Çin İrana diplomatik dəstəklə kifayətlənməyəcək, üçüncü dünya savaşı başlayır - MÜSAHİBƏ

Yaxın Şərqdə gərginlik yeni mərhələyə qədəm qoyub. ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra nüvə müharibəsinin başlanması və üçüncü dünya savaşının, nəhayət, elan olunması ehtimlı gündəmə gəlib. Qarşılıqlı təhdid və xəbərdarlıqlar bu ehtimalları daha da gücləndirir. Tərəflər geri çəkilənə oxşamırlar. Əksinə, perspektivdə "oyunçuların" sayının artması istisna deyil. Bəs "Game over" nə zaman, kim üçün deyiləcək?
Politoloq Aytən Qurbanova Yaxın Şərqdə cərəyan edən son proseslər barədə Crossmedia.az-a geniş müsahibə verib.
- Aytən xanım, ABŞ-nin İranın nüvə obyektlərinə zərbə endirməsi hansı nəticələrə səbəb ola bilər?
- ABŞ-İran münasibətlərində gərginliyin növbəti mərhələyə keçməsi kifayət qədər həssas olan regional təhlükəsizlik balansının pozulması riskini daha da artırır. İlkin olaraq onu qeyd etmək lazımdır ki, İranın nüvə obyektlərinə qarşı ABŞ-nin həyata keçirdiyi əməliyyat bir tərəfdən İranın nüvə fəaliyyətinin zəifləməsinə səbəb olsa da, digər tərəfdən isə onun daha sərt mövqedən çıxış etməsinə gətirib çıxara bilər. Tarixi təcrübə göstərir ki, Orta Şərq kimi həssas bölgələrdə hərbi müdaxilə vasitələri problemləri tamamilə həll etməməklə yanaşı, yeni risklər də yarada bilir. Eləcə də, ABŞ-nin İranın nüvə obyektlərinə hərbi zərbələr endirməsi artıq regionda yeni geosiyasi mərhələnin başlandığının bariz nümunəsi kimi qiymətləndirilə bilər. Çünki bu hadisə yalnız iki ölkə arasında hərbi qarşıdurma olaraq ifadə edilə bilməz. Artıq regional və qlobal təhlükəsizlik balansının pozulması məsələsi gündəmdədir. Təbii ki, İranın mümkün cavab reaksiyası ehtimalı heç bir halda istisna edilmir, xüsusilə də ABŞ-nin Orta Şərqdəki hərbi bazalarına və maraq dairəsinə daxil olan ölkələrə hücum əməliyyatlarının həyata keçirilməsi ehtimalı daha çox diqqət mərkəzindədir. Hörmüz boğazının bağlanması ilə bağlı ehtimal isə çox ciddi qlobal təsirlərə səbəb ola bilər. Belə olan halda regionda genişmiqyaslı hərbi qarşıdurma təhlükəsi real görünür.
- Çinin də İran tərəfdən proseslərə müdaxilə etməsi mümkündür?
- Təbii ki, İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücum əməliyyatlarından sonra Çinin proseslərə hansı istiqamətdə cəlb oluna biləcəyi məsələsi daha çox müzakirələrə səbəb olub. Məlum olduğu kimi Çinlə İran arasında strateji əməkdaşlıq münasibətləri var, eləcə də İran Çin üçün əsas enerji tərəfdaşlarından biridir. Ona görə də, ABŞ-nin İranın nüvə obyektlərinə hücum əməliyyatı rəsmi Pekinin regional maraqlarına təhdid yaradır. Düşünürəm ki, Çin bu dəfə ənənəvi siyasətinə uyğun olaraq sadəcə diplomatik dəstək verməklə kifayətlənməyə bilər. Təbii ki, birbaşa hərbi əməliyyatlara qoşulması gözlənilmir. Ancaq həm informasiya müharibəsində İrana birmənalı dəstək ola, həm də Rusiya ilə birgə hərbi-siyasi koordinasiya məsələsində ortaq mövqedən çıxış edə bilər.
