Elmə, jurnalistikaya və ziyalılığa həsr olunmuş ömür

Bu gün xalqımızın nəcib və tanınmış ziyalılarından biri, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü Nəsir Əhmədli anadan olmuşdur.
Nəsir Abbas oğlu Əhmədli 1942-ci il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olmuş, 1959-cu ildə həmin kənddə orta məktəbi bitirmişdir. Hərbi xidmətdən sonra 1971-ci ildə ADU-nun(indiki BDU-nun) Jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası, 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Professor Nəsir Əhmədli uzun müddət Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında fəaliyyətə başlamış, "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "KİV xaricə siyasi informasiya yayımı sistemində" və digər fənlərdən maraqlı və zəngin mühazirələr oxumuş, böyük bir nəsil jurnalistlər ordusunun yetişməsində müstəsna xidmətlər göstərmişdir. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifi olmuş, 10 elmlər namizədinə rəhbərlik, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olumuşdur. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.
“Azərbaycan Respublikasının Əməkdar jurnalisti” adına, "Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülmüşdür. Moskvada, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində və digər şəhərlərdə keçirilən elmi konfranslarda iştirak etmiş, məqalələri nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuşdur.
Gözəl insan, səmimi dost, unudulmaz pedaqoq, böyük alim və nəcib ziyalı olan professor Nəsir Əhmədli 2022-ci il iyunun 7-də Bakıda vəfat etmiş, doğulduğu Alakol kəndində dəfn edilmişdir.
Allah rəhmət eləsin!
Fikrət Şiriyev
11:48 01.07.2025
Oxunuş sayı: 658