Həkim sağlam olmalıdır ki, xəstələri sağalda bilsin — AÇIQLAMA

Bu gün — iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
İnsan sağlamlığının qorunması naminə yorulmadan çalışan, gecə-gündüz bilmədən, bayram-istirahət demədən, harada olmasından asılı olmayaraq hər an insanların yardımına tələsən səhiyyə işçiləri dərin hörmətə və minnətdarlığa layiqdirlər. Onların fədakarlığı təkcə peşə borcu deyil, həm də insan sevgisinin və vicdanın təcəssümüdür. Hər bir xəstəyə ümid verən, onların sağalması üçün əlindən gələni edən bu qəhrəmanlar sağlam cəmiyyətin ən mühüm dayaqlarından biridir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən doktor Məlahət Hümmətqızı ilk olaraq tibb işçilərinin peşə bayramını təbrik edib, bütün tibb işçilərinə can sağlığı, çətin və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb:
“Onu qeyd edim ki, bu peşə çox ağır və məsuliyyətli peşədir. Söhbət insan taleyindən gedir. İnsanların sağlamlığının keşiyində gecə-gündüz dayanan fədakar həkimlərimizə əlbəttə ki, alqış və təşəkkür düşür. Biz işdən sonra evə gəlirik, lakin xəstəxanalarda nə qədər xəstə yatır. Onların başı üstündə savadlı, bilikli, qayğıkeş tibb işçilərimiz durur, xəstə insanların qayğısına qalırlar. Təcili yardımda 12 saat fasiləsiz çalışan tibb işçilərimiz var. Onlar gecə və gündüz çağrışlara gedir, insanların sağlamlığının keşiyində dayanırlar. Həkimlərimizin əziyyəti böyükdür. Bu danılmazdır. Biz tibb işçilərinin qayğısına qalmalıyıq. Tez-tez müayinələrdən keçirtmək, istirahətləri üçün şərait yaratmalıyıq. Bunun üçün istirahət yerləri, sanatoriyalar var. Həkim də bir insandır”.
Onun sözlərinə görə, həkim sağlam olmalıdır ki, xəstə insanları sağalda bilsin:
“Səhiyyəmiz günü-gündən inkişaf edir. Ölkəmizə yeni, müasir, rəqəmsal tibbi avadanlıqlar gətirilir. Xəstəxana və poliklinikalar laboratoriya, USM, EKQ, EXO avadanlıqları ilə təchiz olunur. Tibb müəssisələri təmir olunur, həyətyanı sahələr abadlaşdırılır, yeni xəstəxanalar, yeni korpuslar tikilir. Həmçinin, yeni tibbi müayinə metodları araşdırılır, öyrənilir. Tələbələrimiz xarici ölkələrdə Tibb Universitetlərində oxuyub, ixtisaslı həkim kimi geri qayıdırlar. İnsanların sağlamlığı üçün öz bilik və bacarıqlarını əsirgəmirlər”.
Nəzrin Salmanova
19:16 17.06.2025
Oxunuş sayı: 4129