- ABŞ-nin bu addımı Türkiyə ilə münasibətlərə necə təsir edəcək?
- Bu hadisə Türkiyə üçün mühüm diplomatik və geosiyasi önəm kəsb edən həssas məqamdır. Rəsmi Ankara NATO və ABŞ-nin müttəfiqi olmaqla yanaşı, regional təhlükəsizlik arxitekturasında mühüm rol oynayan aktordur. Həmçinin qonşu İran ilə əlaqələrini də hər zaman balansda saxlamağa çalışır. ABŞ-nin İranın nüvə mərkəzlərinə hücum əməliyyatı isə Türkiyəni kifayət qədər çətin seçimlərlə qarşı-qarşıya qoya bilər. Belə ki, əsas çətinlik Türkiyənin sərhəd təhlükəsizliyi və regional sabitlik məsələlərində ortaya çıxa bilər. Artıq on bir gündür davam edən İsrail-İran müharibəsi İran-Türkiyə sərhəddində ciddi sıxlığın və gərginliyin yaranmasına səbəb olub. ABŞ-nin də qoşulduğu genişmiqyaslı hərbi əməliyyatların davam etməsi bölgədə qeyri-sabitliyi daha da təşviq edə bilər. Bu da Türkiyənin təhlükəsizlik tədbirləri ilə bağlı ciddi problem yarada bilər. Digər tərəfdən isə İran Türkiyənin əsas qaz tədarükçülərindən biridir. ABŞ-nin hücumu bu istiqamətdə ciddi çətinliklər yarada biləcək nəticələri özündə ehtiva edir. Bu da iqtisadiyyat və enerji təhlükəsizliyi baxımından riskləri yenidən gündəmə gətirmiş olur. Ona görə düşünürəm ki, Türkiyə indiki məqamda daha çox balanslı siyasət yürütməyə davam edəcək.
- Sizcə, İran nüvə danışıqlarına qayıdacaqmı?
- ABŞ-nin İranın nüvə obyektlərinə hücum əməliyyatı birmənalı şəkildə danışıqlar prosesinə ciddi zərbə vurub. Baxmayaraq ki, Prezident Donald Tramp əməliyyat ilə bağlı ilk paylaşımında sülh mesajı verərək danışıqlar prosesinin sonrakı məqamda daha uğurlu ola biləcəyi təəssüratını yaratmağa çalışmışdı. Amma ABŞ-nin bu addımının rəsmi Tehranı daha sərt mövqedən çıxış etməyə sövq edə biləcəyi ehtimalı da istisna edilməməlidir. Çünki İran bu hücumu suverenliyinə açıq müdaxilə kimi qiymətləndirir və mövcud hərbi-siyasi hakimiyyət revanşist mövqedən çıxış edə bilər. Bununla yanaşı nüvə proqramının iqtisadi və siyasi nəticələri İran üçün çox ciddi olduğundan onun tamamilə danışıqlardan imtina etməsi ehtimalı çox zəifdir. Nəticə etibarilə İranın mövcud siyasi hakimiyyəti həm daxili təzyiqlərlə, həm də beynəlxalq sanksiyaların ağır təsirləri ilə qarşı-qarşıyadır. Belə olan halda praqmatik addımlar ataraq danışıqlara qayıda bilər. Lakin hazırkı məqamda danışıqlar ya uzunmüddətli fasilələrlə davam edə, ya da yalnız çox sərt şərtlər və ciddi müdaxilələrlə bərpa oluna bilər.
- Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb. Bu ritorika hara qədər davam edə bilər?
