İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə kənd təsərrüfatının siyahıyaalınmasına başlanılır

İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək.
Crossmedia.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
"Bu gündən etibarən avqust ayının 15-dək Azərbaycanda kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiariləcək. On ildən bir aparılan siyahıyaalma ilə ölkə tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilər də əhatə olunacaq", - məlumatda qeyd edilib.
Qeyd edək ki, iyulun 7-də Dövlət Statistika Komitəsi iyulun ayının 15-dən etibarən kənd təsərrüfatının siyahıyaalınması keçiriləcəyi barədə məlumat yaymışdı.
"Dövlət müstəqilliyinin bərpasından sonra keçən dövr ərzində Azərbaycanın kənd təsərrüfatı uğurlu inkişaf yolu keçib, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı xeyli artıb, əsas məhsullar üzrə ərzaq təhlükəsizliyi təmin olunub. Bu sahədə qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan kənd təsərrüfatının siyahıyaalınması çox vacibdir", - məlumatda əlavə olunmuşdu.
10:53 15.07.2025
Oxunuş sayı: 780