“Peşə təhsilinin inkişafında Dövlət-özəl tərəfdaşlığının rolu” adlı I regional forum keçirilib







Tovuz Dövlət Peşə Təhsil Mərkəzi və Qazax-Tovuz Regional Məşğulluq Filialının birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tovuz rayon bölməsinin təşkilati dəstəyi ilə “Peşə təhsilinin inkişafında Dövlət-özəl tərəfdaşlığının rolu” adlı I Regional Forum keçirilib.
Crossmedia.az xəbər verir ki, Forum Tovuz rayonunun Nizami adına Mədəniyyət evində baş tutub.
Əvvəlcə girişdə təşkil edilmiş Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin müxtəlif ixtisas qruplarının istehsalat təlimi ustaları və tələbələrinin əl işlərindən, istehsalat nümunələrindən ibarət stendlərə baxış keçirilib. Stenddə nümayiş etdirilən nümunələr sahibkarların ciddi marağına səbəb olub.
Daha sonra konfrans zalında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayan forumda ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd peşə təhsili müəssisələri ilə sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, peşə təhsili məzunlarının əmək bazarına sürətli və uyğun şəkildə inteqrasiyası, sahibkarlıq subyektlərinin kadr ehtiyaclarının təhlili və qarşılanması, dövlətdən asılılığın azaldılması, eləcə də iqtisadiyyatın gücləndirilməsində mühüm rola malik olan özəl sektorun ixtisaslı kadrlarla təminatının artırılmasıdır.
Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Tovuz Gənclər Evi Sosial Xidmət müəssisəsinin nümayəndələri ilə yanaşı region üzrə fəaliyyət göstərən 40-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Forum çərçivəsində tərəflər arasında real əməkdaşlıq imkanları, peşə təhsili üzrə yeni təşəbbüslər, istehsalatın müasir çağırışlara uyğun şəkildə təşkili və insan kapitalının səmərəli formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
19:23 04.06.2025
Oxunuş sayı: 12112