- Rəsmi Tehran ABŞ-nin məlum hücumundan sonra nüvə proqramını davam etdirəcəyini bəyan etməklə əslində həm daxili auditoriya üçün möhkəm mövqe nümayiş etdirir, həm də beynəlxalq arenada təzyiqlərə qarşı qətiyyətli olduğunu iddia edir. Bu ritorika İranın daxili sərt cinahının təsiri altında uzun müddət qoruna bilər. Lakin düşünürəm ki, iqtisadi təzyiqlər, beynəlxalq sanksiyalar və regional təcrid İranı, nəhayət, praqmatik addımlar atmağa məcbur edəcək. Bu nöqteyi-nəzərdən yanaşdıqda, ritorika rəsmi açıqlamalarda sərt qalsa da, reallıqda nüvə proqramının inkişafı ya gizli, ya da müəyyən məhdudiyyətlərlə davam edə bilər. Böyük ehtimal qısa müddətdə rəsmi Tehranın hazırki ritorikasında ciddi dəyişiklik müşahidə edilməyəcək və gərginlik azalana qədər və yaxud ABŞ və İran arasında müəyyən razılıq əldə olunana qədər davam edəcək.
- Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. Rəsmi Bakı indiki məqamda necə davranmalıdır?
- Bildiyimiz kimi, İsrail-İran qarşıdurması və ABŞ-nin İrana hücumu regionda təhlükəsizlik mühitini sarsıdaraq yeni geosiyasi reallıqlar yaradıb. Bu prosesdə Azərbaycanın milli maraqları, xüsusən də sərhəd təhlükəsizliyi, iqtisadi sabitlik və diplomatik balansın qorunması kimi məsələlər ön plana çıxır. Azərbaycan İranla 765 km-lik sərhədə malik olan yeganə Cənubi Qafqaz ölkəsidir. Təbii ki, belə olan şəraitdə regionda baş verən istənilən hərbi eskalasiya birbaşa olaraq ölkəmizin təhlükəsizliyinə və daxili sabitliyinə təsir göstərə bilər. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan haqlı olaraq tərəfləri təmkinli olmağa və dialoqu davam etdirməyə çağıran mövqe nümayiş etdirir. Azərbaycan istənilən halda hər zaman balanslı xarici siyasət kursunu davam etdirərək həm regionda sülhün qorunmasına töhfə verir, həm də öz suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə edir. İndiki mürəkkəb geosiyasi vəziyyətdə isə diplomatik təmkin, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və informasiya sabitliyi hər bir dövlətin prioritet istiqamətləri olmalıdır.
- ABŞ-nin iddiasına görə, məqsəd İranda hakimiyyət dəyişikliyi deyil. Vaşinqton səmimidir? Bu proseslərin sonunda hakimiyyət dəyişikliyi nə qədər realdır?
- Düşünürəm ki, ABŞ-nin əsas hədəflərindən biri də məhz İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Çünki İranın mövcud siyasi hakimiyyəti ABŞ-nin əməkdaşlıq etməyi hədəflədiyi modelə uyğun gəlmir. Ona görə də rejimi qorumaqla hakimiyyət dəyişikliyinə nail olmaq indiki məqamda ABŞ-nin əsas məqsədlərindən biridir. Təbii ki, hadisələrin gedişatından asılı olaraq bunun mümkünlüyü daha dəqiq ifadə edilə bilər, amma hər bir halda istisna edilmir.
- Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr fonunda üçüncü dünya savaşı nə qədər realdır?
- Qlobal sistem artıq yeni model dünya müharibəsi mərhələsindən keçir. Ənənəvi dünya müharibəsinin bəzi xarakterik xüsusiyyətləri ilə paralel olaraq biz artıq qlabal aktorların davranışlarında bəzi yeniliklər də müşahidə edirik. Çünki qlobal institutlar faktiki olaraq sıradan çıxıb və beynəlxalq hüququn əsas norma və prinsiplərinə nəzarət tamamilə itib. Belə olan halda baş verən münaqişələrin dayandırılmasından daha çox onların müəyyən çərçivədən kənara çıxmamasını və dondurulmasını hədəfləyən qlobal aktorlar arasında davam edən güc mübarizəsi məhz üçüncü dünya müharibəsinin çoxdan başladığının, ancaq ənənəvi çalarla birliklə yeni yanaşmaları da özündə təcəssüm etdirdiyinin bariz nümunəsidir.
- İran Prezidenti Məsud Pezeşkian deyib ki, ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır. Bu təhdid reallıqda özünü göstərəcək, ya sadəcə blefdir?
