İsrail–İran qarşıdurması: Beynəlxalq hüquq prizmasından baxış

2025-ci ilin iyun ayında İsrailin “Rising Lion” hərbi əməliyyatı ilə İranın nüvə obyektlərinə endirilmiş zərbələr Yaxın Şərqdə illərlə davam edən gərginliyi açıq silahlı münaqişəyə çevirdi. Qarşılıqlı hücumların intensivliyi və miqyası təkcə hərbi müstəvini deyil, həm də beynəlxalq hüququ ciddi şəkildə sınağa çəkdi. Bu kontekstdə yaranan əsas suallar bunlardır: Beynəlxalq hüquq normaları bu cür böhranlı vəziyyətlərdə necə tətbiq olunur? Mövcud hüquqi çərçivələr hansı hallarda dövlətlərə silahlı güc tətbiqini legitim saymağa imkan verir? Və nəhayət, bu münaqişənin Azərbaycan kimi region ölkələrinə hüquqi təsirləri nədən ibarətdir?
Bu və digər sualları cavablandırmaq üçün hüquqşünas, Naxçıvan Dövlət Universitetinin müəllimi Yunis Xəlilovla söhbətləşdik.
Jus ad bellum: Müharibəyə başlama hüququ
Yunis müəllim bildirdi ki, İsrailin bu zərbələri beynəlxalq hüquqda jus ad bellum, yəni “müharibəyə başlama hüququ” kontekstində ciddi mübahisələrə yol açır. Çünki BMT Nizamnaməsinin 2(4)-cü maddəsi dövlətlərə hər hansı güc tətbiqini qadağan edir və yalnız iki istisna hal – BMT Təhlükəsizlik Şurasının sanksiyası və ya 51-ci maddədə nəzərdə tutulan fərdi və ya kollektiv özünümüdafiə – tanınır.
İsrail rəsmiləri əməliyyatı “anticipatory self-defence” – yəni qabaqlayıcı özünümüdafiə kimi təqdim etsələr də, beynəlxalq hüquq mütəxəssisləri bu arqumentin legitimliyini ciddi şəkildə sual altına alırlar.
Y. Xəlilov qeyd etdi ki, tanınmış hüquqşünaslar Yuval Şani və Amixay Kohen “Just Security” platformasında dərc etdikləri təhlildə bu zərbələrin preventiv hücum xarakteri daşıdığını bildirirlər. Bu isə hüquqi baxımdan zəif əsaslara söykənir və beynəlxalq hüququn mövcud normativ çərçivələri ilə ziddiyyət təşkil edir.
İran isə 16 iyun tarixli rəsmi məktubla BMT Təhlükəsizlik Şurasına müraciət edərək, İsrailə qarşı cavab zərbələrinin “proportional self-defence” – yəni mütənasib özünümüdafiə olduğunu bəyan etdi. Maraqlıdır ki, hər iki tərəf eyni hüquqi baza – BMT Nizamnaməsinin 51-ci maddəsinə – istinad etsə də, fərqli faktoloji arqumentlərdən çıxış edir.
Hüquqşünas hesab edir ki, mübahisənin mərkəzində “imminent threat” – yəni qaçılmaz təhlükə anlayışı dayanır. Əsas sual budur: İsrail gerçəkdənmi qaçılmaz bir təhlükənin qarşısını alırdı, yoxsa bu, nüvə proqramının inkişafına qarşı yönəlmiş preventiv bir zərbə idi?
Jus in bello: Müharibə qaydaları və nüvə obyektlərinə zərbələrin hüquqi statusu
Yunis müəllim bildirdi ki, silahlı münaqişələr zamanı hüququn başqa bir mühüm elementi – jus in bello, yəni “müharibənin aparılma qaydaları” tətbiq olunur. Bu normalar döyüş əməliyyatları zamanı mülki şəxslərin və obyektlərin qorunmasını, zərbələrin proporsionallığını və zəruriliyini təmin etməyə yönəlib.
İsrailin zərbələri əsasən Natanz, İsfahan və Fordo kimi strateji nüvə obyektlərinə yönəlib. Bu obyektlər həm hərbi, həm də mülki məqsədli olduqlarından “dualist status” daşıyır və bu baxımdan beynəlxalq hüquqda nisbi legitim hədəf hesab edilə bilər. Lakin hüquqşünasın fikrincə, bu hədəflərə qarşı tədbirlərin həyata keçirilməsi zamanı beynəlxalq humanitar hüququn əsas prinsipləri – zərurilik və proporsionallıq – pozulmamalıdır.
Y. Xəlilov əlavə etdi ki, bu obyektlərə endirilən zərbələr radiasiya sızması riski doğurur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi xəbərdarlıqlar döyüş zonasında mülki şəxslərin və ətraf mühitin qorunması məsələsini yenidən ön plana çıxarır.
Bəs Azərbaycan bu böhran fonunda hansı hüquqi mövqedə dayanır?
Hüquqşünas qeyd etdi ki, ölkəmiz bu münaqişə fonunda balanslı və hüquqa əsaslanan mövqe nümayiş etdirir. Rəsmi Bakı tərəfsiz qalmaqla beynəlxalq hüququn əsas norma və öhdəliklərinə sadiqliyini göstərir.
Yunis müəllim vurğuladı ki, Azərbaycanın həm İsraillə strateji tərəfdaşlıq münasibətləri, həm də İranla sərhəd qonşuluğu bu siyasətin nə qədər həssas və çətin olduğunu göstərir. Xüsusilə də regionun əsas enerji və nəqliyyat xətlərinin ölkəmizdən keçdiyi bir şəraitdə hüquqi və təhlükəsizlik riskləri daha da aktuallaşır.
Münaqişə bölgələrində silahlar susduqdan sonra sülhü təmin edən tək dil beynəlxalq hüquq olur. Yunis Xəlilovun sözlərinə görə, “Dövlətlərin sərhədləri bəzən raketləri dayandıra bilməsə də, düzgün çəkilmiş hüquqi sərhədlər geosiyasi dalğaları yumşalda bilir.”
Hüquqşünas yekun olaraq vurğuladı:
“Qalib gələcək yeganə dil hüquq dili olacaq – bu dili ləkələməyənlər isə sabahkı sülhün memarları kimi tarixə düşəcəklər.”
Azər Mustafayev
15:08 19.06.2025
Oxunuş sayı: 6150