"Çin və Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qalxır" - Deputat

Bu gün Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı əldə olunan razılaşma iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinin göstəricisidir. Bu addım təkcə turizm sahəsini deyil, həm də siyasi və iqtisadi əlaqələri gücləndirməyə yönəlib. Məsələ yalnız qarşılıqlı səfərlərin asanlaşdırılması ilə bitmir – bu qərarın arxasında həm geosiyasi maraqlar, həm də strateji iqtisadi hədəflər dayanır.
Azərbaycanın Çinlə vizasız rejimə keçidi regionda formalaşan yeni diplomatik düzən fonunda mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili Crossmedia.az-a açıqlama verib:
“Bu gün Azərbaycan və Çin arasında viza rejimi aradan qaldırıldı . İki ölkə arasında “adi vətəndaş pasportları üçün qarşılıqlı viza tələblərindən azad olunma” razılaşması qüvvəyə mindi.
Bu addım Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasının bir hissəsidir. Çinlə daha dərin əlaqələr qurmaq ölkəmizin regional iqtisadi və siyasi əlaqələndirilməsində liderlik rolunu nümayiş etdirir . 2024-cü ildə Çin və Azərbaycan ikitərəfli əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qaldırdılar . Viza rejiminin ləğvi bu yeni statusun praktik nəticələrindən biridir. Viza rejiminin ləğvinin bir sıra müsbət İqtisadi təsirləri olacaqdır.
- Qarşılıqlı viza ləğvi hər iki ölkə vətəndaşları üçün səyahəti asanlaşdıracaq və turizm sektorunu stimullaşdıracaq.
- 2024-cü ildə ikitərəfli ticarət həcmi əvvəlki illə müqayisədə 20% artaraq 3,7 milyard dollara çatmışdır . Viza rejiminin ləğvi biznes səyahətlərini asanlaşdıracaq və ticarət həcmini daha da artıracaq.
- Çin Azərbaycanın infrastruktur inkişafı və yeni təmiz enerji layihələrində əsas investor rolunu oynaya bilər .
- Çin bazarı uzunmüddətli perspektivdə Azərbaycanın qeyri-neft məhsulları üçün böyük imkanlar təqdim edir.
Ümumilikdə, bu razılaşma Azərbaycanın iqtisadiyyatı üçün müsbət təsir göstərəcək, yeni imkanlar yaradacaqdır. Şərq və Qərbi birləşdirən Orta Dəhlizin əsas ölkəsi olan Azərbaycanın bu imkandan yararlanması iqtisadi imkanlarımızın artırılmasına xidmət edəcəkdir”.
Ayhan
11:28 16.07.2025
Oxunuş sayı: 1155