- İndiki məqamda bu real deyil. İranın xarici işlər nazirinin verdiyi bəyanatlara istinad etsək, İran bu hüququ özündə saxlayır. Amma təbii ki, proksi qüvvələri vasitəsilə ABŞ-nin regional maraqlarının hədəf alınması istiqamətində atıla biləcək addımlar hələ də aktualdır və heç bir halda istisna edilmir.
- İran Nüvə silahının yayılması haqqında sazişdən çıxmağa hazırlaşır. İddialar var ki, İran artıq nüvə silahına sahibdir. Bu, yəni sazişdən çıxmaq cəhdi ona dəlalət edirmi ki, İran artıq nüvə silahına sahibdir və nüvə silahından istifadə etməyə hazırlaşır? İkinci tərəfdən isə İran rəsmi şəkildə bildirir ki, nüvə silahına sahib deyil. Əgər İranın nüvə silahı yoxdursa, ola bilər ki, sadəcə blef edir və bu çəkindirmə xarakteri daşıyır? Yəni nüvə silahı yoxdursa, niyə diqqətləri öz üzərinə çəkir və İran bu sazişdən çıxa bilərmi?
- ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbədən sonra rəsmi Tehranın verdiyi bəyanatlar beynəlxalq narahatlığı daha da çox artırır. İran rəsmiləri artıq nüvə proqramının davam etdiriləcəyini və Nüvə Silahlarının Yayılmaması Haqqında Sazişdən (NPT) çıxmaq ehtimalını gündəmə gətirir. Bu isə beynəlxalq ictimaiyyətdə bəzi haqlı suallar yaradır. İlk olaraq hər kəsi maraqlandıran sual odur ki, İran, həqiqətən də, nüvə silahına sahibdirmi, yoxsa bu iddia sadəcə çəkindirmə vasitəsi olaraq istifadə edilir? Bu suala birmənalı cavab vermək doğru olmasa da, rəsmi Tehran açıq şəkildə bildirir ki, İran nüvə silahı hazırlamır və bu cür silahlara sahib olmaq iddiasında deyil. Lakin paralel olaraq uranın zənginləşdirilməsi ilə bağlı addımlar və nüvə mərkəzlərinin genişləndirilməsi ilə bağlı xəbərlər İran ilə bağlı şübhələri daha çox artırır. Hətta bəzi Qərb mənbələri İranın texniki baxımdan “nüvə potensialına sahib olan dövlət” olduğunu iddia edirlər. Yəni İran silah istehsal etmək üçün bütün elmi və texnoloji imkanlara malikdir, sadəcə siyasi qərar qəbul edilməyib. Digər tərəfdən isə İranın nüvə sazişindən çıxması məsələsi gündəmə gətirilib. Bəli, beynəlxalq hüquqa əsasən bu mümkündür. Belə ki, sazişin 10-cu maddəsinə qeyd edildiyi kimi əgər ölkənin milli təhlükəsizliyi üçün fövqəladə vəziyyət yaranarsa, imzalayan tərəf olaraq onun bu sazişdən çıxmaq hüququ var. Lakin bu addım İranı daha da çıxılmaz vəziyyətə salmaqla yanaşı, beynəlxalq təcrid vəziyyətini dərinləşdirə bilər. Ona görə düşünürəm ki, rəsmi Tehranın indiki sərt çıxışları daha çox hərbi təhdid qarşısında daxili siyasi dayaqlarını gücləndirməyi hədəfləyir. Eləcə də İranın gələcək danışıqlar prosesində masa arxasında daha əlverişli şərtlərlə oturmasına şərait yaratmağa çalışır. Nəticə etibarilə, İranın nüvə silahına sahib olub-olmadığı hələ də açıq sual olaraq qalır. Amma bir məsələ aydındır ki, rəsmi Tehran bu qeyri-müəyyənliyi öz lehinə istifadə etməkdə israrlıdır.
Kənan Novruzov
12:52 23.06.2025
Oxunuş sayı: 3730