Professor: "Türkdilli dövlətlər onkoloji xəstəliklə birgə mübarizə üçün elmi yollar axtarmalıdır"

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresi çərçivəsində jurnalistlərə açıqlamasında Qazaxıstan Milli Elmi Onkologiya Mərkəzinin İdarə Heyətinin sədri Jantus Burkitbayev deyib ki, Türkdilli dövlətlər onkoloji xəstəliklə birgə mübarizə üçün elmi yollar axtarmalıdır. O qeyd edib ki, hər il Qazaxıstanda 30 min onkoloji xəstə qeydə alınır. J.Burkitbayev bildirib ki, türkdilli dövlətlərin xərçəng xəstəliyi ilə mübarizəsi üçün səhiyyə sahəsində əməkdaşlıq daha da gücləndirilməlidir: "Daha sonra isə bu mübarizənin elmi yolları axtarılmalıdır. Səhiyyə, təhsil və elmi fəaliyyətin bütün istiqamətləri üzrə əməkdaşlıq genişləndirilməlidir. Bunun üçün geniş perspektivlər var".
Qaldırılan təşəbbüs barədə Crossmedia.az-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, onkoloji xəstəliklərlə mübarizə sahəsində assosiasiyaların yaradılması əhəmiyyətli olar: "Bu cür assosiasiyaların yaradılması onkoloji xəstələrin müalicəsi, diaqnostikası, aşkar edilməsi və ümumilikdə bu proseslə mübarizədə vahid strategiyanın formalaşması baxımından olduqca faydalıdır. Qədim, yəni türk təbabətinin nailiyyətləri də daxil olmaqla bütün imkanlardan istifadə edilməlidir. Amma bununla yanaşı, klinik protokollar və beynəlxalq klinik praktika da nəzərə alınmalıdır".
Müsahibimiz vurğulayıb ki, bu baxımdan Türkiyə kifayət qədər təcrübəyə malikdir və Qərb təbabətinin standartlarını mənimsəmiş ölkə kimi önə çıxır: " Azərbaycan onkoloqlarının və ümumilikdə onkologiya sahəsinin Türkiyə ilə uyğunlaşması, vahid strategiyada, vahid platformada birləşməsi, ortaq bir xətt götürməsi çox faydalı olardı.A.Qeybulla qeyd edib ki, bu həm onkoloq mütəxəssislərin klinik protokollarla işləməsi, həm xəstələrin vaxtında aşkar olunması, həm də ümumilikdə bu sahədə vahid yanaşmanın formalaşdırılması baxımından olduqca vacibdir: "Belə nəticələr onkoloji xəstələrin həyat keyfiyyətinin yaxşılaşmasına, ömürlərinin uzanmasına, eləcə də bəzi xəstəliklərin, o cümlədən onkoloji xəstəliklərin inkişafının qarşısının alınmasına və digər məsələlərə də yardımcı olacaq.Onkoloji xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması və ömrünün uzadılması üçün vahid strategiyanın formalaşmasına ehtiyac var. Biz həm qədim türk təbabətinin nariyyətlərindən, həm də beynəlxalq klinik praktikadan yararlanmalıyıq".
Fatimə Nəbiyeva
16:07 13.06.2025
Oxunuş sayı: 966