MÜTDA : "Son zəng tədbirləri təlimata uyğun keçirilib"

İyunun 14-də 112 000-dən çox məzunun, onların valideynlərinin və yaxınlarının, müəllimlərin iştirakı ilə məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
Ümumi təhsil müəssisələrinə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib.
Bununla yanaşı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Agentliyin yerli təhsili idarəetmə bölmələri tərəfindən “Son zəng” gününün təlimata uyğun keçirilməsini, şagirdlərin və tədbirdə iştirak edən bütün şəxslərin təhlükəsizliyini, eləcə də məktəb mühitində nizam-intizamı təmin etmək məqsədi ilə müəssisələrdə monitorinqlər aparılıb.
Bu barədə Crossmedia.az-a MÜTDA-dan bildirilib.
Tədbirlərin icrasına nəzarət və aparılan monitorinqlər nəticəsində deyə bilərik ki, “Son zəng” tədbirləri ümumi təhsil müəssisələrinə göndərilmiş müvafiq təlimatların tələblərinə, eyni zamanda təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilib.
Təlimatın tələblərinə anlayışla yanaşdıqlarına görə valideynlərə, ictimai asayişin qorunmasını təmin etdiyinə görə Daxili İşlər Nazirliyinin yerli bölmələrinə, eyni zamanda məktəblərin pedaqoji kollektivlərinə təşəkkür edilib.
Bununla yanaşı, bildirilib ki, təəssüf ki, bəzi hallarda təlimatın tələblərində nəzərdə tutulmayan müəyyən hallar da müşahidə olunub.
Həmin məktəblərin direktorları, sinif rəhbərləri ilə bu barədə söhbət aparılıb, müvafiq inzibati tənbeh tədbirləri görülüb.
İctimaiyyət minlərlə insanın iştirakçılığı ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdə baş vermiş azsaylı xoşagəlməz hadisələri ümumiləşdirmədən məktəb və müəllim nüfuzunun qorunmasında dəstək olmağa çağırılıb.
16:05 21.06.2025
Oxunuş sayı: 735