Nazirlik müraciət etdi: Bu çimərliklərdə istirahət etməyin

Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Məlumata əsasən, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib. Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.
May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.
Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.
11:32 19.06.2025
Oxunuş sayı: 718