Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb



Azərbaycan Dillər Universiteti (ADU) son illər beynəlxalq əlaqələrini sürətlə genişləndirir. Bu təhsil ocağı Özbəkistanın Cahan Dillər Universitetində xaricdə fəaliyyət göstərən və sayca səkkizinci olan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışını edib.
Bu barədə Crossmedia.az ADU-ya istinadən bildirir. Açılış mərasimində Cahan Dillər Universitetinin tədris məsələləri üzrə prorektoru Muxammedcan Şutpoladov, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin rəhbərliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Tehranağa Abdullayev iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə töhfə verəcək.
Bildirilib ki, Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini yüksək səviyyədə qurmaqda davam edir və növbəti dəfə Özbəkistanda Cahan Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı bu mənada xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə Azərbaycanla Özbəkistan arasında mövcud olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
ADU-nun bir sıra xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin ölkələr arasında elmi, mədəni əlaqələrin qurulması baxımından önəmi diqqətə çatdırılıb. Bildirilib ki, bu mərkəzlərin hər birində Azərbaycan dili tədris olunur, mədəniyyətimiz tanıdılır, eləcə də müasir Azərbaycan həqiqətlərindən bəhs olunur. Mərkəzlərdə Azərbaycan multikulturalizmi təbliğ olunur. Bununla yanaşı, Azərbaycanı sevən, Azərbaycan dilini öyrənmək istəyən xarici ölkələrdə yaşayan gənclərin birgə fəaliyyəti nəticəsində “Azərbaycanın gənc dostları” layihəsi formalaşdırılır. Bu layihənin icrası nəticəsində illər sonra elm, təhsil, mədəniyyət adına bir sıra ciddi nailiyyətlər əldə olunacaq.
Qeyd edək ki, növbəti tədris ilindən Cahan Dillər Universitetində Azərbaycan dili fənni tədris olunacaq. ADU-nun beynəlxalq əlaqələrin qurulmasında qarşısına qoyduğu məqsədlərdən biri də xarici ölkə universitetləri ilə qarşılıqlı tədqiqat sahələrini genişləndirməkdir.
12:02 02.06.2025
Oxunuş sayı: 1295