ilə qədər isə bu göstəricinin 15–20 milyon tona çatacağı gözlənilir.
Layihə artıq beynəlxalq investorların və logistika şirkətlərinin marağına səbəb olub.
Xumar Emilqızı
14:00 22.07.2025
Oxunuş sayı: 726